“İdarəetmə sistemi yenidən qurulacaq”

Fəzail Ağamalı: “Son söz sahibi Azərbaycan xalqıdır”



Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılması və kütləvi informasiya vasitələrində dərc edilməsi qeyd olunub. Ümumxalq səsverməsi isə 2016-cı il sentyabrın 26-na təyin edilib. Mərkəzi Seçki Komissiyasına göstəriş verilib ki, ümumxalq səsverməsinin bu sərəncamda göstərilən tarixdə keçirilməsini təmin etsin. Nazirlər Kabinetinə isə referendumun maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Təklif olunan dəyişiklikləri müsbət dəyərləndirən millət vəkili Fəzail Ağamalı söyləyib ki, bunlar Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə, ölkəmizdə demokratik cəmiyyətin daha yüksək səviyyədə inkişaf etməsinə xidmət edən təkliflərdir: "Dünyada gedən siyasi proseslər və bu proseslərdən çıxan konkret nəticələri nəzərə alaraq, Azərbaycanda dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş təşəbbüsdür. Birincisi, istər parlament seçkiləri ilə bağlı, istər Prezident seçkiləri ilə bağlı yaş məhdudiyyətinin götürülməsi demokratik prinsiplərə zidd olan məqamların aradan qaldırılması deməkdir. Artıq 18 yaşından yuxarı istənilən Azərbaycan vətəndaşının parlament üzvü seçilməsi onun hüququdur, lakin onun seçilmək imkanları xalqın səsindən asılıdır. Prezident seçkilərində kiminsə 35 yox, 25 yaşı varsa, lakin istedad sahibidirsə, siyasətdə özünü təsdiq edibsə, onun hüquqlarının məhdudlaşdırılması doğru deyil. Buna görə də onlara şans verilir. Digər tərəfdən, ölkə Prezidentinin 7 ildən bir seçilməsi də dünya praktikasında mövcuddur. Bu, tamamilə dünyada, regionda gedən proseslər fonunda son dərəcə düzgün yanaşmadır”.

Deputat diqqətə çatdırdı ki, vitse-prezidentlər institutunun yaradılması tam yeni bir yanaşmadır: "Bəzi ölkələrdə yalnız vitse-prezident var. Lakin təklif olunan variantda birinci vitse-prezident və vitse-prezidentlər var. Bu, artıq idarəçiliyin tamamilə yenidən qurulması deməkdir. Bu layihə referendumdan keçəndən sonra biz görəcəyik ki, idarəetmə sistemində hansı islahatlarla müşahidə olunacaq. Mənim fikrimcə, idarəetmə sistemi daha da sadələşdiriləcək, konkretləşdiriləcək, vitse-prezidentlərin idarəçilik sistemində iştirak etməsi bir sıra institutların ləğvinə və ya birləşməsinə gətirib çıxara bilər. Bu halda nazirlər və nazirliklər necə olacaq, bilmirəm. Dünyanın heç bir yerində belə format yoxdur. Lakin bu, dövlətin güclənməsinə, daha yüksək demokratik səviyyəyə qalxmasına, xalqın inkişafına xidmət edəcək”.

Deputat qeyd edib ki, referendum qərarının qəbul edilməsi onun bir neçə gün əvvəl səsləndirdiyi fikirlərin reallığını təsdiqləyir: "Son söz sahibi də Azərbaycan xalqıdır. Konstitusiyada Azərbaycan xalqının iradəsinə qarşı məhdudiyyətlər yoxdur, təsbit edilməyib, edilə də bilməz. Konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələr ölkədə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gücləndirilməsi ilə yanaşı, demokratik dəyərlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək. Hesab edirəm ki, Konstitusiya Məhkəməsi ölkə başçısının bu sərəncamına müsbət rəy verməklə gözlənilən addımı atıb”.

Ayyət Əhməd