Həmsədrlərin qondarma rejimin nümayəndələri ilə bir araya gəlməsi yanlışdır

“Münaqişənin tərəfləri sadəcə Ermənistan və Azərbaycandır. Burada üçüncü tərəf yoxdur”




ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Azərbaycana səfər edəcəklər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Nazir 2018-ci ilin sonunadək erməni həmkarı ilə görüşəcəyi mesajını da verib. Oktyabrın 29-da bölgəyə səfər edən həmsədrlər öncə İrəvanda olublar və bir sıra görüşlər keçiriblər. Daha sonra Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinqdə iştirak ediblər. Vasitəçilər erməni rəhbərliyi ilə danışıqlar apardıqdan sonra Dağlıq Qarabağa gedərək separatçı rejimin rəhbəri Bako Saakyanla da görüşüblər. Əslində həmsədrlər bölgəyə mütəmadi səfərlər edirlər. Lakin vasitəçilərin regiona gəlişi mənasız hesab edildiyi üçün ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Xüsusən də həmsədrlərin Qarabağda qondarma rejimin təmsilçiləri ilə bir araya gəlməsi ciddi etiraza səbəb olur. Ekspertlər hesab edirlər ki, həmsədrlərin bölgəyə mütəmadi səfər etmələri cəbhə xəttindəki gərginliyi azaltmağa hesablanır. Bununla da vasitəçilər ən azından danışıqların davam etdiyi görüntüsünü yaratmağa çalışırlar.

Məsələni "Şərq”ə dəyərləndirən siyasi şərhçi Anar İmanov da həmsədrlərin separatçılarla görüşünə sərt reaksiya verib.

Analitikin fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədrləri qondarma rejimin nümayəndələri ilə bir araya gəlməyin yanlış olduğunu dərk etməlidir: "Münaqişənin tərəfləri sadəcə Ermənistan və Azərbaycandır. Burada üçüncü tərəf yoxdur. Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edib. Bu işğal nəticəsində dinc əhali qəddarlıqla qətlə yetirilib. Bunu bütün dünya bilir. Əlavə mənasız səfərlərə və separatçılarla görüşə nə ehtiyac var? Təcavüzkar Ermənistan ən qısa zamanda işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmalıdır”.

A.İmanovun sözlərinə görə, illərdir Minsk Qrupu öz fəaliyyətini davam etdirir, amma heç bir nəticəsi yoxdur: 

"Əgər nəticə yoxdursa, o zaman bu fəaliyyətə də lüzum qalmır. Bu, təkcə mənim qənaətim deyil. Ötən gün Milli Məclisin deputatı Zahid Oruc da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni format yaradılmasını təklif edib. Artıq bu məsələ Milli Məclis səviyyəsində də müzakirə olunursa, deməli, məsələ ciddidir”.

İsmayıl