“Bu məsələlər idarə edənlər tərəfindən düzgün tənzimlənməlidir”
Humanitar fakültələrə maraq azalıb
“Mühəndislik, inşaaat, memarlıq, iqtisadiyyatın idarə olunması... kimi ixtisaslar aktuallıq və populyarlıq qazanır”
“Bu məsələlər idarə edənlər tərəfindən düzgün tənzimlənməlidir”
“Bu məsələlər idarə edənlər tərəfindən düzgün tənzimlənməlidir”
Bu il tələbə adını qazanmaq istəyən abituriyentlər arasında V, I və II ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayında xeyli artım var. Həmçinin, abituriyentlər mühəndislik və iqtisadiyyat ixtisaslarını daha çox seçirlər.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib. Açıqlamaya görə, bu, onunla əlaqədardır ki, abituriyentlərə həm I-IV ixtisas qruplarından biri, həm də V ixtisas qrupu üzrə sənəd verməyə icazə verilir.
Digər tərəfdən ötən ildən fərqli olaraq, bu il qabiliyyət imtahanları üzrə seçmə turlar ləğv olunub və abituriyentlərin daha rahat şəkildə TQDK-nın internet saytında elektron qeydiyyatdan keçmələri üçün "qabiliyyət imtahanlarına qeydiyyat” sistemindən istifadə edilib.
Bu il tələbə adını qazanmaq istəyən abituriyentlərin əksəriyyəti sənədlərini I və II ixtisas qruplarına veriblər.
Komissiyadan deyilib ki, ixtisas qrupları üzrə qeydiyyatdan keçənlərin sayına diqqət yetirsək, mühəndislik (I qrup), iqtisadiyyat və idarəetmə (II qrup) ixtisasları üzrə təhsil almaq istəyənlərin sayının daha çox olduğunu gözləmək olar.
Belə görünür ki, gənclər texniki peşələrə və iqtisadiyyata daha çox meyl edir. Əslində, burada təəccüblü bir hal da yoxdur. İqtisadiyyat və texniki peşələrin gəlirli sahə olduğu günümüzün
reallığıdır. 600 balla humanitar ixtisaslara qəbul olunanların çoxunun münasib iş tapa bilmədiyi, işləyənlərinsə aşağı əmək haqqı aldığı bir vaxtda, mühəndislər, elektriklər, bank işçiləri tutarlı gəlirə malikdir. Deyəsən, getdikcə III ixtisas qrupunun dəyəri azalmaqdadı. Abituriyentlər yaxşı başa düşür ki, 650-dən yüksək bal toplayıb hüquq, beynəlxalq münasibətlər, dövlət idarəçiliyi ixtisaslarına qəbul oluna bilməyəcəklərsə, pedaqoji, ya da "bəd ayaqda” jurnalistika ixtisasını seçməli olacaqlar, bu da ümidli gələcək vəd etmir. Deməli, normal dolanışığı təmin etmək üçün heç olmasa gərək elektrik, kompüter ustası olasan. Yəqin buna görədir ki, iqtisadiyyat və mühəndislik üzrə ixtisaslara sənəd təqdim edənlərin sayı da artmaqdadı.
Məsələyə münasibət bildirən Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında ixtisas qrupları üzrə abituriyent sayındakı dəyişikliyin reallığa uyğun olduğunu dedi:
- Bunlar təbii prsoeslərdir. Cəmiyyətin inkişaf tarixinə fikir versək, görərik ki, orta əsrlərdə söz ən güclü vasitə hesab edilib. Şairlik, filosofluq, tərbiyəçilik ən üstün peşələr hesab edilib. Orta əsrlərdə görün necə sənət əsərləri yaranıb, tarixçilər, filosoflar yetişib. O zamanlar insanlar ümumi şəkildə yetişdirilirdi. İnsan münasibətləri əsas rol oynayırdı. Amma 18-19-cu əsrlərdə artıq texniki inqilablar dövrü başladı. Hətta o dövrdə söz adamları texniki çevrilişlərə qarşı çıxırdı, maşınları sındırır, dağıdırdılar. Söz adamları bu qənaətdə idi ki, texnikanın inkişafı insan münasibətlərini məhv edəcək. İndi vəziyyət necədir? Bir elektron düymə yüzlərlə avadanlığı və insanı əvəz edir. Hər şey bir nöqtəyə bağlıdır. Onu düzgün idarə etdinsə, məqsədinə nail olursan. Bu gün də sürətli texniki tərəqqi dövrüdür. Elektronlaşdırma, texnika həyati tələbatların ödənməsində əsas rol oynayır. Əlbəttə ki, bir insan elektron aparatların dilini bilirsə, mexanizmlərdən "başı çıxırsa”, yaxşı əmək haqqı alacaq, qazanacaq və dolanışığını təmin edəcək. Məsələn, sovet vaxtı, hələ "sosial ədalət prinsipi”nin əsas olduğu bir ölkədə, insanlar daha çox rüşvətlə qazanc əldə edirdilər. Bu da əsasən məhkəmə sistemi və güc strukturlarında idi. Hətta rüşvətin qarşısını almaq üçün məhkəmə və güc strukturlarında çalışanların övladlarının bu sistemlərdə işə düzəlməsini qadağan etmişdilər. İndi isə vəziyyət getdikcə dəyişir. İnsanlar özünü texniki yaradıcılıqda görür. Mühəndislik, inşaaat, memarlıq, iqtisadiyyatın idarə olunması... kimi ixtisaslar aktuallıq və populyarlıq qazanır. Çünki bunu zaman tələb edir. Təkcə texniki mühəndislik deyil, elektron mühəndisliyi, kimya mühəndisliyi sahələri də var. Bu sahələrdə dünya miqyaslı kəşflər edilir. Burada xarici dil bilmək də əhəmiyyətlidir. Xarici dil bilməklə istədiyin ölkə ilə əməkdaşlıq edə bilərsən. Yəni, bu ixtisaslarda insanın öz bilik və bacarığını realizə etmək imkanları daha genişdir. Gənclər də doğru seçim edir. Görürlər hansı peşələr gəlirlidir, rahatdır, o sahədə biliklərini artırmağa və çalışmağa üstünlük verirlər.
Bəs, I və II ixtisaslar üzrə abituriyent sıxlığı gələcəkdə bu ixtisaslar üzrə keçid ballarının yüksəlməsinə zəmin yarada bilərmi?
Ə.Ağayev qeyd etdi ki, ən aşağı keçid balı I ixtisas qrupu üzrə müəyyən edilsə də, bu tendensiya artıq dəyişmək üzrədir:
- 2 ildir ki, mühəndislik və iqtisadiyyat ixtisaslarına yüksək balla qəbul olunurlar. Məsələn, "Qafqaz” Universitetində humanitar ixtisaslara 2 nəfər yüksək balla qəbul olunubsa, iqtisadiyyatda 25 nəfər yüksək bal toplamış tələbə var. Yəni, I ixtisas qrupu üzrə ən aşağı keçid balı təyin edilməsi tendensiyası artıq dəyişmək üzrədir. Gələcəkdə I və II ixtisas qrupları ən çox sıxlıq yaşanan ixtisas qrupları ola bilər. Çünki bu, artıq həyatın tələbinə çevrilməkdədi. Texniki sahə üzrə kadr hazırlığı yüksək səviyyədə aparılmalıdır. Hökumətin bununla bağlı konseptual yanaşması olmalıdır. Çünki bəzən qabiliyyətsiz adam bacarıqlı bir işçinin yerini tutur. Bu da narazılıq yaradır. Görün, vəziyyət nə yerdədir ki, Kooperasiya İnstitutu da pedaqoji kadr hazırlayır. Bu "kadr” da sabah gedib hansısa orta məktəbdə, peşə məktəbində işə düzəlir, həqiqi ixtisaslı bir kadr isə işsiz qalır. Bu məsələlər idarə edənlər tərəfindən düzgün tənzimlənməlidir. Texniki sahənin üstünlüyü odur ki, burada bacarıqsız adam çox qala bilmir. Humanitar sahədə isə "gizlənmək” mümkündür. Texniki peşələrdə, eləcə də iqtisadiyyat sahəsində bacarıq qısa müddətdə üzə çıxır. Hər kəs istəyər ki, bilikli, bacarıqlı işçisi olsun. Ona görə də ixtisasını bilən, işinə bələd adam üçün bu sahələrdə iş tapmaq mümkündür. Həmin ixtisaslara marağın artması da tələbatın artmasından irəli gəlir.
Məlahət Rzayeva