İctimai nəqliyyatın hərəkəti üçün xüsusi zolaqlar salınacaq

Amma bunu paytaxtın bir çox ərazilərində tətbiq etmək mümkün olmayacaq
Paytaxtın əksər yolları dar olduğundan orada 2-3 hərəkət zolağı tətbiq etmək də mümkün deyil


Avtobus marşrutları, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutlar sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılacaq.

Sputnik Azərbaycanın xəbərinə görə, iri şəhərlərin küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə bağlı zərurət yarandıqda xüsusi hərəkət zolaqları yaradılacaq. Bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Qeyd olunur ki, Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətləri artırılacaq, avtobus dayanacaq məntəqələri ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtilə yerləşdiriləcək, avtobus marşrutları, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutlar sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılacaq.
Bundan başqa, avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur.

Məsələni şərh edən Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli «Şərq»ə açıqlamasında bildirdi ki, ictimai nəqliyyatın hərəkəti üçün xüsusi zolaqların ayrılması vacib məsələdir. Lakin bu, şəhər və yol infrastrukturunun buna nə dərəcədə hazır olmasından asılıdır:

- Təəssüf ki, nə qədər çalışılsa da, yol və ictimai nəqliyyat probleminin həllinə nail olunmur. Deyirlər, ictimai nəqliyyat üçün ayrıca hərəkət zolaqları çəkiləcək. Amma bunu paytaxtın bir çox ərazilərində tətbiq etmək mümkün olmayacaq. Tutaq ki, «Azadlıq» prospektində bu tətbiq edildi. «Azadlıq» prospektinin Binəqədi rayonu ərazisindən «28 May» metrostansiyasınadək məsafədə bu mümkün ola bilər. Çünki «28 May» metrostansiyasının qarşısından artıq prospekt daralır. Orada 3 zolaqlı, xüsusi hərəkət zolaqlı yol istifadəyə vermək mümkün deyil. Orada yol Hökumət Evi binasına qədər çox darısqaldır. Eləcə də, «Neftçilər» prospektinin kəsişdiyi ensiz, dar küçələr nəzərə alınarsa, burada yalnız bir istiqamətdə xüsusi zolaq istifadədə ola bilər. 

Yol infrastrukturunda da bir çox dünya təcrübələri var ki, onların tətbiqi müsbət nəticələr verir. Məsələn, digər nəqliyyat vasitələrinə sağa dönmək qadağan olunduğu halda, ictimai nəqliyyata bu, icazə verilir. Bəzən düşünürük ki, avtobus qaydanı pozdu, sağa və sola döndü, amma xeyr, elə yerlər var, orada avtobuslara istisnalar tətbiq edilir. Ümumən, ictimai nəqliyyata ayrıca zolaqlar çəkmək qəbul olunan və faydalı işdir. Amma o şəhərlərdə ki, buna yol infrastrukturu imkan verir. Bizdə isə ayrıca zolaqların çəkilməsi mümkün olacaq yollar çox azdır. 

İstanbulda metrobusların hərəkət zolağına digər nəqliyyat vasitələrinin girişi qadağandır. Bu qadağanı yalnız «ambulans»lar, yanğın söndürən maşınlar və polis poza bilər. Bakıda belə xüsusi zolaqları Heydər Əliyev prospektində, aeroport yolunda tətbiq etmək olar. Amma bu yollarda da avtobuslar ayrıca zolaqla uzun məsafə qət edə bilməyəcəklər. Çünki bu prospektlərin və magistral yolların da kəsişdiyi ensiz küçələr, qəsəbələrarası yollar var.

İ.Hüseynli qeyd etdi ki, xüsusi hərəkət zolaqları yaratmaq heç də asan iş deyil:

- Bakının yolları köhnə üslubda tikilib. 30-40 il əvvəl salınmış yollardır. O zamanlar şəhərdə nə bu qədər avtomobil vardı, nə də bu qədər tıxac yaşanırdı. Tıxac da son 10-15 ilin problemidir. Bunun da başlıca səbəbi avtomobillərin hədsiz çoxluğudur. Həmçinin, bir sıra hallarda yol infrastrukturunun da düzgün qurulmaması tıxacların yaranmasına səbəb olur. Paytaxtın əksər yolları dar olduğundan orada 2-3 hərəkət zolağı tətbiq etmək də mümkün deyil. Dünyanın inkişaf etmiş ölkələrində təcili yardım, polis, yanğınsöndürən, həmçinin, ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqları təyin edilir. Bu zolaqlara artıq digər nəqliyyat vasitələrinin girişi qadağandır. Bizdə son illər salınan yeni yollar genişliyi ilə fərqlənir, hərəkət zolaqlarının sayı da çox olur. Lakin bu, yeni salınan yollarda mümkündür. Ötən əsrdə salınmış yollarda bunu etmək çox çətindir, bəzənsə mümkün deyil. Onda gərək bütün yollar yenidən qurulsun. 

Amma belə etmək olar ki, hərəkət zolaqlarından biri, daim ekstremal vəziyyətlər üçün nəzərdə tutulsun və hərəkət zolağında avtomobillərin yalnız ard-arda və məsafəli hərəkətinə icazə verilsin, avtomobillərin yanaşı hərəkət etməsi qadağan olunsun. Belə olarsa, irəlidə hərəkət edən avtomobillər yolun kənarına çəkilməklə arxadan gələn təcili yardım, yanğınsöndürən və sair maşınlara yol verə bilər. Hansı yolda ki, imkan, şərait var, orada bir hərəkət zolağının nisbətən boş saxlanmasına çalışılmalıdır. Bu metoddan xəstəxanaların, klinikaların yerləşdiyi ərazilərə yaxın küçələrdə tətbiq etmək olar. Düşünürəm ki, yaxın illərdə Bakıda da xüsusi zolaqlı yolların sayı çox olacaq. Görünür ki, yeni yollar salınarkən bu məsələyə önəm verilir.

Məlahət Rzayeva