İndi də Paşinyanın polisi etirazçılara divan tutur
"Ermənistanda son aylarda baş verən siyasi böhran və hakimiyyətdaxili gərginlik problemlər içərisində məhv olan erməni xalqının etirazına səbəb olur”.
Bunu "Şərq”ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Düşmən ölkədəki dözülməz vəziyyəti dəyərləndirən ekspertin sözlərinə görə, uzun müddətdir baş nazir postu uğrunda gedən siyasi rəqabətə, bunun fonunda baş verən həbslərə, təqiblərə və hakimiyyətdaxili çəkişmələrə başı qarışan hökumət nümayəndələri faktiki olaraq ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı hansısa müsbət dəyişikliklərə nail ola bilməyiblər:
"Mitinqlərdə etdiyi populist çıxışların hesabına baş nazir postuna qədər gələn Nikol Paşinyan hökuməti xalqın sosial vəziyyətinin düzələcəyi ilə bağlı verdiyi boş vədlərin heç birini doğrulda bilmədi. Nümayişlər yolu ilə hakimiyyətə gələn Paşinyan ölkəni səfalətdən qurtarmaq üçün konkret həll yolları axtarmaq əvəzinə, xalqın problemlərini hələ də küçələrdə həll etməyə çalışır. Ermənistan hökuməti islahatlar aparmaq yerinə küçələrdə boş vədlərlə səfalət içində yaşayan xalqın səbir kasasını daşırır. Məhz buna görədir ki, vaxtaşırı Ermənistanın müxtəlif bölgələrində, o cümlədən İrəvanda müxtəlif motivli nümayişlər keçirilir.
Aclıq və səfalətdən təngə gəlmiş erməni xalqı müxtəlif tələblərlə Paşinyan hökumətini verdiyi vədləri həyata keçirməyə çağırır. Polis qarşıdurması ilə müşayiət olunan nümayişlərdə səslənən şüarlarda Ermənistanda sosial-iqtisadi baxımdan vəziyyətin çox gərgin olduğu görünür.
"Armeniasputnik” saytında yer alan məlumata görə, 2016-cı ildə baş vermiş "aprel müharibəsi”nin onlarla iştirakçısı İrəvanın mərkəzində Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib. Nümayişçilər mövcud hakimiyyətə etiraz əlaməti olaraq Respublika meydanı ilə kəsişən küçələrdən birini blokadaya almağa çalışıblar. Amma polislərin kəskin müqaviməti ilə qarşılaşıblar”.
E.Aşırlının sözlərinə görə, etirazçılar səsgücləndirici vasitəsilə "aprel müharibəsi”ndə iştirak haqqında onların hərbi biletlərinə qeyd əlavə olunmasını, həmçinin əlverişli şərtlərlə lazımi tibbi yardımla təmin edilmələrini və təhsil haqlarının azaldılmasını tələb ediblər:
"İşğalçı ordunun daha bir əsgəri Manuk Manukyan "Armeniasputnik”ə bildirib ki, onun dostlarından biri döyüşlərdə yaralanıb. Hələ indiyədək qəlpələri çıxarılmayıb, hətta aldığı təqaüd də azaldılıb. Əsgər Ermənistan hökumətini verdiyi vədləri yerinə yetirməyə çağırıb və baş nazir vəzifəsini icra edən Paşinyanın nümayişçilərlə görüşməsini tələb edib. Bu faktlar bir daha sübut edir ki, Ermənistan təkcə daxili və xarici siyasət kursunda deyil, ölkədəki fəaliyyətin bütün sahələrində tam bir uğursuzluq və iflas hökm sürür. Ermənistan hökumətinin təcavüzkarlıq siyasətini davam etdirdiyi müddətcə də bu uğursuzluqlardan xilas olması mümkünsüzdür”.
İsmayıl