Hələki metroda kondisionerli qatarlardan istifadə etmək mümkün deyil

Stansiyalarda özünü narahat hiss edən sərnişinlərə ilkin müdaxilə edilir



Havaların isinməsilə onsuz da sıxlıqdan əziyyət çəkən metroda vəziyyət bir az da çətinləşib. Günün xüsusilə pik saatlarında qatarların arasında interval qısa olsa da, sıxlıqdan qurtarmaq mümkün olmur. Bəzən havasızlıqdan ürəyi gedənlərə, səhhətində problem yaşayanlara da rast gəlirik.

İsti yay günlərində metro ventilyatorlarının necə işləyəcəyi barədə "Şərq”ə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Metroda günün pik saatlarında həmişə sıxlıq olduğunu deyən N.Paşayev bununla əlaqədar havalandırma sisteminin yeniləndiyini, ventilyatorların yay qrafikinə keçirildiyini qeyd edib: "Metronun havalandırılması üçün bizdə kondisioner sistemi mövcud deyil, lakin normal vəziyyətdə havalandırma var. Son illərdə biz bu istiqamətdə işlər görürük, may ayının 15-dən metronun havalandırılmasında yay qrafiki, yeni avadanlıqlar və qurğular istifadə olunur. Tək bu il ərzində metroda 5 ədəd ventilyator dəyişdirilib. Yeni quraşdırılan müasir avadanlıqlar əvvəlkilərə nisbətən həm güclü, həm də elektrik enerjisi sərfiyyatı baxımından daha səmərəlidir”.

N.Paşayev tunellərdə kondisionerli vaqonlardan istifadə etmək üçün ciddi və çətin iş aparılmalı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, platformalarda normal hava olsa da, tunel və vaqonlardakı havasızlığın aradan qaldırılması - havalandırma sisteminin daha yaxşı işləməsi üçün mümkün variantlara baxılır: "Biz qatar tuneldə olarkən səhhəti pisləşən və ya havasızlıqdan əziyyət çəkən vətəndaşlara kömək edə bilmirik. Digər hallarda isə metropoliten əməkdaşları operativ şəkildə işləyir və hər hansı bir problem olan insana yerindəcə müdaxilə edə bilərlər. Bu cür havalara qarşı həssas olanlar diqqətli olmalıdır. Bütün hallarda metro daxilində özünü narahat hiss edən sərnişinlər stansiya əməkdaşlarına təcili tibbi yardım çağırmağı bildirsinlər. Əməkdaşlarımız bütün lazımi tədbirləri görəcəklər”.

Aysel Aslan