"İƏT ABŞ-a və İsrailə qarşı sanksiya tətbiq edə bilməyəcək" - ŞƏRH





"Dövlət başçılarının çıxışlarından göründüyü kimi yekun sənəddə Şərqi Qüdsün Fələstinin işğal altında olan paytaxtı kimi tanınması haqqında qərar qəbul ediləcək”.

Bu sözləri "Sherg.az”a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib. 

O bəyan edib ki, beynəlxalq ictimaiyyətin bu təklifi dəstəkləməsinə çağırış olunacaq:

"Fələstini dövlət kimi tanımayan ölkələrdən də onun dövlət kimi tanınması istənəcək. Şübhəsiz ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) məşvərətçi qurumdur. Düzdür, BMT-dən sonra ən böyük təşkilat sayılır, 57 üzvə, 5 müşahidəçi dövlətə malikdir. BMT ilə İƏT-in oxşarlığı odur ki, hər iki qurumun qətnamələri tövsiyə xarakterli olur, icra edilmir. Bunu elə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da görə bilirik. Fələstin və Qüdslə bağlı da BMT-nin qətnaməsi var. Təəccüblü deyil ki, bu qətnamələrə əməl olunmayıb, torpaqlar İsrail tərəfindən tutulub. 1947-ci ildən bu yana Fələstin İsrailin bir növ muxtar vilayətinə çevrilib, torpaqları da İsrail tərəfindən tutulub.

İndiyə qədər dünyanın heç bir dövləti Qüdsü bütövlükdə İsrailin paytaxtı olaraq tanımayıb. Bunu belə tanıyan yeganə Dövlət ABŞ-dır. Digər dövlətlər isə Qərbi Qüdsü İsrailin, Şərqi Qüdsü isə Fələstinin paytaxtı kimi tanıyır. Ona görə, İƏT-in toplantısında iştirakçıların əsas məqsədi Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınmasını dəstəkləməkdir”.

Amerikanın ciddi tənqid olunmasını xatırladan S.Soltan hesab edir ki, bu, beynəlxalq hüquq normalarını pozduğuna, BMT-nin Fələstin və Qüdslə bağlı qətnamələrini tapdadığına görə idi:

"Bu hadisələr hələlik bir qədər emosional xarakter daşıyır. Bəzi böyük ərəb dövlətləri məlum toplantıda iştirak etmir. Perspektivdə İƏT ABŞ-a ya da İsrailə qarşı heç bir sanksiya tətbiq edə bilməyəcək. Müxtəlif təzyiqlər, bəyanatlar olacaq. Amma İsrailin tutduğu yoldan dönməsi mümkünsüzdür. ABŞ-da geri çəkilməyi özünə sığışdırmayacaq. Çünki bu dövlətin geri çəkilməsi bütün dünyada mövqeyinə xələl gətirəcək.

ABŞ dövlət katibi Reks Tillerson bəyan etdi ki, səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi iki ildən tez olmayacaq. Həmin müddətdə ola bilər emosiyalar sakitləşsin, bölgədə vəziyyət normallaşsın. Ancaq elan edilən məsələlər həllini tapmayacaq. Bu həm də daha çox fələstinlilərin, ərəblərin üzərinə düşür. Son hadisələr göstərir ki, ərəb dövlətləri belə məsələlərdə zəif çıxış edir. Onlar İsraillə münasibətləri normallaşdırmaq istəyirlər. Çünki İsrail əvvəl özünün dövlət kimi tanınmasını istəyir.

Fələstində İsrail əleyhinə aksiyalar artacaq. Bununla paralel olaraq digər ölkələrdə, Avropa və Amerikada etirazlar baş qaldıra bilər. Amma ciddi nəticələrdən söhbət getmir.

İƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da sənədlər qəbul edib. Heç biri yerinə yetirilməyib. Əksinə bu təşkilata üzv ölkələr Ermənistanla sıx şəkildə əməkdaşlıq edirlər. Tək İranı burada misal çəkmək olar. Ona görə, İƏT sadəcə danışıb dağılışmaq, etiraz etmək üçün meydandır”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında çıxış edib. Prezident bildirib ki, Amerika Birləşmiş Ştatları prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı böyük narahatlıq yaradır:

"Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır”.

Aysel Aslan