Həmsədrlərin təmasları nəticə vermir

"Bu görüşlər sadəcə texniki xarakter daşıyır"


ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağ münaqişəsinin həlli ətrafında təşkil etdiyi görüşlər formal xarakterlidir.

Bunu Sherg.az-a ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə baş tutacaq görüşlərindən danışarkən "Turan" İnformasiya Agentliynin direktoru, politoloq Mehman Əliyev deyib. 

Onun sözlərinə görə, vaxtaşırı bu görüşlər təşkil edilsə də, xırda məsələlərin müzakirəsi nəticəsində ciddi addımlar atılmır: 

" Son dəfə Hamburq şəhərində bu görüş baş tutub. Əslində, bu görüşlər, sadəcə texniki xarakterli görüşlərdir. Ciddi razılaşmaların əldə olunmamasına səbəb Ermənistanın kompromislərə getmək istəməməyidir. Beynəlxalq ictimaiyyətin və təşkilatların bu sahədə mövqeyi isə sülhün bərqərar olunması və münaqişənin hərbi xarakter almamasıdır. Ümumilikdə, bu vəziyyətin davam etməsi Qarabağ probleminin həllini uzadır”.

Qeyd edək ki, Rusiyanın ATƏT-də rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Minsk qrupunun həmsədrlərinin yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəyini deyib.

Ayyət Əhməd