"İl ərzində 30 dəfə radara düşən sürücü artıq təhlükə mənbəyidir" - CANLI BOMBA

Elməddin Muradlı: "Yeni sürücü 6 ay ərzində 5 dəfə radara düşübsə, deməli 6 ilə 5 nəfəri maşınla vuracaq, yaxud bu qədər qəza törədəcək"
"Azərbaycanda qadın sürücü anlayışı çox qabardılır. Lakin demək olar ki, bütün dünyada qadın-kişi sürücü fərqi qoyulmur”.
Bunu "Sherg.az”a "Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. 
O bildirib ki, qanunvericilikdə sürücüləri bu şəkildə bölmürlər:
"Bütün sürücülərin hüquqları eynidir. Kişilərə nisbətən qadınların yalnız bir üstünlüyü var. Bu isə hamilə olarkən, təhlükəsizlik kəmərindən istifadə etməməyə icazə verilməsidir. Bundan başqa, qadın sürücülərlə bağlı heç bir ayırım yoxdur.
Əsas problem isə qadınların sürücülük vərdişlərini kimdən öyrənməsidir. Biri qardaşından, digəri həyat yoldaşından, atasından öyrənir. Qadınlar necə, hansı vərdişləri öyrənirsə, bu, onda formalaşır və yolda həmin vərdişləri sərgiləyir. Yəni qadınların yol hərəkəti qaydalarını pozması kişilərin öyrətdiyi vərdişlərdən irəli gəlir.
Amma son vaxtlar qadın təlimçilər dərs keçməyə başlayıb. Onlarla bağlı problem mövcuddur. Həmin təlimçilərin özünü imtahan etmək lazımdır. Həmin sürücülər nə qədər peşəkardır ki, başqalarına da dərs keçir. Bəzi xanımlar tanıyıram ki, 10-15 ildir sükan arxasındadır və peşəkarlığına şübhəm yoxdur. Amma bütün qadın təlimçilərin nə dərəcədə peşəkar olduğunu aydınlaşdırmaq lazımdır”.
Sürücülük imtahanlarının çox sadə şəkildə aparıldığını diqqətə çatdıran E.Muradlı deyib ki, cəmi iki kitabla imtahan edilməsi sürücülük vəsiqəsinin verilməsinə kifayət etmir:
"Lakin sürücülük vəsiqəsini alan hər insan da sürücü hesab edilə bilməz. Bu gün sürücülük vəsiqəsi almış şəxslə 15 il bundan əvvəl sürücülük vəsiqəsi almış şəxs arasında fərq var. Onların heç birindən peşəkar sürücü kimi qiymət vermək olmaz, təkmilləşməlidirlər.
Avropadakı qayda qanunları ölkəmizə gətirmək lazımdır. Yeni sürücülük vəsiqəsi almış şəxsin 1 il və ya 6 ay ərzində avtomobili necə idarə etməsi, qayda pozuntuları haqqında statistikası çıxarılmalıdır. O zaman həmin sürücünün avtomobil idarəetməsindəki boşluqları analiz edə bilərik. Sürücü kobud qayda pozuntularına yol veribsə, həmin müddət ərzində eyni əməliyyatları dəfələrlə qeyri-düzgün yerinə yetiribsə, yenidən çağırılıb, imtahan edilməlidir. Məsələn, yeni sürücü 6 ay ərzində 5 dəfə radara düşübsə, deməli 6 ilə 5 nəfəri maşınla vuracaq, yaxud bu qədər qəza törədəcək. Sivil ölkələrdə bu cür yoxlanma, fərdi yanaşma var.
Ötən günlərdə Şamaxı yolunda qadın sürücü yol qəzası törətdi. Faciəvi şəkildə qadının övladı və həyat yoldaşı qəzada həlak oldu. Bu hadisədən sonra belə sürücülərlə bağlı araşdırma aparmaq lazımdır ki, onun peşəkarlığı hansı səviyyədədir. Bu araşdırmalardan sonra müəyyən addımlar atılmalıdır.
İl ərzində 30 dəfə radara düşən, sürət həddini aşan sürücü artıq təhlükə mənbəyidir. Düşünün ki, həmin şəxs bombanı bağlayıb üstünə, küçədə gəzir. Bir gün düyməni vurub, partlayacaq. Həmin sürücü kimisə vurub, bədbəxt edəcək. Bu dərəcədə yol hərəkəti qaydalarını pozan şəxsin harınlığı, qanunlara yuxarıdan aşağı baxması göz önündədir. Həmin problemli şəxsi dərhal sürücülükdən məhrum etmək lazımdır”.
Aysel Aslan