Azərbaycan Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatları və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir. Bu, yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsində öz əksini tapıb. Qanunun hazırda qüvvədə olan variantında sadəcə siyasi məqsədlər daşıyan hər hansı təşkilatların və həmkarlar ittifaqlarının fəaliyyətinə yol verilmədiyi vurğulanıb. Dəyişiklikdə isə əlavə olaraq QHT və dini qurumların yaradılması nəzərdə tutulmur.
Sözügedən layihə ilə bağlı "Şərq”ə açıqlama verən "Azərbaycan Ordusu” qəzetinin sabiq baş redaktoru, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli Silahlı Qüvvələrə kənar müdaxilələri maksimum səviyyədə məhdudlaşdıran bütün təklifləri yüksək qiymətləndirdiyini deyib. Lakin ekspert vurğulayıb ki, bu, bəziləri tərəfindən ordunun tamamilə öz içinə qapanması və bir növ toxunulmazlıq statusunu alması anlamına gəlməməlidir:
"Yuxarıda deyilənlərin orduya nəzarət mexanizminə heç bir aidiyyəti yoxdur. Silahlı Qüvvələr öz vəzifə borcuna görə qarşısında müvafiq qanun və müəyyənedici müddəalarla konkret tapşırıqlar qoyulmuş qapalı bir qurumdur. QHT, yaxud hansısa dini təşkilatın bu qurumda yer alması informasiya təhlükəsizliyi baxımından qətiyyən yolverilməzdir. Ona görə də uzun müddət ordu sıralarında xidmətdə olmuş və bu kimi müdaxilələrin acı nəticələrini şəxsən müşahidə etmiş bir hərbi qulluqçu kimi bu gün Milli Məclisdə müzakirə olunan məsələləri tamamilə dəstəkləyirəm. Çünki bu xüsusda bəzi qurumların, necə deyərlər, orduya ayaq açması həm informasiyanın qorunması, həm də ordu mənsublarının təhlükəsizliyinin təmin olunması baxımından ciddi problemlər yarada bilər”.
Polkovnik-leytenant bildirib ki, Azərbaycanda söz və vicdan azadlığını məhdudlaşdıran heç bir əsas yoxdur, insanlar azaddır:
"Lakin orduya münasibətdə bu kimi azadlıqların qismən məhdudlaşdırılması qeyri-adi hal kimi, qıcıqla qarşılanmamalıdır. Çünki biz bir çox düşmənlə müharibə şəraitində yaşayırıq. Əsgər və zabitlərimiz gecə-gündüz kiprik qırpmadan səngərlərdə keşik çəkir və yeri düşdükcə, əsl əsgəri rəşadət nümunələri sərgiləyirlər. Lakin bu kimi təşkilatların orduda yer alması onların təhlükəsizliyi üçün ciddi əngəllər yarada, informasiyanın sızması ehtimalını artıra bilər. Bu isə öz növbəsində döyüş tapşırıqlarının yerinə yetirilməsi işində bir-sıra neqativlərlə nəticələnər.
Yəni, reallığın dəstəkləmədiyi bütün cəhətləri, məsələn, emosianallığı, aslılıqları, şaxələnmələri ordudan tamamilə təcrid etmək günün tələbidir. Hər bir əsgər reallıq duyğusu ilə yaşamalı, ideoloji baxımdan yalnız vətənpərvərlik hissilə silahlanmalıdır. Çünki döyüş tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsi yalnız bu halda mümkündür”.
İsmayıl