Həmsədrlər Kəlbəcər girovlarının azad edilməsinə çalışa bilərlər

“Çünki onların işi, Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa məşğul olmaq və bu problem ətrafında cərəyan edən bütün proseslərə nəzarət etməkdir”



Yanvarın 27-də Krakovda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini də həmsədrlərin diqqətinə çatdırıb.

Girovların doğma yurdlarında erməni silahlıları tərəfindən girov götürüldüyünü və qanunsuz məhkəmədə mühakimə olunduqlarını bəyan edən nazir onların azad olunması ilə bağlı Ermənistana təzyiq göstərilməsini tələb edib. Girovlar məsələsinin həmsədrlər səviyyəsində müzakirə olunmasına münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı xarici işlər naziri Elmar Məmmədyarovun təkidli tələbindən sonra həmsədrlərin girovlarımızla bağlı addım atacaqlarına ümid etdiyini deyib. Amma QAT rəhbəri ciddi nəticənin olacağına inanmır: "Əslində cənab nazirin bu məsələni həmsədrlərin qarşısında xüsusi olaraq qaldırmasına ehiyac olmamalıydı. Çünki onların işi Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa məşğul olmaq və bu problem ətrafında cərəyan edən bütün proseslərə nəzarət etməkdir. Yəni onlar tələbsiz-filansız öz vəzifə borclarını yerinə yetirməlidirlər. Girovlarımızın azad olunması da birbaşa həmsədrlərin məsuliyyət daşıdığı sahədir. Amma 7 ay keçməsinə baxmayaraq, indiyə qədər həmsədrlər bir dəfə də olsun girovlarla bağlı açıqlama verməyiblər. Dəfələrlə həmin bölgəyə gedib-gəlsələr də, bu məsələnin üzərindən sükutla keçiblər. Bu yanaşma bir daha göstərir ki, Minsk Qrupu öz funksiyasını yerinə yetirmir”.

İsmayıl