İdarəçiliyin optimallaşdırılması zəruri idi

Dövlət başçısının elan etdiyi islahatların əsas qayəsi sadələşdirməni, asanlaşdırmanı və əlçatanlığı təmin etməkdir


Dövlət idarəetmə sistemində ilin əvvəlindən etibarən aparılan struktur və kadr islahatları 2019-cu ildən başlamayıb. Bu prosesə daha əvvəldən start verilib”. Bunu "Şərq”ə açıqlamasında millət vəkili Zahid Oruc deyib. İslahatları dəyərləndirən deputat bildirib ki, bir qayda olaraq dövlət idarəetmə sistemi cəmiyyət həyatının müxtəlif sahələrini tənzimləmək və qarşıya qoyulan vəzifələri yerinə yetirmək zərurətindən doğur: "2000-ci illərin idarəetmə sistemi ilə müasir dövr arasında böyük fərqlərin olduğunu hər kəs qəbul edir. Doğrudur, ümumən götürəndə hökumətdə müxtəlif nazirliklər və onların ştat tərkibi bu illər ərzində fərqli bir saya gəlib çatıb. Bu da əhalinin nüfuzunun artması ilə bağlıdır və təbii prosesdir. 

Lakin qeyd etmək lazımdır ki, həyat dəyişdikcə, dünyada mövcud olan aparıcı innovativ proqramlar qəbul olunduqca hər hansı vacib işin yerinə yetirilməsi bəzən bir nazirliyin nəzdində mümkün olur. Bundan ötrü bir neçə dövlət agentliyinin, komitənin saxlanmasına ehtiyac qalmır. 

Bu səbəbdən ölkə rəhbəri yanvarın 12-də keçirilən müşavirədə bildirdi ki, bəzən fərqinə varmırıq, ilkin dövrdə fərqli qurumların yaradılmasına gedilir, lakin sonra bunun böyük büdcə vəsaitləri hesabına başa gəldiyi görülür. Bu isə iqtisadiyyatda rəqabət prosesinə əngəl törədir, həmçinin, daha çox tənzimləmələrə gedildikcə, qanun və hüquqi sənədlərin çoxluğu meydana çıxır. Bu da paytaxtın inkişafının qarşısını alır. O səbəbdən işlərin optimallaşdırılması zəruri idi”.

Z.Orucun sözlərinə görə, burada kadr islahatları adı altında kimlərisə işsiz qoymaqdan, onları taleyin ümidinə buraxmaqdan söhbət getmir. İslahatların böyük mənasını kənarda saxlayaraq məsələni bu müstəvidə təhlil etmək yanlışdır:

 "Dövlət başçısının elan etdiyi islahatların əsas qayəsi sadələşdirməni, asanlaşdırmanı və əlçatanlığı təmin etməkdir. Təbii ki, ştat saylarının azalması zamanı müəyyən ixtisarların olması istisna edilmir. Lakin bu zaman alternativ vasitələr işə düşəcək. Əgər işsiz qalanlar adbaad müəyyən edilərsə, dövlət özünün kredit resurslarını işə salacaq. 

Ona görə də hesab edirəm ki, islahatların daha sürətlə həyata keçirilməsi üçün büdcədən mütləq əlavə vəsait ayrılmalıdır. Vəsaitlər qətiyyən dövlət sektoruna deyil, özəl sahələrə sərf olunmalıdır. Yəni kreditləşməni təmin etmək lazımdır. İşsiz qalan adamlar müəyyən məbləğdə, təxminən 100-150 milyon manat kredit səviyyəsində öz işlərini qura və iqtisadi sahəyə transfer ola bilərlər. 

Nəticədə dövlət büdcəsindən asılılıq ortadan qalxar və şəffaflıq olar. Büdcədən asılılıq davam etdiyi müddətcə hamı oturub gözləyir ki, görək dövlət bizim üçün nə edəcək. Ona görə də hesab edirəm ki, bu məsələ ətrafında süni ajiotaj yaratmaq lazım deyil”.

İsmayıl