Cavanşir Quliyev: “Bütün qohum-əqrəba, hamı bilir ki, mən tək qalmalıyam”
“Mənim musiqi bəstələmə prosesimi dünyada heç kəs görməyib, tək Allahdan başqa”
Tanınmış bəstəkar, Yakın Doğu Universitetinin professoru Cavanşir Quliyev Azərbaycan şou aləmindən, sənət camisindən küskün düşüb: "İnsan yaşa dolduqca həyatı daha dərindən başa düşür. Əslində ildən-ilə görürəm ki, tanıdığım adamların sayı azalır, həyatdan köçürlər. Təbii prosesdir. Artıq yarpaq tökümü yaşıdlarım arasında da başlayıb.
Dostlarım, tanışlarım arasında vəfat edənlər olur. Getdikcə çevrə daralır, azalır. Bunlardan başqa, Azərbaycanın ən böyük televiziya rejissoru dostum Ramiz Həsənoğlu ilə daim əlaqə saxlayırıq, ona görə də çox zaman hava limanında o məni qarşılayır. İlk olaraq bütün xəbərləri ondan eşidirəm”.
Cavanşir Quliyev söz arası Azərbaycan üçün bəzən darıxdığını da dilə gətirdi: "Yaşa dolduqca, insan torpağına daha çox bağlı olur. Xaricdə yaşamaq, əslində çətindi. Bəzən musiqi alətləri dostum olur. Bəzən darıxırsan. Əgər sən bir işlə məşğulsansa, yox. Əgər işdən evə gələndə heç bir iş görmürsənsə, onda çətin olur. Çünki işdən sonra adam bilmir nə etsin. Ya özünə çevrə düzəldir, axşamlar gedir yeyib-içməyə, ya da başqa bir şey. Bu, adamın tərbiyəsinə, mədəniyyətinə baxır. Amma bir işlə məşğul olan adam üçün təklik tənhalıq deyil, sadəcə təklikdir. Tənhalıq pis şeydir. Lakin insan adamların əhatəsindəykən də tənha ola bilir. Tək olmaq hələ tənhalıq anlamına gəlmir. Sənin ömrünü həsr etdiyin işin varsa və bu işi hər yerdə görə bilərsənsə, heç vaxt tənha olmursan. İşinlə məşğulsan, sevgilin də odur, dostun da, düşmənin də. Bəzən ona hirslənirsən də. Onda təklik, tənhalıq hiss etmirsən, əksinə, faydası da var. Çünki evdə başqa bir adam olsa, həyatının bir hissəsini, vaxtını onlara həsr etməlisən. Təbii ki, ailən varsa, onlarla da məşğul olmaq lazımdır və vaxtın gedir. Ailənlə də məşğul olmalısan, amma bu iş də görülməlidir. Belə xırda şeylər çıxır və işin keyfiyyətinə də təsir göstərir. Ola bilsin, sənət adamlarının kənarlaşıb tək yaşamalarının bir səbəbi də budur ki, tamamilə işləri ilə məşğul ola bilmirlər. Mənim bəxtim gətirib, çevrəmdə olan adamlar bunu hiss etdilər, nə qohum-əqrəbam, nə də dost-tanışım şəxsi həyatıma müdaxilə edir. Bilirlər ki, mən tək qalmalıyam. Əslində mənim musiqi bəstələmə prosesimi dünyada heç kəs görməyib, tək Allahdan başqa. Bu, təklikdə olan prosesdir. O təklikdə yaratmaq imkanı olmalıdır adamın. Evimdə 6-7 uşaqlı ailə olsaydı, nə vaxt musiqi yazardım?” deyə fikrini dilə gətirdi.
Cavanşir Quliyev şəxsi həyatı barədə də danışdı. Bildirdi ki, həyatında bu gün qadın yoxdu: "Maraqlanırlar ki, həyatımda qadın var, ya yox. Həyatmıda qadın yoxdu. Qaldı sevgiyə, hərənin buna öz yanaşması olur. Sevginin tərifi yoxdur. Adam var, 5 dəfə sevir, deyir ki, hamısı sevgi idi. Deyə bilməzsən ki, heç biri sevgi deyildi, ehtiras, əyləncə idi. Bəzən buna könül əyləncəsi deyirlər. Hər kəs özlüyündə hesab edir ki, dünyada heç kəs ondan yaxşı sevə bilməz, ən dərin sevgi onunkudur. Sevgidə ölçü vahidi yoxdur. Ona görə də mən bu sualın konkret cavabını verə bilməyəcəm. Özümü soruşursunuzsa, mən bir dəfə sevdim. Qadın məni ilhamlandıra bilər. Lakin ilham mütləq musiqi deyil. İlham başqa şeydə də çıxa bilər. Amma mən onu musiqiyə töküm, olmayıb. Bəli, əsərlərimi bəzən hər hansı insana və ya insanlara həsr etmişəm, bu, başqa şeydir. Bu o demək deyil ki, insan o əsərinin içində də var. Elə bir qayda var, əsərləri kiməsə həsr edirlər. Bu o deməkdir ki, həsr etdiyin adamı bir növ bir az əbədiləşdirmək kimi bir şeydir. Sənin əsərinin başında onun adı yazılacaqsa, əgər əsər də yaxşı əsər olacaqsa, keyfiyyətli çıxacaqsa, o adam daim o əsərin içində yaşayacaq. Bir çox əsərlərimi qızıma, dostlarıma, ifaçılara həsr etmişəm. Amma siz dediyiniz anlamda yox”.
Tahirə