"Həccə gedənlərin sayı kəskin azalacaq" - Əlavə ödənişə görə




"İkinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarlara əlavə ödənişlər tətbiq edilməsi Səudiyyə Ərəbistanın özü üçün yaxşı nəticə verməz”.

Bunu Sherg.az-a Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarların əlavə ödənişlər ödəməsi məsələsinə münasibət bildirərkən ilahiyyatçı Atif İsmayılov deyib. 

Onun sözlərinə görə, başqa ölkələrdə Həcc ziyarətinə getmək püşk vasitəsilə aparılsa da, Azərbaycanda bu qaydalara riayət olunmadan, kimin pulu varsa, o həccə göndərilir:

"Belə ki, digər müsəlman ölkələrində adları təqdim edilən şəxslər püşkatma vasitəsilə seçilir və həcc ziyarətinə göndərilir. Bu qayda bizdə tətbiq edilmədiyinə görə ölkəmiz üçün qanun qəbul olunduqda Həccə gedənlərin sayı kəskin azalacaq. Xarici müsəlman ölkələrində bu qərar elə də böyük təsirli olmayacaq. Amma Azərbaycanın daxilində bilirik ki, ziyarətlərin əksəriyyətini dəfələrlə həcc ziyarətinə gedənlər təşkil edir. Buna görə, düşünürəm ki, Azərbaycanda kasıb olan şəxsin Həcc ziyarətinə getməsi sual altındadır. Səudiyyə Ərəbistanının qərarından sonra normal təminatlı şəxslər də iqtisadi çətinliklərlə əlaqədar olaraq, bir dəfə ziyarətə getməklə kifayətlənə bilər”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc nazirliyi tərəfindən qoyulan qaydaya əsasən, bir dəfədən çox Ümrə ziyarətinə gedənlər üçün əlavə ödənişlər ləğv edilsə də, Həcc üçün qüvvədə saxlanılıb.

Aysel Aslan