Hələ müharibə yoxdursa, bütün danışıqlar formatından istifadə etməliyik





Bu il Qarabağ münaqişəsinin həllində fəallıq gözlənilirmi, ümumiyyətlə, danışıqlarda müsbət dəyişikliklər olub-olmayacağı ilə bağlı axar.az beynəlxalq ekspertlərə müraciət edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qobl önümüzdəki bir neçə ay ərzində Dağlıq Qarabağ münaqişəsində heç bir canlanma müşahidə olunmayacağını deyib: "Əsas oyunçular buna hazır görünmür: yeni Ermənistan hökuməti ortaya mövqe qoymaq üçün hazır deyil. Rəsmi Bakı bilir ki, zaman onun xeyrinə işləyir. Rəsmi Moskva isə İrəvan və ya Bakıda hər hansı dramatik bir dəyişiklik olmadığı təqdirdə, hər şeyi öz nəzarətində saxlamağa müvəffəq olduğuna görə məmnundur. Vaşinqton da hazırda Cənubi Qafqaza fokuslanmayıb”. Politoloq bildirib ki, Tramp Administrasiyası İrana qarşı hərəkətə keçməyi qərara alarsa, bu, bir gecədə dəyişə bilər. Və bu, əlbəttə ki, Bakının xeyrinə olar.

Rus hərbi eksperti, şərqşünas və politoloq İqor Pankratenko isə deyib ki, Qarabağ uzun müddətdir ki, rəsmi Moskvanın Bakı və İrəvanla olan dialoqunun manipulyativ alətinə çevrilib. Ermənistan antimoskva çıxışlar edən kimi Rusiya Xarici İşlər Nazirliyi və Kreml ona Qarabağı xatırladır:
"Paşinyan hələ Kremlin koridorlarında necə gəzməli olduğunu bilmir, amma öyrənməkdədir. Bu səbəbdən Moskvanın tezliklə Qarabağ mövzusunu yenidən gündəmə gətirməsi üçün heç bir əsas yoxdur”.

Beynəlxalq politoloqların proqnozlarını dəyərləndirən politoloq Azər Rəşidoğlu dünyada aparıcı dövlətlər arasında qlobal qarşıdurmanın yaşandığını xatırladıb. Onun sözlərinə görə, Suriya, İran, Ukrayna problemləri Qarabağ münaqişəsini ikinci plana keçirir: 

"Belə bir şəraitdə qaynar regionda ortaq məxrəcə gəlmək imkanları yox dərəcəsindədir. Bakı İrəvan ilə birbaşa danışıqlara getməyə də tərəddüd edir. Xatırlayırsınızsa, 1992-ci ilin sonunda birbaşa danışıqlar üçün cəhdlər oldu, Ermənistan prezidenti Ter-Petrosyanın ən yaxın silahdaşlarından biri Aşot Bilyan Bakıya gəlib qeyri-rəsmi danışıqlar aparırdı. O zaman dövlətlər yeni yaranmalarına baxmayaraq, hələ Bakı və İrəvan müstəqil qərar qəbul etmək imkanlarına malik idi, Rusiya indikindən zəif idi, Qərb regiona tam daxil ola bilməmişdi, ancaq bununla belə, birbaşa danışıqlar nəticə vermədi. Ümumiyyətlə, hələ müharibə yoxdursa, bütün formatlardan istifadə etmək lazımdır. Çünki savaş halında deyilsənsə, hər hansı formatdan imtina anlaşılmır. Azərbaycanda və Ermənistanda vəziyyət elədir ki, kənardan güclü təzyiq olmasa, danışıqlar prosesinin səmərəsinə inanmaq çox çətindir. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımayacağını, Ermənistanda da bölgənin Azərbaycanın tərkibində qalacağı ilə heç zaman barışmayacağını deyir. Bu mövqelər o dərəcədə antoqanistdir ki, ümumi razılığa gəlmək mümkün deyil. Ermənistanda maksimal əhval-ruhiyyə daha da artır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı rayonlar haqda əcaib bəyanatlar verirlər. Bu ölkədə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının zəruriliyini deyən siyasi lider yoxdur. Belə bir şəraitdə çoxtərəfli və birbaşa danışıqlarla nəsə əldə etmək problematikdir”.

1990-cı illərdə oxşar situasiyanın keçmiş Yuqoslaviyada yarandığını xatırladan politoloq deyib ki, Delton sazişi ilə tərəfləri sülhə məcbur etdilər, açıq dedilər ki, razılığa gəlməsəniz vurulacaqsınız: 

"Ona görə Paşinyanın Qarabağ ermənilərini danışıqlara cəlb etmək haqda danışması problemi həll etmək istəyini əks etdirmir. Sadəcə, müəyyən şərtlər irəli sürməklə danışıqlar prosesini uzatmaq oyunudur. Bu gün Paşinyana seçkiləri keçirmək üçün vaxt udmaq lazımdır. Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağın statusu məsələsini Ermənistanla müzakirə edə bilməz. Çünki Ermənistanla müzakirə İrəvanın Azərbaycanın daxili işlərinə müdaxilə hüququnu təsbit edir. Əgər statusu Ermənistanla müzakirə ediriksə, ən azından həmin ərazinin mübahisəli olduğunu etiraf edirik”.

A.Rəşidoğlunun fikrincə, Pol Qobl Azərbaycanın geostrateji əhəmiyyətini, xüsusilə də İrana gedən yolun üstündə olmasını qabardır. O hesab edir ki, İrana dişlərini qıcadan ABŞ üçün bu faktor da qıcıqlandırırcı rol oynaya bilər: "Qoblun yenidən gündəmə qayıtması regionda və xüsusilə də Qarabağın taleyi ilə bağlı məsələdə iki dövlətin qarşıdurmasının kəskinləşməsi ehtimalından xəbər verə bilər. Hər iki tərəf təhlükə mənbəyidir. ABŞ-ın regionda təsirinin güclənməsi yaxşı heç nə vəd etmir. Onların Qarabağla bağlı mövqeləri obyektivlikdən uzaqdır, Qarabağın Azərbaycana qaytarılması fikrindən uzaqdırlar. İndi daha çox nəzərlər Rusiyaya dikilib. RF prezidenti Putinin daxildə nüfuzu aşağı düşür. 

Bu baxımdan, o, ən azı Cənubi Qafqazı nəzarətə götürmək istəyir. Burada Qarabağ münaqişəsi önəmli amildir. Qarabağda Qərbin, ABŞ-n da maraqları var. Cənubi Qafqaz maraq dairələrinə bölünməyib, regionun hansı gücün maraq dairəsində olduğu dəqiq müəyyənləşməyib. Hərbi əməliyyatlara gedən insan Kremldən ciddi təminat almalıdır. Kremlin isə dəstəyi öz forpostu olan Ermənistanın yanında ola bilər. Bu baxımdan, münaqişənin həllində irəliləyişin ola biləcəyini ehtimal etmək imkansızdır”.

Digər politoloq Qabil Hüseynli isə beynəlxalq ekspertlərin məsələni həddindən artıq şişirtdiklərini düşünür: "Cənubi Qafqazda status-kvonun dəyişdirilməsi məsələsi "Yeddilər”in görüşündə ön plana çəkilib. BMT dəfələrlə münaqişənin həlli ilə bağlı müsbət fikirlər səsləndirib. Dağlıq Qarabağ problemi super dövlətlər üçün gündəlikdə duran ilk məsələlərdən olmasa da, qeyir-aktual da deyil. İran, Şimali Koreya qədər mühüm əhəmiyyət kəsb etməsə də, regionun supergücü hesab edilən Rusiya üçün Cənubi Qafqaz həmişə diqqət mərkəzində olub”.

Beynəlxalq politoloqların bu proqnozu ilə razılaşmayan Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan öz geosiyasi əhəmiyyətinə görə Qərb və bütün dünya üçün əhəmiyyətli bir bölgədir: "Azərbaycanın enerji ehtiyatları bu gün Avropa qitəsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu təsir rıçaqını biz elə istifadə etməliyik ki, ciddi siyasi dividendlər gətirsin və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dünya siyasətində bir növü lobbiçilik funksiyasını yerinə yetirmiş olsun. Yəni Azərbaycanın geosiyasi üstünlükləri bütünlüklə Qarabağ probleminin həllinə yönəldilməlidir. Bunu Azərbaycanın nəqliyyat dəhlizi kimi artan roluna da aid etmək olar. 

Azərbaycanın istifadə edə biləcəyi bütün imkanlardan Dağlıq Qarabağ məsələsinin dünyanın diqqətində olan əsas məsələlərdən birinə çevrilməsi üçün istifadə edilməlidir. Əgər görsək ki, bunlar bir nəticə vermir Azərbaycan müharibə variantını seçməlidir. Müharibə variantının seçilməsi problemin həllinin vacibliyinə dünyanın diqqətini cəlb edə bilər. Azərbaycan tədricən silahlı qüvvələrini daha da təkmilləşdirməklə, cəmiyyətin özünü təkmilləşdirməklə, insanların mənəvi-psixoloji ruhunu yüksəltməklə ərazi bütövlüyümüzün təmin edilməsi məsələsini hər bir insanın bir nömrəli məsələsinə çevirməlidir. Belə olanda dünyanın diqqətini cəlb edə biləcəyik. 

Cəmiyyətdəki müəyyən sosial ədalətsizliklər, rüşvət və korrupsiya qanunların işləməməsi kimi problemlər həll edilməlidir. İnsanlararası kəskin qütbləşmənin də tənzimlənməsinə ciddi ehtiyac var. Elə edilməlidir ki, Azərbaycan insanı tutduğu mövqedən, milli mənsubiyyətindən asılı olmayaraq öz vətəni üçün canından keçməyə hazır olsun. Məhz belə bir vəziyyətə nail olduqdan sonra başlanan müharibə qələbəyə gətirər”.

Şəymən