Hər birinin uğur hekayəsi var

Cəmiyyətin onlardan gözləntiləri müsbətdir
Gənc nazirlər hökumətin fəaliyyətinə impuls verəcək



Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Nazirlər Kabinetinin tərkibinə daxil edilən kadrları təqdim edərkən həm köhnə komandaya, həm də yeni rəhbərlərə mühüm ismarıclar verib. Akademik konkret olaraq "rüşvətxorluğa son qoyulmalıdır” deməklə qurum rəhbərlərinin əsas iş prinsipini müəyyənləşdirib.

O, Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən Azərbaycanın "qapısı”nın şəffaf olmasının vacibliyini vurğulayıb. PA rəhbərinin sözləri yeni rəisə tapşırıq, keçmiş DMX rəisi Firudin Nəbiyevə isə xəbərdarlıq idi. Əlbəttə, kollektiv qarşısında səsləndirilən sərt açıqlamaları təsadüfi hesab etmək olmaz. Akademik Ramiz Mehdiyev öz tapşırıqları ilə yeni nazirlərə iş prinsipi anladıb, onlara göstərilən etimadın səbəbini izah edib. Xatırladaq ki, yeni təyinatların orta yaş həddi 44-dür. Bu bir daha sübut edir ki, hökumətin gənc nazirlərə etimadı böyükdür. Onlardan tələb olunan isə korrupsiya və yeyinti hallarına yol verməmək, vətəndaşlarla sıx ünsiyyətdə olmaqdır.


Vurğulanan məqamlarla bağlı "Şərq”ə açıqlama verən Konstitusiya Araşdırmalar Fondunun eksperti, hüquqşünas Zaur İbrahimli deyib ki, gənc kadrların irəli çəkilməsi ümumilikdə hökumətin fəaliyyətinə impuls verəcək. Digər tərəfdən gənclərin rəhbər vəzifələrə təyin olunması dövlət idarəçiliyində, sahələr üzrə yeni yanaşmalar, yeni ideyalar və innovasiyaların tətbiqinə geniş imkanlar açacaq: 

"Xüsusən, rəhbər vəzifələrə irəli çəkilən gənc kadrların hər birinin çox yaxşı uğur hekayəsi var. Hər biri xarici təcrübəyə, müasir standartlara yaxşı bələddir. Eyni zamanda yerli spesifikanı da kifayət qədər öyrənmək və təcrübə qazanmaq imkanı əldə ediblər. 

Bu baxımdan cəmiyyətin onlardan gözləntiləri çox müsbətdir. Prezidentin etimad göstərdiyi gənc kadrlardan ilk növbədə effektivlik, hesabatlılıq və şəffaflığın artırılması istiqamətində yeni təşəbbüslər və nəticələr gözlənilir. Gənc kadrlardan İnam Kərimov və Vüsal Hüseynov bir vaxtlar Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibliyində çalışıblar. Bu vəzifədə olarkən korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, proqramların hazırlanması və "Açıq hökumət” təşəbbüslərinin tətbiqi ilə bağlı fəal iştirak ediblər. Şübhəsiz ki, onlar bu təcrübəni yeni vəzifələrə uğurla tətbiq edəcəklər. Fuad Muradov uzun müddət vətəndaş cəmiyyətində çalışıb. Eyni zamanda millət vəkili kimi açıq fəaliyyəti, kommunikasiyası ilə seçilib. Şübhəsiz ki, bu kadrların reputasiyası, iş təcrübəsi Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan, Prezident Administrasiyasının rəhbəri tərəfindən bir daha xatırladılan vəzifələrin yerinə yetirilməsi üçün yetərlidir”.

Ekspert xatırladıb ki, Prezident İlham Əliyev həm Nazirlər Kabinetinin son iclasında, həm də inaqurasiya nitqində yeni yanaşmaların əhəmiyyətini vurğulayıb: 

"Gənc kadrlar məhz bu prinsipləri rəhbər tutaraq, yeni islahatlar tətbiq edəcəklər. Məhz buna görə onlara etimad göstərilib və zəruri şərait yaradılıb. Düşünürük ki, bu yalnız kadr dəyişikliyi olmayacaq, həm də idarəetmədə yanaşma dəyişikliyi olacaq”.

İsmayıl