Məhərrəm Zülfüqarlı: “Görünür, vəzifə sahibi olan məmurlarımız ötən 28 il ərzində baş verən proseslərdən xəbərsiz olub”
Paytaxt küçələrindən biri vaxtilə Azərbaycan xalqının başına olmazın müsibətlər gətirən və əksəriyyəti ermənilərdən ibarət olan şəxslərin adını daşıyır. Xezerxeber.az-a istinadən aldığımız xəbərə görə, söhbət Sabunçu rayonunda olan 26 Bakı komissarı küçəsindən gedir. Baxmayaraq ki, şəhərdə Bakı komissarlarına aid bütün abidələr və adlar götürülüb.
Küçənin sakinləri həmin adın keçmiş sovet vaxtından qaldığını deyirlər. Onlar küçənin 26 Bakı komissarının adını daşımasından narazıdırlar. Sakinlərin sözlərinə görə, küçəyə şəhid adı verilsə, onlar üçün qürur və şərəf olar.
Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən küçə və bir neçə digərlərinin adlarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib. Həmin küçənin də adı dəyişdiriləsi adlar siyahısındadır. Nazirlət Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək.
Azərbaycanda milli qüvvələrin hakimiyyətə gəlməsinə mane olan komissarların sovet vaxtı bir simvola çevrildiklərini vurğulayan "İctimai Problemlərin Tədqiqi Assosiasiyası”nın sədri, tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında komissarların mənafeyi ilə Azərbaycan xalqının mənafeyi biri-birinə zidd olduğunu deyib:
"Ancaq 1989-cu ildə isə "26-lar”ın tamamilə saxta bir tarix olduğu aşkara çıxdı. Rəhmətlik, akademik Ziya Bünyadov "Azərbaycan” qəzetində rus dilində çap olunan " Əfsanə və əfsanə yaradanlar” adlı məqaləsi ilə bu mifin qarşısını tamamilə almış oldu.
Bundan sonra isə digər tarixçilərin, o cümlədən də mənim yazdığım məqalələr fonunda komissarların Bakıdakı heykəlləri götürüldü, onların adına ucaldılan abidənin yerində fəvvarə quruldu və adları birdəfəlik tarixdən silindi.
Amma hələ də hansısa küçənin 26 Bakı komissarının adını daşıması onu göstərir ki, ölkəmizdə "26-lar”a rəğbət bəsləyən insanlar qalıb. Bu isə bizim üçün kifayət qədər xoşagəlməz haldır. Görünür, vəzifə sahibi olan məmurlarımız ötən 28 il ərzində baş verən proseslərdən xəbərsiz olub. Ya da onlar bilərəkdən Azərbaycan dövlətçiliyinin əleyhinə olan bu addımı atıblar”.
26 komissar deyə bir şey olmadığını deyən M.Zülfüqarlının sözlərinə görə, Şaumyanın başçılığı ilə mart qırğını törədən cəlladlar cəmi 12 nəfər olublar:
"Bu gün Azərbaycanın paytaxtında 26 Bakı komissarının adına küçə olması onu göstərir ki, nə Sabunçu rayon rəhbərliyi, nə də Nazirlət Kabinetində bu işə cavabdeh olan məmurlar yerindədir. Bu problem günümüzə qədər gəlib çıxmamalı, təcili həll olunmalı idi. Belə çıxır ki, bu məmurların Heydər Əliyev 1998-ci ildə 31 Mart soyqırımı ilə bağlı fərmanından da xəbəri yoxdur, bəlkə də önəm verməyiblər”.
Tarixçi alimin sözlərinə görə, müvafiq qurumlar bu məsələyə dərhal reaksiya verməli və bu adı bu günə kimi qoruyub saxlamaqla "5-ci kolon”un maraqlarına xidmət edən şəxsləri aşkara çıxartmalıdır:
"Zənn etmirəm ki, o küçənin adı yaddan çıxaraq 26 Bakı komissarının adına qalıb. Bu məsələnin kökündə birbaşa milli təhlükəsizlik dayanıb. Görünür kimlərsə, Azərbaycanı yenidən saxtakarlığa yuvarlamaq istəyir. Hesab edirəm ki, dövlət və ictimaiyyət səviyyəsində bu məsələyə reaksiya olmalıdır. Mikayıl Müşfiqin heykəlinin sökülməsinə qarşı göstərilən həssaslıq və kəskin mövqe bu məsələdə də ortaya qoyulmalıdır. Məsuliyyətli şəxslər də dərhal cəzalandırılmalıdır ki, bir daha kimlərsə bu səvhləri təkrarlamasın”.
Şəymən