"Həkimlər özləri belə çöpçüyə, cindara, falçıya gedir"

Aqşin Yenisey: "Dünyanın heç harasında bizdəki kimi cindar aristokratiyası formalaşmayıb"
Kamran Əsədov: "Kitaba 10 manat pul verməyən valideyn, ekstrasensə 50 manat verir ki, övladı ali məktəbə qəbul olsun"

Dövrün ən böyük bəlalarından biri də 21-ci əsr insanının "öncəgörən”lərə inanması və əllərində olan son qəpiklərini belə bu yolda hədər etməsidir.

Adətən hansısa bir problem qarşısında aciz qalan insanlar ya həkimə, ya da psixoloqa müraciət edir. Amma bəzi insanlar isə son ümid yeri olaraq çarəni baxıcıların, "öncəgörücü” adlandırılan ekstrasenslərdə görürlər. Onlara elə gəlir ki, ekstrasenslər bunların dərdinə dərman olacaq tək Allah bəndəsidir. Bu isə təbii olaraq bu işlə məşğul olan dələduzların işinə yarayır. Fırıldaqçılıqla məşğul olub xeyli pul qazananırlar.

Ekstrasenslərin, rəml atıb, fala baxanların günümüzə qədər gəlib çıxması isə onu göstərir ki, bu yolda gəncliklərini və ömürlərini fəda edən görkəmli Azərbaycan ziyalılarının cahilliklə, xurafatla mübarizəsi hədər gedib. Əks təqdirdə dövrümüzün ziyalıları, ictimaiyyət adamları bu kimi problemlərə qarşı həyəcan siqnalı çalıb, xalqı ayıq- sayıq olmağa, "öncəgörən” adı altında fırıldaqçılıqla məşğul olan insanların toruna düşməməyə çağırmazdı. 

Qeyd edək ki, bu günlərdə "müsavat.com” saytının redaktoru Xalid Kazımlı öz "köşəsin”də bu məsələyə yer ayırıb. "Öncəgörən” dələduzların zamanının hələ keçmədiyini vurğulayan X. Kazımlı keçəcəyi ilə bağlı da nikbin olmadığını qeyd edib: 

"Nə qədər ki, insanlar cahildir və gələcəklərindən əndişəlidir, mütləq "sabahkı günün necə olcağı” barədə informasiya almağa çalışacaqlar ki, ona hazır olsunlar. "Öncəgörən” dələduzlar isə onların bu zəif damarından istifadə edir, böyük sərvət və şöhrət qazanırlar. Heç kəs onların necə bir dələduz olduqlarını ifşa etmir, verdikləri yüz proqnozdan doxsanının puç olduğunu, düz çıxmadığını araşdırıb ortaya qoymur. Əslində bu adamlar nə qədər avantürist olsalar da, müəyyən bilgiləri və ağılları var, heç vaxt konkret proqnozlar vermirlər, ümumi danışırlar: "Filan ölkədə filan şey görürəm”. Dünyadan az-çox baş çıxaran istənilən adam ABŞ-da tornado görə bilər, çünki hər il bu ölkədə 20-dən artıq dağıdıcı qasırğa olur. Banqladeşdə bərənin batmasını, yüzlərlə insanın okeanda boğulub ölməsini də "görmək” asandır, az qala hər ay olur. Çində kömür mədənində partlayış, Hindistanda qatar qəzası, Yaponiyada zəlzələ, Pakistan və Əfqanıstanda terror aktları, Filippində daşqınlar, Afrikada quraqlıq və sair bu kimi qəzalar, təbii fəlakətlər də hər kəsin "görə biləcəyi” türdəndir.

"Bu il bir neçə məşhur adam öləcək”. Əlbəttə. Onlar az qala hər ay ölürlər. Dünya ahıl məşhurlarla (siyasətçi, idmançı, sənətçi) doludur, qurdla qiyamətə qalası deyillər, mütləq hər il 10-15-i ölür. Hələ bunun içində qəzaya düşən, gözlənilmədən ölən məşhurların da olacağı şəksizdir. "Öncəgörən”lər isə bu adi şeyləri ictimaiyyətə xüsusi bir istedadlarının məhsuluymuş kimi sırıyırlar. Beşi inanmayanda da yeddisi inanır”.

Şair Aqşin Yenisey isə hesab edir ki, problemdən yeganə çıxış yolu hər kəsin özünü xilas etməsidir: 

"Uzun müddət bizə cahilliyi savadsızlıq kimi izah ediblər. Cahillik savadsızlıq deyil, ruhani ehtiyacdır, mənəvi təlabatdır. Əgər xarici ölkələrdə tibb təhsili alan gənc azərbaycanlı xanımların falçılara xərclədiyi pulları gözümlə görməsəydim, iddia edərdim ki, Azərbaycanda cindar aristokratiyasının yaranmasına səbəb səhiyyənin primitiv səviyyəsidir. Amma həkimlər özləri belə çöpçüyə, cindara, falçıya gedir. Deməyim odur ki, bu xurafat dünyanın hər yerində var və pul qazanırlar, lakin dünyanın heç harasında bizdəki kimi cindar aristokratiyası formalaşmayıb. Hətta siz dünya kinosunun, dünya ədəbiyyatının bu günki səviyyəsini izləsəniz, orada da insanların mənəviyyatını korlayan kapitalist sehrbazların yaradıcılığı ilə tanış olacaqsanız”.

Tarixçi ekspert Kamran Əsədov isə öz fikirlərini Stalinlə bir "öncəgörən”in rəvayəti əsasında çatdırıb: " 
Bir dəfə SSRİ-nin rəhbəri Stalinin köməkçisi ona məlumat verir ki, onu gələcəkdən xəbər verən bir ekstrasens gömək istəyir. Sizin və ölkənin gələcəyi barədə vacib məlumatlar verəcək.
Stalin əmr edir ki, onu öldürsünlər.
Soruşurlar ki, niyə bu qərarı qəbul etdiz?
Stalin deyir ki, bir insan öz gələcəyi barədə məlumata malik deyilsə, o necə bizim gələcəyimiz haqqında məlumat verə bilər ki?”

K. Əsədovun sözlərinə görə, insanlar təbiət qüvvələri qarşısında aciz qalanda hansısa fövqəladə gücə inanmağa başlayır. Bu Paleolit dövründən bu günə qədər belədir: 

"İnsan hansısa formada çətinliyə düşdükdə, hansısa çıxılmaz vəziyyətdə qaldıqda bundan çıxış yolunu kimdəsə axtarır. Əlbəttə ki, tarixdə fitri istedada malik insanlar olub. Onların verdiyi məlumatlar daha çox təbiət hadisələrinin insanlara, iqtisadiyyata təsiri ilə əlaqədar olmuşdur. Tarixdə kifayət qədər ön görücülərə inanan, onların verdiyi məlumatlarla idarəetməni həyata keçirən hökmdarlar olub. I Daradan Səfəvi hökmdarı I Şah Abbasa qədər bir çox dövlət başçısı ekstrasenslərdən istifadə edib. Hətta orta əsrlərdə hökmdarların sarayında ayrıca münəccim vəzifəsi var idi. Sadəcə sovetlər dönəmində ölkə ərazisində onlara qarşı ciddi şəkildə mübarizə aparıldığına görə sayları azalmışdı. Müstəqillik əldə etdikdən sonra isə ekstrasenslər kütləvi şəkildə çoxalmağa başladı. Bayaq qeyd etdiyim kimi, münəccim və öngörücü qədim dövrlərdə təbiətdə baş verən dəyişikliklərin insanlara təsiri nəticəsində nələrsə deyə bilərdi. Amma insan taleyi ilə bağlı məlumat müsbət qəbul edilən hal deyildi.

"Öncəgörən” lərə, falçılara, molla duasına daha çox ali məktəblərə qəbul olmaq istəyən uşaqların və ərə getmək istəyən qızların müraciət etdiyini vurğulayan ekspertin sözlərinə görə, bu acizlikdən başqa bir şey deyil:

" Bunu islam dini də inkar edir. Təəssüflər olsun ki, bu istiqamətdə valideynlər daha çox pis örnək olurlar övladlarına. Təsəvvür edin ki, 10 manat övladının oxuması üçün kitab dəftərə pul verməyən valideynlər, 50 manat mollaya, falçıya, ekstrasensə pul verir ki, övladım ali məktəbə qəbul olsun. Bir tarixçi kimi deyə bilərəm ki, heç bir ekstrasens, falçı gələcək barədə məlumat verə bilməz, insan taleyini dəyişə bilməz”.

Şəymən