İki aydan bir parlament saatı keçirilməlidir

Zahid Oruc deyib ki, bu halda deputatların dövlət qurumlarından narazılığı azala bilər




Deputat-məmur münasibətləri yenidən gündəmdədir. Bu dəfə də deputatlar məmurların onlarla ünsiyyətdən qaçmalarından şikayətçidirlər.

Zaman-zaman millət vəkillərinin müxtəlif dövlət qurumlarından, onların rəhbərliyindən giley-güzar etmələrinə şahid oluruq. Narazılığın da kökündə həmin dövlət orqanlarının deputatların rəsmi sorğularını cavabsız qoyması dayanır. Deputatlar bildiriblər ki, seçicilərindən gələn şikayətə və ya hər hansı məsələyə aydınlıq gətirmək üçün müxtəlif dövlət qurumları ilə əlaqə saxlamalarına baxmayaraq, nəticə əldə edə bilmirlər. Budəfəki narazılıq isə Milli Məclisin İnsan haqları komitəsinin son keçirilən iclasında qeydə alınıb.

Seçicilərdən daxil olan müraciətləri aidiyyəti dövlət qurumlarına, nazirliklərə göndərsə də, çox az sayda qurumdan cavab aldığını vurğulayan deputat Yevda Abramov bunu Milli Məclisə hörmətsizlik kimi qiymətləndirib: "Belə olan halda vətəndaş Milli Məclisdən incik düşür. Çünki onlar cavabı bizdən gözləyirlər, hardan bilsinlər ki, bəzi nazirliklər və dövlət qurumları biz deputatları da saymır”.

Deputat Tahir Kərimli də bəzi nazirlikləri və digər dövlət qurumlarını deputatların sorğularına hörmətsiz yanaşmaqda ittiham edib: "Elələri var, köməkçiləri belə bizə cavab vermirlər. Bəs seçicilərin dərdini biz kimdən soruşaq?”

Milli Məclisin sədr müavini, İnsan haqları komitəsinin sədri Bahar Muradova isə bildirib ki, dövlət qurumlarının bu münasibəti hörmətsizlik kimi qiymətləndirilməməlidir. "Sadəcə, lazım bilinən məktublara cavab verilir”.

Millət vəkili Fazil Mustafa isə müraciət elədiyi bütün qurumlardan ya nazir, ya nazirin müavini səviyyəsində, təsadüf hallarda isə o sahəyə aid idarə rəisləri səviyyəsində cavab aldığını deyib. Elə bir hal olmayıb ki, onun sorğularına cavab verilməsin. Bir çox məsələlərlə bağlı müxtəlif dövlət

orqanlarına sorğular göndərdiyini qeyd edən millət vəkili bu müraciətlərin də əksəriyyətinin işsizliklə bağlı olduğunu deyib: "Ona görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərirəm. Müəyyən dərəcədə vətəndaş şikayəti polisin fəaliyyəti, cinayət işi və yaxud da müəyyən qurumlarda olan problemlərlə bağlı olur. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və başqa qurumlardan olan şikayətlər əsasında bu rəsmi orqanlarla əlaqə qururam. Qaldırılan problemlərin müəyyən bir qismi həllini tapır. Əksəriyyəti isə həllini tapmır. Çünki standart cavablar alıram”.

Millət vəkili Zahid Oruc isə "Şərq”ə açıqlamasında deputatların bu səpkili narazılıqlarının zaman-zaman Milli Məclisin plenar iclaslarında da səsləndirildiyini deyib: 

"Biz də bir həmkar olaraq hər birinə hörmətlə yanaşırıq. Amma məsələyə münasibət bir az daha fərdi olmalıdır. Düzdür, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, hökumət parlament qarşısında cavabdehlik daşıyır. Həm büdcə müzakirələri, həm də məmurların hesabatı zamanı məşğul olduqları məsələləri qanunvericilik daxilində müzakirə eləmək imkanlarımız olur. Bununla yanaşı, aralıq dövründə də ayrı-ayrı problemlərin, ictimai əhəmiyyətli məsələlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etməli oluruq. Şəxsən öz adımdan deyə bilərəm ki, seçicilərim tərəfindən mənə ünvanlanan müraciətlərin şifahi telefon danışıqları vasitəsilə həllinə çalışıram. Məktubların, elektron sorğuların üzü soyuqdur. Bir çox hallarda dövlət qurumları bu cür müraciətlərə formal münasibət sərgiləyə bilirlər. Məhz bu səbəbdən də xalqla dövlət qurumları arasında elçi funksiyasını yerinə yetirmək üçün danışıqlar yoluna üstünlük verirəm. Onu da qeyd edim ki, dövlət qurumlarına ünvanladığım fərdi xarakterli müraciətlərə də hər zaman cavab almışam. Bu sözləri əsla həmkarlarımın iradlarının yanlış olduğunu göstərmək üçün demirəm. Yaxud da, bütün hökumət strukturlarının ən yüksək səviyyədə fəaliyyət göstərdiklərini iddia etmirəm. Əks halda, vətəndaşlar öz problemlərinin həlli üçün qanun istehsalçılarına müraciət etməzdilər. Ümumiyyətlə isə ortada həll olunacaq bir problem olmazdı”.

Z.Orucun sözlərinə görə, millət vəkillərinin dövlət qurumlarından narazı qaldıqları məqamları aradan qaldırmaq üçün iki aydan bir parlament saatı keçirilməli və millət vəkilləri də onlara ünvanlanan məktub və şikayətlərin ümumi cavablarını təhlil etməlidirlər:

"Nəinki sadəcə hesabatlar və büdcə müzakirələri zamanı onlar arasında müvafiq dialoqlar aparılsın”.

Şəymən