“Biz girovlarımızla bağlı ən çox Rusiya ilə danışıqlar aparırıq”
2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva ötən gün "Şərq”ə açıqlamasında qardaşı ilə bağlı yeni məlumatların olmadığını deyib. "Beynəlxalq Qızıl Xaç Komitəsi”nin (BQXK) əməkdaşları Şahbaz üçün yazdıqları məktubu ailəsindən götürüb qardaşına çatdıracaqlarını, onun da məktubunu ailəsinə gətirəcəklərini deyiblər. Lakin sonradan heç bir məlumat verməyiblər. Ailələrinin narahatlığı da onu deməyə əsas verir ki, BQXK girovlarımızı taleyin ümidinə buraxıb. Dövlət səviyyəsində atılan addımlar da hələlik bir nəticə vermir.
Təəssüflər olsun ki, Dilqəm Əsəgərov və Şahbaz Quliyevin nə üzərində saxta erməni məhkəməsinin qurulması, nə də onlara uzun müddət işgəncə verilməsi beynəlxalq təşkilatları narahat edir. Adi bir məsələdə Azərbaycanda insan hüquqlarının "pozulması”nı əldə bayraq edib özlərini demokratik təşkilat adlandıran qurumların Kəlbəcər girovlarına biganə yanaşması haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıq doğurur.
Zaman-zaman yerli hüquq müdafiəçilərinin də girovlar məsələsinə laqeyd münasibəti müzakirə predmetinə çevrilir. Görəsən, hüquq müdafiəçiləri Kəlbəcər girovlarını necə müdafiə edir?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu hüquq müdafiəçilərinin girovlar məsələsinə biganə yanaşması kimi arqumentləri qəbul etmir. O, bütün görüşlərdə bu məsələni rəhbər tutduqlarını deyib:
"Biz ən çox da Rusiya nümayəndələri ilə bu istiqamətdə danışıqlar aparırıq. Bilirsiniz ki, Ermənistana beynəlxalq təşkilatlardan daha çox Rusiya təsir göstərə bilir. Biz də ona görə öz işimizi onlarla qurmuşuq ki, tez bir zamanda girovlarımızın azad olunmasına nail ola bilək. Dəfələrlə məktub yazıb, bir masa arxasında müzakirələr aparmışıq.
Bizə söz veriblər ki, girovların Azərbaycana qaytarılmasında bizə yardımçı olacaqlar və hər iki həmyerlimizi ermənilərin girovluğundan azad edəcəklər. Biz də gözləyirik...”
N.Cəfəroğlunun sözlərinə görə, BQXK-nın nizamnaməsində açıq-aşkar qeyd olunub ki, Komitə əməkdaşlarının baş çəkdiyi girovların taleyi ilə bağlı onun ailəsinə məlumat verməmək səlahiyyəti var. Onlar mütəmadi olaraq, əsirlikdəki şəxslərlə görüşüb, onların problemləri ilə maraqlanırlar. Hər görüşdən sonra məlumat yaymamaq ixtiyarları var.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü il dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.
Şəymən