Mehman Sadıqov: “Əgər məhkum hansısa xəstəliyə düçar olubsa, mütləq müalicə olunur”
Keçmiş polkovnik, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətləri
törətmiş dəstənin başçısı Hacı Məmmədovun harada olduğu bilinmir. Onun son günlərə qədər
saxlanıldığı yer Penitensiar Xidmətin əsasən vərəm xəstəliyinə yoluxmuş məhbuslar üçün
nəzərdə tutulan 3 saylı cəzaçəkmə müəssisəsi ("tubzon”) idi. H.Məmmədovun "tubzon”a 11
ildən çox saxlanıldığı indiki Dövlət Təhlükəsizlik Xidmətinin (keçmiş MTN) istintaq
təcridxanasından köçürülüb.
Məlumdur ki, ötən 11 il ərzində beynəlxalq təşkilatlar, yerli hüquq müdafiəçiləri, vəkillər
H.Məmmədovun MTN təcridxanasında saxlanılmasının qanunazidd olduğunu bəyan edib onun
ömürlük həbsə məhkum olunmuş şəxs kimi Qobustan həbsxanasına köçürülməsini tələb ediblər.
Eldar Mahmudov isə nazir olduğu illər ərzində H.Məmmədovun MTN təcridxanasından
köçürülməsinə imkan vermirdi.
Ötən ilin oktyabrında MTN-də başlanan təmizləmələr, Eldar Mahmudovun postunu itirməsi
H.Məmmədovun, nəhayət ki, MTN-dən köçürülməsini mümkün etdi. H.Məmmədov vəkili
vasitəsi ilə bəyan etdi ki, 11 il ərzində E.Mahmudovun təzyiqi altında saxlanılıb, bir sıra
şəxslərin əleyhinə yalan ifadələr verməyə məcbur edilib. O, Ali Məhkəməyə müraciət edərək işi
üzrə yeni araşdırmaların aparılmasını tələb edirdi. Ali Məhkəmə onun bu istəyinə "yox” dedi.
Hacı Məmmədovu MTN təcridxanasından çıxardılar, amma onun Qobustan qapalı həbsxanasına
köçürülməsi yenə də baş tutmadı. Hacı Məmmədovu "tubzon”a köçürdülər. Həbsdə olduğu illər
ərzində Hacı Məmmədovun yaxınları onun ən müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini
bildirmişdilər. Amma bu xəstəliklər sırasında vərəm xəstəliyi yox idi. Bu baxımdanH.Məmmədov "tubzon”a köçürülərkən əsaslı şübhələr yaranmışdı. Vərəm olmayan bir məhkumu
həmin müəssisəyə köçürmək kimə və niyə lazımdır?
Məsələyə münasibətini bildirən Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Mehman Sadıqov xəbərin nə dərəcədə düzgün olduğunu söyləmədi. Onun sözlərinə görə,
məhkum haqqında müəyyən açıqlamalar vermək mümkün deyil və bütün bunlar qanunla
tənzimlənir:
"Təqsirləndirilən şəxsin hansı cəzaçəkmə müəssisəsində saxlanması, onun yeri
haqqında informasiyalar qanunla qorunur. Mən və digər məsul şəxslər, H.Məmmədovun harada
olmasını açıqlaya bilmərik. Əgər məhkum hansısa xəstəliyə düçar olubsa, mütləq müalicə
olunur. Bizdə də çox gözəl şəkildə geniş müalicə imkanlarına malik müəssisələr fəaliyyət
göstərir. Hər halda bütün rejimdə cəza çəkən məhkumlar orada tam müalicə kursu keçirlər”.
Yeganə Bayramova