Dünən "Azərbaycan” nəşriyyatının, Şahmat Federasiyasının, Milli Olimpiya Komitəsinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Kütləvi İnformasiya Vasitələri təmsilçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub.
"Sherg.az"ın xəbərinə görə, "Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov artıq 22-ci dəfədir keçirilən və ulu öndərin xatirəsinə həsr edilən turnirin jurnalistlər arasında çox populyar olduğunu vurğulayıb. O həmçinin respublikanın nüfuzlu KİV təmsilçilərinin iştirak etdiyi belə yarışların əhəmiyyətindən bəhs edib. Baş direktor dünya səviyyəli siyasətçi, görkəmli dövlət başçısı Heydər Əliyevin Azərbaycanda bütün sahələrin, xüsusən də şahmatın inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyini vurğulayaraq bu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
"Azərbaycan” nəşriyyatının iqtisadiyyat şöbəsinin rəisi Afiq Vəlimətov ümummilli lider Heydər Əliyevin ölkəmizdə idmanın inkişafı sahəsindəki böyük xidmətlərinə toxunub. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə şahmatçılarımızın dünya və Avropa çempionatlarında, mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr qazandığını qeyd edib. Bu turnirin 22-ci dəfə keçirilməsini xatırladan Afiq müəllim bu dəfə 9 mətbuat orqanından 14 şahmatçının qeydiyyatdan keçdiyini və KİV əməkdaşlarının vaxt azlığını nəzərə alaraq, turnir "rapid”(hər oyunçuya 15 dəqiqə vaxt ayrılır) üsuli ilə keçirildiyini bildirib:
"Oyunçular 29 aprel tarixində respublika Şahmat Mərkəzində beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin hakimliyi ilə turnirə qatılıb. Qaliblər yalnız axırıncı, 9 –cu turdan sonra müəyyən edilib”. 4 iştirakçının eyni xal topladığını qeyd edən şöbə müdirinin sözlərinə görə, qalibi seçmək üçün təşkilatçıların 2 yolu vardı; ya püşk atmalı, ya da dörd nəfərin hər birini qalib elan etməli idi: "Adətən belə hallarda qalib FİDE-nin qaydalarına görə əmsallar cədvəlindən istifadə etməklə müəyyən olunur. Əmsallar da eyni olduğundan birinci üsulun ədalətsiz olacağını düşündüyümüzdən dörd nəfərin dördü də qalib hesab olundu. 7 xal toplayan qaliblər -"AzərTac”ın əməkdaşı Ramiz Quliyev, "Metro” qəzetindən Rövşən Abbasov, "Azxəbər.com” əməkdaşı Mehdi Abbasov və "Sport-24.AZ”ın əməkdaşı Ceyhun Əliyevdir.
Qalan yerləri 6 xalla Veteran jurnalist Tofiq Ağayev və "Azərbaycan” qəzetindən Ağəli Məmmədov, "AzərTac”ın müxbirləri Elvin Camalov, Samirə Allahverdiyeva, "MOK” Cəmaləddin Rəhmanov, "Olimpiya dünyası” Azər Əlizadə, "Seçmə” qəzetindən Fikrət Məmmədov təltif olunub. Baş direktor hər bir iştirakçıya diplom və medal təqdim edib. "Bakı- xəbər” qəzetinin redaktoru Vaqif Həsəonv Təşkilat Komitəsi adından Ağabəy Əsgərova üzərində 100 il əvvəl Azərbaycan Xalq Cumhuriyyətinin təsis etdiyi üçrəngli bayrağ əks olunmuş şərf və Azərbaycanın Dövlət Gerbi əks olunmuş medal hədiyyə edib.
Şəymən