Həkimdən ŞOK: "Ən öldürücü zəhərlənmə bu qidadan baş verir" - Diqqətli olun !

"Hər şeyi iki dənə görmək kimi fəsadlar ortaya çıxır. Qara ciyər, böyrək çatışmazlığı, mərkəzi sinir sistemi problemləri yaranır"
"Əslində göbələklərin yetişməsi mövsümi xarakterlidir. Amma mağazalarda yaz-qış növbənöv göbələk satılır”.
Bu barədə "Sherg.az”a göbələkdən zəhərlənmə hallarının insan orqanizmində yarada biləcəyi fəsadları izah edərkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, dietoloq Şəmsiyyə Namazlı deyib. Həkimin sözlərinə görə, ən təhlükəli zəhərlənmə məhz göbələk qidasından baş verir:
"Hətta burada elə vəziyyət yarana bilər ki, insanda botulizm xəstəliyi yarana bilər. Bu olduqca qorxulu xəstəlikdir. Xəstəlik nəticəsində qaraciyər, böyrək çatışmazlığı, mərkəzi sinir sistemi problemləri yaranar. Bu zəhərlənmədən sonra hər şeyi iki dənə görmək kimi fəsadlar ortaya çıxar.
Belə zəhərlənmələrdə sadəcə problemin növünü bilmək lazımdır. Göbələklər ən çox kustar üsulla hazırlanan turşular şəklində olarsa, zəhərlənmə ilə nəticələnir. Bir də hazırlandıqdan sonra ümumi saxlanma şəraiti pozulur. Qeyd etdiyimiz məqamlarda şiddətli zəhərlənmələr baş verə bilər.
Yüngül, orta və ağır zəhərlənmələr adından göründüyü kimi müxtəlif fəsadlarla nəticələnir. Qaraciyər, böyrək çatışmazlığı, mərkəzi sinir sisteminin pozulması ağır zəhərlənmələrin fəsadlarıdır. Hətta xəstəyə ilk tibbi yardımın göstərilməsinə qədər, sürətlə zəhərli toksinlər bədənə yayılır. Təcili yardım gələnə, xəstəxanaya çatdırılana qədər fəsadlar özünü göstərir. Çox qısa müddət gecikmə baş verdikdə bəzən xəstəyə kömək etmək mümkün olmur.
Zəhərlənmənin ilkin simptomları qusma, ürəkbulanması, hərarətin yüksəlməsi və s. ola bilər. Belə hallarda tez müdaxilə edilməli, zəhər toksinlərinin bədənə yayılmasının qarşısı alınmalıdır”.
Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi Azərbaycanda orqan köçürülməsinin vacibliyindən danışıb. O, mövsümlə əlaqədar göbələk zəhərlənməsi zamanı qaraciyər çatışmağı yarandığını vurğulayıb. Həkimin sözlərinə görə, zamanında qaraciyər köçürülərsə, xəstənin həyatını xilas etmək olur.
Aysel Aslan