UEFA İcraiyyə Komitəsinin iclası Bakıda tarixdə ilk dəfə təşkil olunacaq. Mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlanıb.
İcraiyyə Komitəsi gündəliyinə 2021-ci ildə UEFA qadınlararası Çempionlar Liqasının ev sahibinin müəyyənləşdirilməsi; müxtəlif yarışların və texniki qaydaların təsdiqi; futzal üzrə UEFA Avropa çempionatı 2020/2022; 2019/2020-ci illər UEFA Avropa U-17 və U-19 çempionatları; 2019/2020-ci illər UEFA Avropa qadınlararası U-17 və U-19 çempionatları; UEFA İntizam qaydaları (2019 buraxılışı); UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı); UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı); turnirlərin əsasnamələri – oyun qaydalarına adaptasiya; UEFA Avropa gənclər çempionatlarının formatı; Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması; UEFA Grassroots mükafatı 2019 daxildir.
Ölkəmizin beynəlxalq tədbirlərə dəfələrlə ev sahibliyi etdiyini deyən Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Firdovsi Umudov"Sherg.az”a bildirib ki, bir çox xarici qurumlar Bakıda təşkil olunan I Avropa və İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini dəfələrlə qeyd ediblər:
"Ölkəmizin inkişafını, Azərbaycanda yüksək səviyyəli yarışların keçirilməsini gözü götürməyən qüvvələr təxribat xarakterli bəyanatlar yayırlar. Ölkəmizin inkişafına, Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlərə kölgə salmağa, ləkə yaxmağa çalışırlar. Təəssüflər olsun ki, "sapı özümüzdən olan baltalar” da həmin qüvvələrin qarayaxma kampaniyasına qoşulurlar.
Lakin keçirilən oyunların yüksək səviyyədə təşkili Azərbaycanın inkişafından xəbər verir. Təsadüfi deyil ki, UEFA İcraiyyə Komitəsinin iclası ölkəmizin tarixində ilk dəfə keçiriləcək. Cənab Prezident yüksək səviyyəli yarışların keçirilməsi istiqamətində mühüm işlər görür. Bütün bunlar göz qabağındadır. Bunu danmaq, görməmək, görməzdən gəlmək qərəz və paxıllıqdır. Xalqımız dövlətimizin ətrafındadır. İdmançılarımız da böyük uğurlara müyəssər olmaqla belə xoşagəlməz hadisələrə imkan verməyəcəklər”.
Yeganə Bayramova