“Hamının görmək istədiyi seriallara doğru gedirik”

Elşən Rüstəmov: “O qadın həmin anda məni yatağa çəkməsəydi, dəli ola bilərdim”



Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Elşən Rüstəmov "Şərq”in budəfəki qonağı oldu. Kifayət qədər fanatı olan, xüsusilə xanımlar tərəfindən sevilən aktyoru bir az yaxından tanımaq istədik. Aktyorun həyata baxışı, teatrla bağlı düşüncələri yəqin ki, siz oxucuların da marağında olar.

- Bu gün tələbatlı aktyorlar sırasında sizin də adınız çox hallanır. Sizcə, səbəb nədi?

-(Gülərək) doğrudan? Bunun eşitmək, nə yalan deyim, xoşdu. Əgər tələbatlı aktyor sayılıramsa, demək ki, az da olsa əməyimin dəyəri olub. Səbəbini necə izah edim bilmirəm. Bildiyim bir həqiqət var. İnsan peşəsini sevməli, vicdanla çalışmalıdı. Mənə elə gəlir ki, vicdanla işini görəndə istənilən sahədə uğur əldə etmək olur.

- Deyirlər teatra maraq qalmayıb. Bununla razılaşa bilirsiz?

- Teatra, tamaşalara maraq həmişə var. Sadəcə tamaşaçını maraqlandırmaq lazımdı. Tamaşaçını maraqlandırmaq üçün də təbii ki, keyfiyyətli əsərlər, pyeslər, tamaşalar olmalıdı. Teatr elə bir məkandı ki, ona maraq ölə bilməz. Bu mümkün deyil.

- İndi seriallar daha çox dəbə düşüb. Düzdü, yerli seriallarımıza hələ də böyük maraq yoxdu. Bizimkilər türk seriallarına daha çox maraq göstərirlər. Amma çəkilənlər arasında yaxşıları da var. Elə siz də yerli seriallarda çox çəkilən aktyorlardansız.

- Məsələ burasındadı ki, seriallar yavaş-yavaş çoxalır. 5-6 il əvvəl seriallar indikilərlə müqayisədə daha zəif idi. Ümid edirəm ki, sizin də görmək istədiyiniz, bizim də göstərmək istədiyimiz seriallara doğru gedirik.

- Deyirsiz ki, yerli seriallara zamanla maraq çoxalacaq? Yəni bu gün seriallarda olan qüsurlar zamanla həllini tapacaq?

- Tapacaq. Bu bir mərhələdi, bu mərhələ keçilməlidi. Dünənki seriallarla bugünkü arasında fərq varsa, deməli, 5 il sonra daha keyfiyyətli ekran işlərini görə bilərik. Ən azı mən buna inanıram.

- Yerli seriallar barədə danışılanda daha çox aktyor oyununun zəifliyini qabardırlar. Nədənsə, seriallardakı zəifliyi daha çox aktyorların ünvanına yükləməyi sevirlər. Sizcə, keyfiyyətli serialın təqdimatı üçün təkcə aktyor oyunu vacib tərəflərdən sayılır?

- Məncə, buna kompleks halda yanaşmaq lazımdı. Fikrimcə, serialın mayası ssenaridi. Seenari zəifdisə, artıq orda keyfiyyət sual altında olar. Hətta ən güclü aktyor oyunu olsa belə. Ssenaridən sonra serialda peşəkar rəssam olmalıdı. O, serialın ən xırda detallarını düzgün və yerində təqdim etməlidir. Ümumiyyətlə, serialda rəssam işi ən başlıca amillərdən biri sayılır. Təəssüf ki, bizdə bu məsələyə o qədər ciddi önəm verilmir bəzən. Bəzən elə düşünürlər ki, rəssam nəyə lazımdı ki? Amma rəssamın çox böyük rolu var. Serial bir sənayedi. Burda hər iş mükəmməl olmalı, düzgün qurulmalıdı ki, keyfiyyət görünsün. Seriala kompleks yanaşmaq lazımdı. Burda aktyor oyunu ilə yanaşı, rejissor işi, operator peşəkarlığı da vacibdi.

- Deyirlər "kapriz”li aktyorsuz? Doğrudanmı belədi?

- Deyirlər ki, "kapriz”li aktyoram? Mən deyərdim ki, dünyanın ən "kapriz”siz aktyoru mənəm (gülür). Bilmirəm niyə belə deyilir. Amma "kapriz”li olduğumu düşünmürəm.

- Bəlkə məsuliyyətlə "kapriz”i səhv salanlar var...

- İşimdə məsuliyyəti sevən aktyoram, bəli. İşə ciddi münasibət bəsləmək məşqlərə vaxtında gəlmək, çəkiliş meydançasına gecikməmək kimi amillər "kapriz” görünürsə, bəlkə kimlərçünsə bu fikri formalaşdırmışam. İşə məsuliyyətlə yanaşan aktyoram. İşdə məsuliyyət olmasa, keyfiyyət gözləməyə dəyməz. Peşəkarlıq həm də burdan başlayır. Teatrda da, serialda da bu vacibdi.

- Dəvət gələndə ilk əvvəl nəyə önəm verirsiz, yəni gələn təklifdə obrazın baş rol olub-olmaması qərarınıza təsir edə bilirmi?

- Təbii ki. Hamı arzulayır baş rol oynasın, baş rolda çəkilsin. Hər halda çəkildiyim serialların demək olar ki, hamısında əsas rolları oynamışam. Ona görə də ikinci dərəcəli rol sindromunu yaşamamışam. Amma düşünürəm ki, ikinci dərəcəli rolu oynamaq faciə deyil.

- Bəlkə ikinci dərəcəli rollar bəxtinizə düşməyib deyə belə rahat qarşılaya bilirsiz.

- Yenə qeyd edirəm, demək olar ki, çox zaman baş rollara dəvət almışam. Amma mənə elə gəlir ki, professional aktyor üçün ikinci dərəcəli rol da eyni mahiyyəti daşıyır. Sən ikinci dərəcəli rol vasitəsilə də sözünü deyə bilərsən. İkinci dərəcəli rola görə "Oskar” alan aktyorlar var. Dünyada belə misalları göstərmək üçün çox aktyorun adını çəkmək olar. Aktyor bunu faciə etməməlidir.

- Amma hamı baş rol arzulayır.

- Təbii ki, hər kəs istəyir ki, baş rolu oynasın, daha çox diqqət mərkəzində olsun. Amma uğursuz baş roldansa, uğurlu ikinci dərəcəli obrazı oynamaq daha düzgün olar. Aktyor gücü yetən, potensialı ona imkan verən obrazı oynamağa razı olmalıdı. Mən bilirəm gücüm nəyə çatar. Əgər bu obrazı oynamağa potensialım yoxdusa, özümü niyə biabır edim ki?

- Aktyorun kompleksi oyununa təsir edə bilirmi? Deyək ki, obraz sizdən bir az daha açıq, erotik səhnə tələb edirsə, bunu oynamaq üçün kompleksləriniz varmı? Razı olarsız, ya mental dəyərlər sizin qarşınızı kəsə bilər?

- Əslində, məndə belə açıq səhnələr olub.

- Gənc yaşlarınızda deyəsən çəkilmisiz. Bəs niyə sonralar ehtiyat etdiniz?

- Bəli, çəkilmişəm. Xırda ştrixlərlə belə bir obraz, səhnə çəkilib. Bu, böyük hadisə deyil. Bir var nəyinsə xatirinə belə bir səhnəyə çəkilirsən, bir də var ssenari bunu tələb edir. Bəlkə də o səhnədə olan öpüş sonrakı hadisələrə bilavasitə təsir edəcək. Əgər bu öpüş, yataq səhnəsi olmasaydı, sonrakı hadisələr də olmazdı. Onda çəkilmək olar. Ona görə filmdə bu vacibdisə, demək öpüşmək lazımdı. Mənim təcrübəmdə olub ki, 1992-ci ildə Şamil Əliyevin "Etiraf” filmi, rejissor Cəmil Quliyev idi. Orda mən düşdüyüm vəziyyətdən şoka düşürəm, hətta dəli olmaq dərəcəsinə çatıram. Qarşımdakı qadın görür ki, mən dəli olmaq həddinə çatıram, o məni sakitləşdirmək, hisslərimi soyutmaq üçün yatağa aparır. Burda məqsəd yataq səhnəsini göstərmək deyil, insanın psixoloji məqamlara düşərkən çıxış yolunu təqdim etməkdi. Filmdə o qadın həmin anda məni yatağa çəkməsəydi, mən dəli ola bilərdim, mən qatil ola bilərdim, ölə bilərdim.

- İstər teatrda, istərsə də filmlərdə yataq səhnələrinin təqdimatını görmək olur. İngilis teatrı illər əvvəl Bakıda oldu, onlar bu səhnəni təqdim etdilər. Səhnədə, kamera qarşısında yataq səhnəsini ştrixlərlə göstərmək olar, qadın kişi arasında olan ehtirası təqdim etmək sənət baxımından mümkündü. Sadəcə bizdə bu qəbul edilmir.

- İstər teatrda, istərsə də filmdə yataq səhnəsi ola bilər. Sənətçi orda obraz yaradır. O öz həyatını yaşamır. O anda obrazın tələb etdiyini göstərməyə çalışır.

- Film, teatr real həyatı göstərməyə çalışırsa, real həyatda yataq da var, sevgi də, ehtiras da. Sadəcə bunu estetik şəkildə vermək bacarığından söhbət gedir. Rejissor, aktyor bu ştrixləri nə qədər estetik tamaşaçıya təqdim edə bilir.

- O qədər maraqlı və əslində incə nüansa toxundunuz ki, bəlkə də biz aktyorların ən narahat tərəfidi - səhnədə bunu edək, ya yox. Bəli, məsələ o səhnəni tamaşaçıya nə qədər estetik təqdim etmək imkanlarından söhbət gedir. Əgər sən bu səhnəni estetik tərzdə tamaşaçıya təqdim edə bilmirsənsə, bunu göstərmək lazım deyil. Yox əgər sən tamaşaçıya həyatın vazkeçilməz məqamlarından biri olan ehtirası estetik şəkildə təqdim edə bilirsənsə, tamaşaçı bundan zövq alacaq, tamaşaçı bunu düzgün qəbul edəcək. Sən qınaq obyekti olmayacaqsan.

- Yəni düzgün təqdim olunmayanda erotika görünə bilir?

- Əslində erotikadan daha çirkin görünür.

- Yəni çirkin bir səhnə?

- Bəli, onda səhnə də, ekrandakı kadr da çox çirkin görünür.

- Əgər burda yaradıcılıq təxəyyülü düzgün qurulsa, tamaşaçı düzgün qəbul edə bilir.

- Bəli, estetik təqdimatı bacarırsansa, tamaşaçı səni qəbul edə bilir. Aktyorun da bacarığından çox şey asılıdır, rejissor da burda hər xırdalığı düzgün biçə bilirsə, ştrixlər yerində verilirsə, tamaşaçı buna sənət əsəri olaraq baxa bilir.

- Sizin üçün istər səhnədə, istər kamera qarşısında olanda tərəf müqabili nə deməkdi. Aktyorun ifasına tərəf müqabili nə qədər təsir edə bilir?

- Tərəf müqabili aktyor üçün elə sözün özü qədər, yükü qədər əhəmiyyətlidir. Tərəf müqabili, tərfkeçin. Rol səhnədə, kamera qarşısında hörülməlidir. Aktyor bu hörgünü həm özü üçün hörür, həm də tərəf müqabili üçün. Aktyor tək deyil. Mono oynamır. Deməli, iki aktyor arasında münasibət yaranır. Əgər hörgü düzgün olarsa, hər iki aktyor bu hörgünü hiss edir. Yox birtərəfli hörülürsə, boşluq yaranır.

- Tamaşaçı da bu boşluğu hiss edir?

- Təbii, o boşluq tamaşaçıya yansıyır. Amma tərəf müqabilləri biri-birini başa düşəndə güclü sənət tablosu sərgilənir. Bu tamaşaçıya təsir edir, tamaşaçı bundan zövq alır.

- Şəxsi həyatda soyuq münasibətdə olan aktyorla tərəf müqabili olmaq aktyor ifasına təsirini göstərə bilirmi? Şəxsi münasibətlər bu halda səhnəyə yansıya bilirmi?

- Mənə elə gəlir ki, bu aktyorun ifasına mütləq təsirini göstərə bilir. Nə qədər peşəkar olsan da, gərginlik hansısa məqamda özünü hiss etdirəcək. Mənim təcrübəmdə bu kimi hallar olmasa da, düşünürəm ki, olsa bu ifaya mütləq təsir edərdi. Nə qədər professional olsan da, aktyor üçün bu çətin olardı. Hər halda mənim üçün çətin olardı. Biri ilə münasibət gərgindisə, o hiss olunardı. Çünki sən tərəf müqabilinlə rol ətrafında fikir mübadiləsi aparırsan, tamaşaya qədər müzakirə aparmaq imkanın olur.
- Nəyə görə bu sualı ünvanladım. Son illər teatrlarda aktyorlar arasında gərginliklər çox yaşandı. Bunlar yaradıcı mühitə təsirsiz ötüşmür.

- Təbii ki, teatrda aktyorlar arasında gərginlik, soyuqluq yaradır. Qalmaqal varsa iş dayanır, aktyorun enerjisi başqa səmtə yönəlir. Teatrda gərginlik yaşanır. İmkan qədər teatr daxilində yaşananar teatrda qalsın. Tamaşaçı bu qalmaqallardan xəbərdar olanda teatra maraq soyuyur. Onsuz da bizdə tamaşaçı bolluğu yoxdu. Bir az da itirəndə çətin olur.

- Əvvəllər daha çox teatra gedənlər azalıb. Sosial şəbəkələrin varlığı buna təsir edibmi?

- Bunların da təsiri ola bilər. Amma teatr canlı ünsiyyətdi. Deyirlər ki, teatr gələcəkdə süquta 
uğrayacaq. Mən qətiyyən razı deyiləm.əksinə, insanlar sosial həyatdan, internetdən yavaş-yavaş bezəcəklər. Onda canlı ünsiyyətə maraq, ehtiyac yaranacaq. Teatrın qayıdış dövrü ola bilər. Biz ximikat yeməklər yeyirik. Sonra təbii, orqanik məhsullara tələbat yaranır. Tutaq ki, əvvəllər mağazadan yumurta alıb, sosiska ilə yeməyə maraqlı olanlar çox idisə, indi kənd yumurtasına tələbat yaranıb. İnsan təbii yemək istəyir. Teatr da təbii, canlı bir məkandı. Sən aktyorla canlı təmasda olursan. Əslində sən səhnədə olanların canlı şahidinə çevrilirsən.

- Teatr aktyoru olmaq çətindi, ya kino aktyoru?

- Hər ikisinin çətinliyi var. Sadəcə, səhnədə aktyor qüsura yol verə bilməz. Amma filmdə bir kadrı bir neçə dublyaj çəkmək olur. Amma istənilən halda hər ikisi aktyordan zəhmət, peşəkarlıq tələb edir. Teatr canlı olduğu üçün isə daha fərqlidi.

Tahirə Məmmədqızı