“Gürcüstanın indiki hakimiyyəti "qanuni oğrularla" yumşaq davranıb”




"Gürcüstanın hazırkı hakimiyyəti əvvəllər qanuni oğrulara qarşı bir qədər yumşaq davranıb”.

Bunu Sherg.az-a Gürcüstan Daxili İşlər Nazirliyinin "qanuni oğrular”a qarşı ölkə qanunvericiliyinin sərtləşdirilməsi təklifinə münasibət bildirərkən kriminalist İlqar Altay deyib. 

Onun sözlərinə görə, lakin indi qanunları sərtləşdirilir və bu, rəsmi Tbilisi üçün heç bir problem olmayacaq:

"Elə hesab edirəm ki, artıq görüləcək tədbirlərin mexanizmi və istiqaməti məlumdur. Həmin ölkədə adi "qanuni oğru” adını üzərinə götürən şəxsə həbs verirdilər. Gürcüstan hələ keçmiş prezident Mixail Saakaşvili dövründə "qanuni oğrular”la mübarizəni elan edib. Hazırda da bu ölkədə "qanuni oğrularla" mübarizə aparmaq çətin olmayacaq”.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi "qanuni oğrular”a qarşı ölkə qanunvericiliyinin sərtləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Qərar cinayətlə mübarizə üzrə idarələrarası koordinasiya şurasının növbəti iclasında qəbul edilib. Daxili İşlər Nazirliyi yaxın gələcəkdə müvafiq qanunverici paketi hökumətə təqdim edəcək.

Xatırladaq ki, ölkədə hazırda qüvvədə olan qanunvericilik "oğru cəmiyyəti”nə üzvlüyə görə 5 ildən 10 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutur.

Ayyət Əhməd