İnsanlar da şikayət etmirlər, çünki nəticəsinə inanmırlar
"Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır.
İstehlakçılara dərman alarkən qiymətlərə diqqət yetirməyi, dərman vasitələrinin dövlət tərəfindən təsdiq olunmuş qiymətlərdən fərqli qiymətlərlə satışı halları ilə rastlaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.
Maraqlıdır, nazirliyin rəsmi müraciətindən sonra vətəndaşlar dərman vasitələrinin qiymətindəki problemlərlə bağlı müvafiq nömrələrlə əlaqə saxlayacaqlarmı? Nəzərə alsaq ki, cəmiyyətimizin mental əlamətlərindən biri insanların haqlarını tələb etməməsidir. Əhalinin çox hissəsi bu cür halları ciddi qiymətləndirmir və yaxud məsələnin həllinin mümkün olmadığı üçün aidiyyəti qurumlara üz tutmaqdan vaz keçirlər.
İnsanlarda bu cür davranışların vərdiş halı aldığını deyən sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə bildirib ki, cəmiyyətimiz sözügedən məsələlərdə etinasızlıq göstərir. Ona görə də, məsələ həllini tam olaraq tapmır. Sosioloqun sözlərinə görə, insanların haqlarını tələb etməməsinin bir səbəbi də onların problemin həllinə inamsız yanaşmalarıdır: "Bu yaxınlarda apteklərin birindən qiyməti o qədər də baha olmayan dərman aldım. Amma həmin dərmanı məcburən 4 aptekdən soruşmalı oldum. Çünki üstümdəki pul 50 manat idi və xırdam yoxuydu. Hər 4 aptek axtardığım dərmanı qəpiyinə qədər eyni qiymətə satırdı. Bunun özü mənim üçün maraqlı bir fakt oldu. Ona görə ki, qabaqlar belə olmurdu. Hər aptek bir qiymət deyirdi.
Ümumiyyətlə, həyat tərzimiz elədir ki, biz müxtəlif qiymətlərin olmasına vərdiş etmişik. Sanki bunu adi hal kimi qəbul edirik. Cəmiyyətimizdə öz haqqını tələb etmək kimi bir mədəniyyət hələ ki formalaşmayıb. Məsələnin bu həddə çatmasına səbəb belə halların çox olmasıdır. Hətta sovet döründə belə bu istiqamətdə işlər gedirdi. İnsanlar hər zaman qəpiklərinə qədər tələb edirdilər.
Neçə illər keçdikdən sonra isə özbaşınalıq oldu. Kimin kefi necə istədi, o qiymətə də satdılar və əhalidə bununla bağlı bir vərdiş formalaşdı. İnsanlar sanki belə hallara öyrəşdilər və bunu qəbul etdilər. Həm də əhali fikirləşir ki, məsələyə ciddi yanaşmağın heç bir xeyri yoxdur. Çünki əhali elə situasiyaya ciddi reaksiya verir ki, həmin problemin həlli mümkün olsun. Uzun müddət gördülər ki, heç bir xeyri yoxdur. Ona görə də belə hallara fikir vermədilər. Bunun özü çox ciddi göstəricidir. Əhalinin bu məsələdə məsuliyyətli davranması vacibdir”.
Yeganə Bayramova