Gürcüstanda Sandra “küləkləri əsir”

Seçki siyahısına Saakaşvilinin xanımının başçılıq etməsi qələbədən xəbər verir
Gürcüstanda keçiriləcək builki parlament seçkilərində "Vahid Milli Hərəkat” Partiyasının seçki siyahısına bu qurumun lideri, hazırkı Odessa qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rulofs başçılıq edəcək. Bu barədə "Pirveli” telekanalı məlumat yayıb. Mənbəənin iddiasına görə, informasiya hələ rəsmən təsdiqlənməsə də dəqiqliyi şübhə doğurmur.
Seçki siyahısının ilk onluğunda keçmiş birinci xanımdan başqa, parlamentin sabiq sədri David Bakradze, Tbilisinin sabiq meri Nika Meliya, Milli Bankın sabiq sədri Georgi Kadagidze və digər sabiqlərin də adları yer alır.
Majoritar seçkilərdə isə "Vahid Milli Hərəkat”dan Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayanın xanımı, Abxaziya Ali Sovetinin keçmiş sədri Tamaz Nadareişvilinin qızı Anna da iştirak edəcək.
Politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, seçki blokuna Saakaşvili başçılıq etsəydi, bu tam qələbənin təminatı demək olardı: "Onun xanımı da bir növ sabiq prezidentin təmsilçisi kimi çıxış edir. Bloka başqa adam başçılıq etsəydi, bəlkə də yaxşı nəticələr əldə etmək çətin olardı. Amma indi inanıram ki, gürcü xalqı bu bloka etimad göstərəcək. Çünki hazırda iqtidarda olan "Gürcü Arzusu” bloku ilə bağlı cəmiyyətdə böyük bir üzüntü və nigarançılıq hökm sürür. Onlar seçkiöncəsi verdiyi vədlərin heç birini yerinə yetirmədi. Əksinə, bəzi sahələrdə vəziyyəti daha da pisləşdirdilər. Bundan başqa, "Gürcü Arzusu” blokunun başçısı Bidzina İvanaşvili çox qəribə siyasi manevr etdi. Kölgəyə çəkilərək boz kardinal rolunda ölkəni idarə etməyə başladı və faktiki olaraq Prezident Aparatını və Nazirlər Kabinetini özünün siyasi iradəsinin ifadəçisinə çevirib. Hamı bilir ki, B.İvanaşvilinin "hə” demədiyi məsələlər həllini tapmır”.
Ekspert diqqətə çatdırıb ki, gürcü xalqı siyasi mədəniyyəti və şüuru olan xalqdır: "Onlar "Gürcü Arzusu”na olan inamlarını tam itiriblər. Üstəlik Saakaşvilinin xanımı onu təmsil edir.Seçkiqabağı təbliğatda sosial bazanı inandıra bilsələr, Saakaşvilinin bloku qələbə qazana bilər. Bu da şübhəsiz ki, sabiq liderin Gürcüstana qapılarını açır. Yəqin ki onlar seçkiqabağı təbliğatda bu tesizdən istifadə edəcəklər. Gürcüstanın problemləri çoxdur, vəziyyəti ağırdır. Gürcü xalqı başa düşür ki, ancaq Saakaşvilinin mövcudluğu şəraitində öz problemlərini həll edə bilərlər. Seçkilərdə saxtakarlıq halları qeydə alınmasa, "Milli Hərəkat” bloku qalib gələcək. Çünki Saakaşvilini yalnız gürcülər deyil, oradakı azərbaycanlılar və digər xalqlar da dəstəkləyir. Hər halda nəticələri gözləmək lazımdır”.
Ayyət Əhməd