“Ermənistanın adı açıq şəkildə göstərilməli, işğalçı olduğu vurğulanmalı, ən əsası isə düşmən ölkəyə sanksiyalar tətbiq edilməlidir”
ATƏT-in Minsk Qrupunun həmsədrləri 4 iyulda yaşanan qanlı hadisə ilə bağlı ikinci dəfə bəyanat verib. Əvvəlkindən nisbətən fərqli olan bəyanatda atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə olunub. Həmsədrlər tərəflərə mülki insanların tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini xatırladıblar:
"Biz bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi dəyərləndiririk. Tərəflərə müraciət edərək gərginliyin aradan qaldırılması, atəşkəs haqqında razılaşmalara ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırırıq”. Vasitəçilərin tənqidlərdən sonra ikinci dəfə bəyanat yaymasına münasibət bildirən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev həmsədrlərin düzəlişini təqdir edib.
Nazirlik rəsmisinin sözlərinə əsasən, Minsk Qrupunun növbəti açıqlamasında təxribatların kimin tərəfindən törədilməsi, Cenevrə konvensiyalarının və danışıqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə bəlli olur: "Həmsədrlər son bəyanatda 4 iyul hadisəsini təxribat kimi qiymətləndirib. Azərbaycanda akkreditə olunan hərbi attaşelər və diplomatlar Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində faktı öz gözləri ilə görüblər. Kənddə törədilən əməl Ermənistanın Cenevrə konvensiyalarını kobud şəkildə pozmasını sübut edir. Bu baxımdan həmsədrlərin çağırışlarını təqdir edirik”.
Məsələ ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Alxanlı kəndində baş verən üzücü hadisə aparıcı dövlətlərin, həmsədr ölkələrin münaqişənin həllinə biganə qalmasının nəticəsidir. Ekspertin sözlərinə görə, Ermənistan törətdiyi cinayətlərə görə, cəza almayacağını yaxşı bilir:
"Həmsədrlər ermənilərin adını çəkmir, onlara irad tutmur. Düşmən də vəhşiliklər törətməyə davam edir. Minsk Qrupunun həmsədrləri iki bəyanat verdilər. İkinci bəyanat Azərbaycanın haqlı olaraq haray qaldırmasının nəticəsi idi. Dövlət, media və ictimaiyyət səviyyəsində təmas xəttində baş verənləri, mülki şəxslərin öldürülməsini dünyaya yaymağı bacardıq. Müdafiədən çıxıb hücumedici addımlar atdıq, təbliğat maşınımızı gücləndirdik. Həmsədrlər ikinci bəyanat verməyə məcbur oldular. Düzdür, ikinci bəyanatda yenə də işğalçı Ermənistanın adı qeyd edilməyib. Ən azından sonuncu açıqlama ilkin bəyanatdan nisbətən fərqlənir. Şübhəsiz ki, bu cür ifadələr bizi qane edə bilməz”.
Professor bildirib ki, Ermənistanın adı açıq şəkildə göstərilməli, işğalçı olduğu vurğulanmalı, ən əsası isə düşmən ölkəyə sanksiyalar tətbiq edilməlidir:
"Ermənilər torpaqlarımızın 20 faizini zəbt edib və 25 ildir işğal altında saxlayırlar. Təcavüz nəticəsində minlərlə insan həyatını itirib, milyona yaxın adam qaçqın və köçkün düşüb. Bundan artıq nə olmalıdır ki, beynəlxalq aləm dilə gəlsin?! Dünya ictimaiyyəti özünü elə aparır ki, sanki Qarabağ münaqişəsi mövcud deyil. Son iki-üç gün ərzində bir neçə xarici ölkənin nümayəndələri olayı sərt tənqid etdilər, Ermənistanın işğalçı əməllərini pislədilər. Ancaq bununla kifayətlənməli deyilik. Tələb etməliyik ki, dünya ictimaiyyəti digər münaqişə ocaqlarına verdiyi diqqəti Dağlıq Qarabağ savaşına da versin. Ən dəhşətli hal odur ki, düşmən öz torpağımızdan bizi vurur”.
İsmayıl