İlahiyyatçı ateist professorla razılaşmadı

“Professorun iradları İslam Universiteti yeni yaranan vaxta aid ola bilər. Məncə, o alim bir neçə il əvvəl universitetdə olub”
“İslam Universitetində dünyəvi elmlər tədris olunur”


Bakı Dövlət Universiteti Fizika fakültəsi Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə Modern.az saytına müsahibəsində Bakı İslam Universitetinin tədris proqramını tənqid edib. Ateist professor bildirib ki, İslam Universitetində dünyəvi elmlər tədris olunmur, eləcə "Quran”, "Yasin” oxumaq əzbərlədilir:

"Onlara lazımdır ki, pul yığmaq üçün tələbələrə "Yasin” öyrətsinlər. Həmin tələbələri paylayırlar qəbiristanlıqlara, qrafik tuturlar”. Professor dini tədris mərkəzlərində dünyəvi elmlər tədris olunması praktikasının mövcudluğundan danışıb və tədris proqramına iradlarını universitet rəhbərliyi, eləcə də Şeyxülislam Allahşükür Paşazadəyə şəxsən çatdırdığını deyib.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş” məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənliyə müraciət etdik. H.Ş.Həsənli "Şərq”ə açıqlamasında C.Quluzadənin iradlarının həqiqətəuyğun olmadığını bildirdi:

- Professorun iradları İslam Universiteti yeni yaranan vaxta aid ola bilər. Məncə, o alim bir neçə il əvvəl universitetdə olub. İndi isə İslam Universitetində dünyəvi elmlər də tədris olunur. Sadəcə, C.Quluzadə bundan xəbərsizdir.

H.Ş.Həsənli dini tədris ocaqlarında dünyəvi elmlərin də keçirilməsini zəruri saydığını bildirdi:

- Hesab edirəm ki, dünyəvi elmlərin tədrisi zəruridir. Çünki din xadiminin, dini biliklərə yiyələnmək istəyən şəxsin zəngin dünyagörüşü olmalıdır. Bu, hər bir din xadiminin üstünlüyü hesab edilir. İslam Universitetində dünyəvi elmlərin tədris olunduğunu şəxsən müşahidə etmişəm. Və sizə deyim ki, çox da yüksək səviyyədə tədris olunur. Müxtəlif ali məktəblərdən müəllimlər dəvət edilir və onlar bir sıra dünyəvi elmləri tələbələrə tədris edirlər. Professor müsahibəsində qeyd edib ki, guya Bakı İslam Universitetinin "istəyi” tələblərə "Yasin” öyrətməkdir. Professorun Bakı İslam Universiteti barədə təsəvvürləri çox yanlışdır. Nə QMİ, nə də İslam Universiteti belə bir "məqsəd” daşımır. Mən də razıyam ki, dini təhsilin keyfiyyəti yaxşılaşmalıdır. Ölkədə dini təhsilin keyfiyyəti yüksələrsə, vətəndaşlarımızda xarici ölkələrdə dini təhsil almaq istəyi də yaranmaz. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təhsilin ödənişsiz olmasını təklif edib. Yəni, bir çox müsbət təşəbbüslər var və onların reallaşması istiqamətində işlər aparılır. Kimsə iddia etmir ki, bizdə din tədrisi ən yüksək səviyyədədir. Amma C.Quluzadənin iddia etdiyi kimi də deyil. Din tədrisinin keyfiyyətinin artırılması üçün işlər görülür və qarşıdakı illərdə biz müsbət dəyişiklikləri, İnşallah, görəcəyik.

Məlahət Rzayeva