Hələ ki, əlimizdə başqa vasitələr yoxdur

Vaxtı gələndə Qarabağda qeyri-qanuni məskunlaşmış ermənilərin hamısı ordan təmizlənəcək



Suriya ermənilərinin Azərbaycan ərazilərində məskunlaşdırılması haqqında məlumatlar var. Bu barədə Xarici İşlər Nazirliyinin hazırladığı hesabatda bildirilib. Hesabatda qanunsuz iqtisadi fəaliyyət, işğal edilmiş ərazilərə köçürülmə, Dağlıq Qarabağın təbii resurslarından qanunsuz istifadə və s. məsələlər əks olunub. XİN rəsmisi Hikmət Hacıyev deyib ki, bu ərazilərdə qanunsuz istehsal edilən malların beynəlxalq bazarlara ixracında Ermənistan tranzit rolunu oynayır:

"İşğal edilmiş ərazilərdə infrastruktur obyektlərin tikintisinə dair xeyli faktlar məlumdur. Bundan başqa, orada şərab-araq məhsulları istehsalı, İKT, bank və s. sahələrdə qanunsuz fəaliyyət həyata keçirilir. Həmçinin, Suriyadan 15-20 min civarında erməni əsilli qaçqın Ermənistan ərazisində yerləşdirilib. Onların içərisindən yüzlərlə ailə isə işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılıb”.

Qarabağdakı qanunsuz məskunlaşma ilə bağlı "Şərq”ə danışan millət vəkili, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, hələlik işğal olunmuş bölgələrə əlimiz çatmır: "Azərbaycan tərəfi məsələnin dinc yolla həllinə çalışır. Lakin işğal olunmuş ərazilərimizdə baş verən biabırçı hadisələrin, çirkinliklərin qarşısını almağın yeganə yolu torpaqlarımızı düşməndən azad etməkdir. Vaxtı gələndə biz bunu edəcəyik. Ondan sonra Qarabağda qeyri-qanuni məskunlaşmış insanların hamısını qovacağıq və torpaqlarımızı pisliklərdən təmizləyəcəyik. Eyni zamanda, bu illər ərzində qanunsuz fəaliyyət göstərən şirkətlərin Azərbaycana vurduğu ziyan hesablanacaq və beynəlxalq məhkəmələrə müraciət ediləcək. Bunların hamısı baş verəcək. Təəssüflər olsun ki, hələlik əlimizdə başqa vasitələr yoxdur. Amma zaman o vasitəni bizə hökmən verəcək”.

Deputat vurğulayıb ki, Azərbaycan torpaqları işğal altındadır və bu fakt ən yüksək səviyyədə etiraf olunub: "Bununla bağlı BMT-nin 4 qətnaməsi var. Zəbt edilmiş ərazilərimizin azad olunması üçün ayrıca bir qurum, Minsk Qrupu "işləyir”. Dünyanın həlledici səsə malik olan üç dövləti də həmsədrdir. Amma indiyə kimi "nüfuzlu” qurum sayılan BMT-nin heç bir qətnaməsi yerinə yetirilməyib. Minsk Qrupunun gördüyü işlər də göz önündədir. Belə bir şəraitdə Azərbaycan tərəfinin işğal altındakı torpaqlarda yaşanan olaylarla bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara ünvanladığı müraciətlərə ciddi yanaşılmasını gözləmək olmaz. Azərbaycan dəfələrlə bəyan edib ki, ərazilərimizdə narkotik bitkilər yetişdirilir, terrorçu qruplaşmalar hazırlanır, dünyanın müxtəlif yerlərindən erməniləri gətirib orada yerləşdirirlər. Bununla yanaşı, bir neçə xarici ölkələrə məxsus şirkətlər Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərir və təbii sərvətlərimizi talan edirlər. Abidələrimizi söküb-dağıdırlar. Orada baş verənlərin hamısı cinayətdir, beynəlxalq hüquqa ziddir. Ancaq ikili standartlar bu gerçəkliyin ifşa olunmasına, qarşısının alınmasına imkan vermir. Halbuki, işğal olunmuş ərazilərimizdə həyata keçirilən qanunsuzluqlar digər əcnəbi dövlətlər üçün ciddi təhlükəyə çevrilə bilər. Qarabağda yetişdirilən terrorçular, narkomanlar, quldurlar getdikləri hər yerdə fəlakət törədəcəklər”.

İsmayıl