Hadı Rəcəblinin ideyası narazılıq yaratdı

5 qoyun saxlayan sahibkar ət, yun, yoxsa dəri satacaq?!“Ölkədə heyvandarlıqla, xüsusən də qoyunçuluqla məşğul olan fermerlərin ciddi problemləri var”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin əhaliyə ünvanlı sosial yardımların əvəzində qoyun verilməsi ilə bağlı təklifi sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. İstifadəçilər millət vəkilinin təklifi ilə bağlı tənqidi fikirlər səsləndiriblər.
Ünvanlı sosial yardımların əhalidə ələbaxımlılıq yaratdığını hesab edən millət vəkili bunun qarşısını almaq üçün ünvanlı dövlət sosial yardımının verilməsində yeni yanaşmanın tətbiqini vacib hesab edir. Onun sözlərinə görə, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmaq istəyir: "Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu, 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində biri erkək olmaq şərtilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür”.
Bəs, ekspertlər nə düşünür? Sözügedən təklif nə dərəcədə effektivdir?
Kənd təsərrüfatı üzrə ekspert, iqtisadçı Vahid Məhərrəmovun sözlərinə görə, millət vəkilləri hər hansı bir təklifi irəli sürməzdən əvvəl onu əsaslandırmalıdırlar: "İstənilən təklifin bazasında hesablama olmalıdır. Yaxşı olar ki, həmin millət vəkili ünvanlı sosial yardımı pul əvəzinə qoyunla alan kəndlinin necə dolanacağı ilə bağlı suallara da aydınlıq gətirsin. 5 qoyun saxlayan sahibkar ət, yun, yoxsa dəri satacaq?! Bəlkə, 5 qoyundan əldə etdiyi südün hesabına öz ehtiyaclarını qarşılayacaq?! Axı, vətəndaşlara 5 qoyun verilsin, sakitləşdirilsin deməklə iş bitmir. Əgər kəndlilərin istehsalla məşğul olmasını həqiqətən də istəyirlərsə, zəhmət çəkib bazarlarda onların istehsal etdiyi məhsullara tələb problemini həll etsinlər. Ölkədə heyvandarlıqla, xüsusən də qoyunçuluqla məşğul olan fermerlərin ciddi problemləri var. Onlar istehsal etdiyi məhsul baha başa gəldiyi üçün öz mallarını böyük şəhərlərə çıxarıb, kəsimi həyata keçirdərək gəlir əldə edə bilmirlər. Fermerlər il ərzində bəslədikləri heyvanı Qurban bayramı ərəfəsində paytaxta gətirib, satmağa çalışırlar”. Ekspertin sözlərinə görə, onlara daxil olan müraciətlərin böyük əksəriyyəti də yun və dərilərə tələbin olmaması ilə bağlıdır: "Azərbaycanda yun emalı müəssisəsi yoxdur deyə kəndlilərin istehsal etdiyi yun tələb edilmir. Dəri əllərində qalıb, çürüyüb gedir. Qəbul edən də 20 qəpik qiymət təklif edir, üstəlik də həmin dərinin üstündə yun olmalıdır”.
V.Məhərrəmov hesab edir ki, millət vəkili statusuna sahib biri, təkliflə yanaşı, onun təminatını da verməlidir: "Kəndlilər bu gün qoyunçuluqla məşğul olub, gəlir əldə etməyin real olduğuna inansalar, kimlərinsə təklifinə ehtiyac görmədən bu addımı atarlar. İstənilən adamın qohum-qonşusunda imkanlı şəxs olur və onların heç də hamısı xəsis olmur. Ünvanlı sosial yardıma bənd olmadan həmin qohumundan borc alıb, qoyun saxlayar. Çox təəssüflər olsun ki, son vaxtlar bizim bəzi deputatlar ağıllarına gələni danışırlar. Danışmaq xatirinə danışmağın isə vətəndaşların əsəbləri ilə oynamaqdan başqa heç bir işə yararı olmur. Nə olsun, Banqladeşdə belə bir təcrübə var. Ona qalsa, İranda da adamları asırlar. Belə çıxır ki, Azərbaycan məhkəmələri də bu təcrübədən yararlanıb, şübhəli şəxs haqqında dar ağacından edam qərarı çıxarmalıdır? Millət vəkili bu təklifi verərkən Azərbaycanla eyni iqlimi, prosesləri, durumu yaşamayan ölkələri nümunə olaraq götürüb. Bu, bizim siyasətlə uyğun gəlmir. Azərbaycanda otlaq sahələri demək olar ki, yoxdu. Məgər, millət vəkili bunu bilmir? Əks halda, qoyunçuluqla məşğul olan fermerlər heyvanların baş sayını azaltmaq haqqında düşünməzdilər. Amma ölkədə örüş sahələri olmadığı üçün buna məcburdurlar”.
Bizim inkişaf etmiş dünya ölkələrinin təcrübələrindən yararlanmağımızın vacib olduğunu vurğulayan ekspert deyib ki, onlar baş verə biləcək bütün problemlərin qarşısını alacaq tədbirləri bəri başdan düşünüb, hazırlayıblar: "Niyə Banqladeş bizim üçün nümunə olmalıdır ki? Bəlkə elə ölkəni də Banqladeş qanunları ilə idarə edək?! Əslində, burada təəccüblü bir şey yoxdur. Hər bir insan özünün düşüncə səviyyəsinə uyğun gördüklərindən nəticə çıxarır. Əgər bizim məmurların dünyagörüşü Avropa standartlarına yaxın olsaydı, o zaman bizə məhz qərb ölkələrinin təcrübəsindən yararlanmağı tövsiyə edərdilər”.
Şəymən