"Qanunsuz adlanan, özbaşına tikilmiş tikililərin dərindən inventarizasiyası həyata keçirilməlidir”.
Bu barədə "Sherg.az”a Respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin tikilməsindən danışarkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.
O qeyd edib ki, bundan sonra müxtəlif qərarlar qəbul etmək olar:
"Məsələn, qanunsuz tikili hansı təyinatlı torpaqda tikilib? Bu tikililər kommunikasiya xətlərinin altında və yaxud üzərindəmi inşa olunub? Hansısa mühafizə olunan zonanın yaxınlığındadırmı? -- kimi təsnifatlaşdırılma aparılmalıdır. Məhz bunun nəticəsində müəyyən ediləcək ki, Azərbaycanda nə qədər tikili, harada yerləşir? Torpağın təyinatını dəyişdirməklə problem həll olunursa, bu, edilməlidir. Kommunikasiya xətlərinə problem yaradırsa, tədbir görülməlidir. Bunları reallaşdırmadan qərar qəbul etmək mümkün deyil. Çünki elə tikili var ki, yüksək gərginlikli elektrik xəttinin altında və ya kommunikasiya xəttinin üzərində inşa olunub. Belə tikililəri qanuniləşdirməyin tərəfdarı deyiləm. Vaxtilə yerli icra orqanları rüşvət alıb, evlərin tikilməsinə icazə veriblər.
Bələdiyyə torpaqlarında inşa olunan tikililər də mövcuddur. Torpağın təyinatı da imkan verir, amma ailələrin öz mülkiyyətlərində deyil. Vətəndaşlar həmin torpağ hansısa yolla zəbt ediblər, qeyri-qanuni şəkildə əldə ediblər. Bu halda torpaqları həmin şəxslərə bağışlamaq, güzəştli qiymətlərlə satmaq olar. Həmin ərazidə yaşayan insanlar torpaq üzərində mülkiyyət hüququnu əldə edəndən sonra, tikili normal parametrlərə uyğun gəlirsə, daşınmaz əmlak kimi reyestrə daxil edilə bilər”.
Qeyd edək ki, deputat Elmira Axundova Milli Məclisdə müzakirələr zamanı qanunsuz tikililərdən danışıb. O xatırladıb ki, illər öncə respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə xeyli sayda yaşayış məntəqələri inşa edilib. Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, övladlarını böyüdürlər, oğul evləndirib, qız köçürürlər. Deputatın sözlərinə görə, qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və s. kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər:
"Tikililərin bir çoxuna Bələdiyyə və İcra Hakimiyyətləri tərəfindən sənədlər verilib. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə "kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər”.
Aysel Aslan