“İftar süfrələri doyumlu, amma sadə olmalıdır”
Şahin Həsənli: “İftarın yubanmasının heç bir günahı yoxdur”
"Şərq”in budəfəki müsahibi Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı-alim Hacı Şahin Həsənlidir. Dini ekspert qəzetimizə açıqlamasında mübarək Ramazan ayından, oruc tutmağın faydalarından danışıb. Həmçinin, sual doğuran bəzi məqamlara aydınlıq gətirib...
- Hacı, əvvəlcə Ramazan ayı ilə bağlı danışardız, oruc nədir, niyə insanlar oruc tutmalıdır?
- "Quran”da Ramazan ayının əhəmiyyəti haqqında danışılır və hansı mənanı daşıdığı ayələrdə bildirilir. Deyilir ki, "Ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə olduğu kimi sizə də vacib edildi, bəlkə təqvalı olasınız”. Ramazan orucu insanda təqva xüsusiyyəti yaradır. Təqva pəhrizkarlıq deməkdir. İnsanın özünə nəzarət etməsi, daxili idarəetmə mexanizminə yiyələnməsidir. İnsan sadəcə dini qanunlara itaət etməklə kamilliyə çata bilməz. Hər kəs özünü cilovlamağı, tənzimləməyi bacarmalıdır. Orucluq ən əvvəl insanda bu xüsusiyyətləri formalaşdırır. İnsan könüllü olaraq zəruri ehtiyaclarından imtina edir. Nədənsə imtina etmək insanların iradəsini möhkəmlədir, onları fiziki və mənəvi cəhətdən gücləndirir. Oruc tutmaqla insan öz nəfsinə, arzu və istəklərinə qalib gəlir. Həqiqətən insan yeganə canlıdır ki, onun daxilində mübarizə var. Özü ilə mübarizə aparan insan "yox” deməyi bacarır. Digər canlılardan üstünlüyümüz bundadır. Ramazan ayı insana sırf bioloji varlıq olmadığını xatırladır, onun ruh və cisimdən ibarət olduğunu göstərir.
- İslam dini hansı hallarda oruc tutmamağa icazə verir? Dində müəyyən güzəştlər varmı?
- Əlbəttə, islam dinində oruc tutmaqla bağlı güzəştlər var. Əgər insanın ağır xəstəliyi varsa və ac-susuz qalmaq səhhətinə mənfi təsir göstərirsə, belə şəxslərə oruc vacib olmur. Həm də insan özü görürsə ki, oruclu qalmaq sağlamlığına ziyan vurur, o halda orucu buraxa bilər. Hətta belə məqamda israrla oruc tutmaq haramdır. İnsan oruc tutmaqla günah işləmiş olur. Bundan başqa çox yaşlı insanlar, azyaşlı uşaqlar, hamilə qadınlar, süd verən analar oruc tutmaya bilərlər. Həmçinin, harasa səfər edən və 10 gündəm az müddətə orada qalan insanlar da oruc tutmamalıdır.
- Əvvəlki illərdən oruc borcu qalanların Ramazanda oruc tuta bilərmi? Bununla bağlı dinin qərarı nədir?
- Qəza orucu olanlar da oruc tuta bilər. Tuta bilmədiyi hər günün əvəzində isə fidyə verməlidir. Daha sonra münasib zamanda qəza orucunu tutmalıdır. Fidyə - ehtiyacı olan insanın qarnını doyuzdurmaq, ən azından kiməsə bir çörək verməkdir. Ən münasibi isə qəza oruclarının növbəti Ramazana qədər uyğun aylarda və günlərdə ödənilməsidir.
- İmsak vaxtı yuxudan qalxmamaq, sahur etməmək günah sayılırmı? Ümumiyyətlə, sahur etmədən tutulan oruclar keçərlidirmi?
- Sahur edilməsi vacib deyil. Düzdür, çox bəyənilən əməldir. Yaxşı olar ki, imsak vaxtında yemək yeyilsin və dua edilsin. Səhər mütləq qalxmaq şərti yoxdur. Əgər bir adam iş-gücdən dolayı səhər oyana bilməyibsə və heç nə yeməyibsə, onun orucu keçərli sayılır. Yəni sahura oyanmamaq orucu pozmaq üçün əsas sayılmır.
- İsti havalarda oruclu insanın ağzını su ilə yaxalaması, yuyunması, hətta dişini fırçalaması hansısa risk təşkil edirmi?
- Ağzını su ilə yaxalayan şəxs boğazından suyun keçməməsinə diqqət etməlidir. Əlbəttə, oruclu şəxs duş qəbul edə, yüngül yuyuna bilər, amma suya baş vurmaq olmaz. Yəni dənizdə, hovuzda suya dalaraq çimmək qadağandır. Çünki qulağa su qaçma ehtimalı böyükdür.
- Oruc tutanlar içində müxtəlif peşə sahibləri var. Kimisi yüngül, kimisi isə əksinə, çox ağır işdə çalışır, fəhləlik edir və s. Bu tip insanların oruc savabında fərq varmı?
- Peyğəmbərimizin (s) hədisi şərifində qeyd olunur ki, "ibadətlərin ən üstünü daha ağır olanıdır”. Yəni ibadət nə qədər ağır və çətin olursa, onun savabı da Allah yanında bir o qədər çox və dəyərli olur. Yay aylarında tutulan orucun fəziləti yüksəkdir. Xüsusən, isti havalarda ağır peşə sahiblərinin saxladığı orucun mükafatı daha böyükdür. Sadəcə bir məsələyə diqqət çəkmək istəyirəm. Bəzən ağır işlərdə çalışan şəxslər oruc tutduqları üçün taqətdən düşürlər, zəifləyirlər. Belə halda adamın nə işləməyə, nə də orucunu davam etdirməyə amanı qalır. İslam dini həmin məqamda o şəxslərə oruc tutmamaq güzəşti verir. Amma qeyri-hallarda iş çətin də olsa, oruca davam edilməlidir.
- Sırf dieta saxlamaq niyyəti ilə oruc tutan şəxslər barədə dinin hökmü nədir?
- Şübhəsiz ki, hər bir insanın ibadəti Allahın rizasını qazanmaq üçündür. Eyni zamanda oruc da sırf Allah üçün tutulmalıdır. Kimsə arıqlamaq və ya başqa niyyətlə oruc tutursa, təbii ki, orucu qəbul olmaz. Onsuz da orucluğun bədənə, sağlamlığa faydası öz yerində qalır, sadəcə əsas niyyət Yaradana edilməlidir. Peyğəmbərimiz (s) buyurur ki, "oruc tutun, sağlam qalın”.
- Oruca meyilli olan azyaşlı uşaqlarla necə davranmaq lazımdır? Çox hallarda uşaqlar orucdan kənar tutulur...
- Oruc tutmaq insanlara müəyyən yaş dövründən sonra vacib edilib. Bu yaş dövrü oğlanlarda təxminən 15 yaş nəzərdə tutulub. 15-dən aşağı uşaqlar da oruc tuta bilərlər. Qızlar üçün isə yaş həddi 9-dur. Təbii ki, 9 yaşlı qız uşağı orucu davamlı tuta bilməz, ona görə də ara-sıra pozmasına icazə verilir. 4-5 yaşlı uşaqların isə oruc tutması məqsədəuyğun deyil. Çünki kiçik yaşlı uşaqlarda aclıq və susuzluq müəyyən problemlər yarada bilər. Oruc tutmaqda israr edən azyaşlılar, yeniyetmələr həkim məsləhətindən sonra tuta bilərlər.
- Müxtəlif səbəblərdən iftar saatında masa başına oturmaq mümkün olmur və orucun açılması xeyli gecikir. Bunun günahı varmı?
- İftarın yubanmasının heç bir günahı yoxdur. Düzdür, orucun vaxtında açılması yaxşı haldır, məsləhətlidir. Amma insan hansısa səbəblərdən gec qalırsa, orucu batil olmur.
- İslam dini zəngin iftar süfrələrinə, israfçılığa necə baxır?
- İsrafçılıq hər bir halda günahdır. "Quran”da xoş görülməyən əməldir. Allah buyurur ki, "israf edənlər şeytanların qardaşlarıdır”. İsrafçılıq şöhrətpərəstlikdən doğur, insanlar özlərini başqalarına göstərmək üçün təmtəraqlı süfrə açırlar. Bunlar Allaha xoş getmir. İftar süfrələri doyumlu, amma sadə olmalıdır. Bir sulu, bir də quru yemək insanın doyması üçün kifayətdir. Onsuz da iftar zamanı yeməklərin hamısının qəbul edilməsi mümkün olmur və xeyli çeşid yemək kənarda qalır.
- Müxtəlif dini təqvimlərin yayılması cəmiyyətdə çaşqınlıq yaradır. Hansı təqvimə əsasən oruc tutulmalıdır?
- Azərbaycan ərazisi üzrə Qafqaz Müsəlmanları İdarəsinin xüsusi Ramazan təqvimi dərc olunub və hər yerə yayılıb. Bu təqvim elmi hesablamalara uyğun hazırlanıb və şəriət qaydalarına əsasən tərtib edilib. Mən özüm də həmin təqvimi hazırlayan komissiyada iştirak etmişəm. Ölkədəki bütün məscidlər azanları həmin təqvimlərə uyğun verirlər. Başqa təqvimlərdən istifadə etmək qadağan edilib. Ona görə də məsləhət görürük ki, oruc tutanlar QMİ-nin təqvimindən istifadə etsinlər. Çünki fərqli təqvimlərin yayılması ixtilafa səbəb olur, məzhəb ayrıseçkiliyinə gətirib çıxarır.
İsmayıl