Akif Nağı: “Heç bir qorxu hissi yoxdur, hər kəsin gözlərində sevinc var”
Azərbaycanla Ermənistan arasındakı təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı aprelin 2-də cəbhə bölgəsinə yollanan Qarabağ Azadlıq Təşklatının sədri (QAT) Akif Nağı müşahidələrini "sherg.az”la bölüşüb: "Azərbaycan torpaqları işğal olunandan üzü bu yana Qarabağ Azadlıq Təşkilatı müharibə tələbi ilə çıxış edib. Dəfələrlə bəyan etmişik ki, bu münaqişənin hərbdən başqa yolu yoxdur. Cəbhə xəttində döyüşlər başlayandan etibarən təşkilat olaraq Ali baş komandana və müdafiə nazirinə müraciət ünvanlayaraq, ordunun bütün ehtiyacları uğurunda səfərbər olduğumuzu bəyan etdik. Eyni zamanda, zamanı hədər vermədən ön cəbhəyə doğru yol alıb, yerli camaatla, hərbiçilərimizlə görüşdük. Bu səfərdə məqsədimiz daim ordumuzun və xalqımızın yanında olmaq, onların ağrı- acısını canımızda hiss etmək, ruh yüksəkliyi aşılamaq idi. Bilirik ki, təmas xəttində, atəş altında yaşamaq o qədər də asan məsələ deyil”.
Goranboyun Ağcakənd, Talış istiqamətindən Tərtərin Qaradağlı, Qapanlı kəndlərindən tutmuş Ağdamın cəbhəboyu kəndlərinin hər birinə baş çəkərək insanlarla sıx ünsiyyətdə olduq. İmkan daxilində hərbiçilərimizlə görüşüb, onlara öz dəstəyimizi təklif etdik: "Əsas müşahidəm ondan ibarətdir ki, döyüş bölgəsində əhval- ruhiyyə həddindən artıq yüksəkdir. Heç bir qorxu hissi yoxdur, hər kəsin gözlərində sevinc var. Hamı bir-birini təbrik edir. Ordumuzun əldə etdiyi uğurlar doğrudan da təqdirə layiqdir. Bu qələbənin göstəricisi kilometrlərlə ölçülmür. Bizim uğurumuz təkcə bir neçə kənd və ya yüksəkliyin azad olunmasında deyil. Əsas nailiyyətimiz ilkin müdafiə xəttinin darmadağın edilməsidir. Talış, Gülüstan kəndlərindən tutmuş Füzulinin Lələtəpə yüksəkliyinə qədər ermənilərin müdafiə xətti darmadağın edilib. Ermənilər vaxtı ilə bu yüksəkliklərin ələ keçirilməsi ilə çox öyünürdülər. Hansı ki, ordumuz onların sevincini gözündə qoyaraq, həmin istehkamları dağıdıb”.
" Kənd sakinlərinin iradəsinə, mərdliyinə məəttəl qaldım. Top atəşi, mərmilərə rəğmən onlar heç nə yoxmuş kimi öz işlərində idi. Tərtərin Qapanlı kəndi ərazisində olarkən qəfildən düşmən ordusu toplardan atəş açmağa başladı və biz dərhal hamımız üzüqoylu yerə sərildik. Mərmilərdən biri bizim lap yaxınlığımızda partladığı üçün QAT İdarə Heyətinin üzvü Tahir Bayramov başından qəlpə yarası aldı. Bu təhdidlərə baxmayaraq, insanlar bulunduqları ərazidən bir addım belə atmadılar ki, ölsək də öz torpaqlarımızda öləcəyik”.
Yaralanan Tahir Bayramova ilkin tibbi yardımı özlərinin göstərdiyini vurğulayan A. Nağı deyib ki, xəsarət ciddi olmadığından həkimlər yaralıya yardım göstəriləndən sonra onun Bakıya qayıtmasına razılıq veriblər: "Tahirin özü də Qarabağ döyüşlərində fəal iştirak edib. O həyatı boyu, ölümün gözünə dik baxan biri olub. Hazırda da vəziyyəti yaxşıdır. Sadəcə yarası ilə əlaqədar baş ağrıları var”
Şəymən