İcra başçısı o yaralı əsgərin ayağının ucunda oturmalıdır

“Rembo”nun atasının müraciəti Goranboy icra başçısından daxil olan ilk şikayət deyil
Görünür, bu adamlar hələ də öz isti kabinetlərində məhz əsgərlərimizin hesabına oturduqlarının fərqində deyillər

Azərbaycanın işğal olunmuş torpaqları uğrunda ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar zamanı qəhrəmanlıq göstərərək ağır yaralanmış "Rembo” ləqəbli tankçı-mexanik Razi Cavadovun atası Vidadi Cavadov yerli icra nümayəndələri tərəfindən incidildiyini deyib. Hazırda Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında koma vəziyyətində olan yaralı tankçının atası konkret olaraq yaşadıqları Goranboy rayonunun icra başçısının onlara göstərdiyi biganəliyindən gileylənib. V.Cavadov bir müddət əvvəl "moderator.az”da getmiş müraciətindən sonra telefonuna gizli nömrədən zəng vurub ona hədə-qorxu gəldiklərini deyib: "Mənə dedilər ki, deyəsən, sənin başın bədəninə ağırlıq edir”.

General-mayor Rasim Əliyevin qəbulunda olduğunu vurğulayan yaralı tankçımızın atası deyib ki, həmin qəbuldan icra hakimiyyətinin müavini onlara gedərək evdəkilərə 300 manat pul verib. Pulla yanaşı, 70-80 manatlıq bazarlıq da edibmiş: "Hansı ki, gəlinim ondan əvvəl uşaqları ilə birlikdə icra başçısının qəbuluna getmişdi, ancaq icra başçısı özü onları qəbul etməmişdi. Həmin o bizə gələn Elçin adlı müavini gəlinimlə, nəvələrimi qəbul etmişdi. Gəlinimə demişdi ki, icra başçısının sizi qəbul etməyə vaxtı yoxdur, biz də burada yardım paylamırıq, nə vaxt bizə nəsə versələr, o zaman biz də gətirib sizə verəcəyik”. Yaralı tankçımızın atası onu da əlavə edib ki, Goranboy rayon icra hakimiyyətinin başçısı istisna olmaqla bütün aidiyyəti qurumlar onun oğluna, ailəsinə yüksək səviyyədə diqqət göstəriblər. Qeyd edək ki, əsgər atası ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayaraq keçmiş döyüşçü və qəhrəmanlıq göstərərək ağır yaralanmış Razi Cavadovun atası olaraq onu qəbul etməsini xahiş edib.

Əsgərə atasına qarşı sərgilənən bu münasibət haqlı olaraq cəmiyyətdə ciddi narazılıq doğurub. Bu məsələ ətrafında müzakirə açan ictimaiyyət üzvləri, sosial şəbəkə istifadəçiləri, media nümayəndələri "Vətən uğrunda döyüşən əsgərə verilən qiymət budur?!” sualına cavab axtarıb, "Rembo”nun ailəsinə hədə-qorxu gələn başçının qısa zamanda cəzalandırılmasının labüd olduğunu qeyd ediblər.

Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid Orucun sözlərinə görə, şəhidə, əsgərə münasibət heç də xalqın göstərdiyi qayğı və dövlətin yeritdiyi siyasətə kölgə salan insanların atdığı addımlarla ölçülməməlidir: "Cənab Prezident başda olmaqla bütün Azərbaycan xalqının tarixə "4 günlük” müharibə adı ilə düşən hərbi əməliyyatlarda iştirak edən hərbi qulluqçuları necə qiymətləndirdiyinin, şəhidləri ən yüksək zirvədə tutduğunun, yaralıları ziyarət etdiyinin, onlara dəstək aksiyalarının keçirildiyinin şahidi olduq. Dövlət də öz üzərinə düşən öhdəliyi yerinə yetirərək yaralı əsgərlərin müalicə xərclərinin, şəhidlərin dəfn mərasiminin tamamını üzərinə götürdü. Birbaşa ölkə başçısı səviyyəsində şəhid ailələrinin sosial qayğılarının tez bir zamanda aradan qaldırılması istiqamətində göstərişlər verildi. Hesab edirəm ki, hər bir Azərbaycan məmuru bundan nəticə çıxarmalıdır. Şəhidlərimizin, Vətən müharibəsi savaşına qalxan hər bir əsgərin yerli idarəetmə siyasətində birinci olmalıdır. Orduda xidmət edən insanlar Ali Baş Komandanın qiymətləndirməsində ön yerdə dururlarsa, heç bir icra hakimiyyəti başçısının ixtiyarı yoxdur ki, fərqli davranış, fərqli münasibət sərgiləsin. Amma təəssüflə vurğulamalıyam ki, "Rembo”nun atasının müraciəti Goranboy icra başçısından daxil olan ilk şikayət deyil. Görünür, bu adamlar hələ də öz isti kabinetlərində məhz əsgərlərimizin hesabına oturduqlarının fərqində deyillər. Axı bu gün hospitalda müalicə alan yaralı əsgər valideynin vasitəsilə danışmamalıdır. Şəxsən Goranboyun icra başçısı həmin əsgərin ayaqlarının ucunda oturmalı, onun problemləri ilə maraqlanmalıdır. Tapqaraqoyunluda olan evinin düşmənin atdığı mərmi zərbələrindən ziyan gördüyünü böyük bir fəxarətlə deyən şəxs dərk etməlidir ki, həmin bombalara sinəsini sipər edən məhz bu oğullar olub”.

Millət vəkilinin sözlərinə görə, hər birimiz Azərbaycan əsgərinin cəmiyyətdə qalxan nüfuzunun təkcə Silahlı Qüvvələrin dəyərini yüksəltmədiyinin fərqində olmalıyıq. Keçirilən əməliyyatlar hər bir Azərbaycan əsgəri ilə yanaşı, mülki vətəndaşları da qürurlandırmalıdır: "Bəs demirdik ki, 20 ilin məğlubiyyəti, töhməti hamımızın üstündədir?! Deməli, biz bütünlükdə bu yükü ordunun üzərinə atmışıq ki, indi də bu qələbəni sadəcə əsgərlərin uğuru kimi görüb, sevinclərini bölüşmürük? Dövlət başçısının qiymətləndirməsindən kənarda məmurlarımız torpaq uğrunda canını verən şəhidlərin ailələri, sağlamlığını qurban edən yaralı əsgərlərimiz üçün nə ediblər?! Məgər, yerli icra nümayəndələri və digər hökumət strukturları oxşar addımları atmış olsalar, dövlətin təhlükəsizliyinə xidmət etmiş olmazlar? Onlarsa əksinə, əldə olunan uğurlara kölgə salmaq siyasəti yeridirlər. Torpaqlarımızın düşmən ordusundan təmizlənməsi üçün müharibənin başlanmasının hər bir azərbaycanlının dilindən çağırış olaraq səsləndirildiyi bir dövrdə hər kəs öz davranışlarına fikir verməlidir. Əks addım atanlar öz əməlləri ilə ermənilərin işğalçılıq siyasətinə dəstək vermiş olurlar. Hesab edirəm ki, mediada qaldırılan bu narazılıq cəmiyyətə o formada təqdim olunmalıdır ki, şəhidlərimizin ailələrinə və Vətənin bütövlüyü uğrunda bədəninin bir hissəsini qurban verən əsgərlərə bir ömür mənəvi və maddi cəhətdən borclu olduqları hər bir icra başçısının, hakimiyyət nümayəndələrinin beyninə həkk olunsun”.

Şəymən