Azərbaycan prezidenti: «ABŞ Azərbaycan münasibətlərinin uzun 25 illik tarixi var»
Dövlət katibi: "Cənub qaz dəhlizi" Avropa üçün çox mühüm layihədir"
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfərdədir. Prezident Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək. Dünən Vaşinqtonda Azərbaycan prezidenti ilə ABŞ dövlət katibi Con Kerri arasında görüş olub.
"Biz ABŞ-la ikitərəfli əlaqələrimizi yüksək qiymətləndiririk”. Бu sözləri ABŞ-da səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Con Kerri ilə keçirilən press brifinqdə deyib. O, ilk növbədə ABŞ prezidenti Barak Obamaya Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün etdiyi dəvətə görə təşəkkür edib: "Bu dostluq və tərəfdaşlıq əlamətidir. Mən bizim qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndirirəm. ABŞ Azərbaycan münasibətlərinin uzun 25 illik tarixi var. Bu münasibətlər həmişə yaxın, səmimi olub və strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim inkişaf edən iqtisadi əməkdaşlığımız mövcuddur, ABŞ şirkətləri təxminən 10 milyard bizim iqtisadiyyatımıza sərmayə qoyub. Bu uğurlu iqtisadi əməkdaşlığın və ölkəmizin iqtisadi inkişafının göstəricisidir. Biz birgə vacib layihələri, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən neft layihələrini ilk dəfə ABŞ-ın ciddi dəstəyi ilə icra etmişik, bu gün isə "Cənub” qaz dəhlizinin üzərində işləyirik. Bu enerji təhlükəsizliyi, diversifikasiyası və bütün iştirakçıların – istehsalçı, tranzit və istehlakçıların uzun müddətli xeyrinə olan layihədir. ABŞ hökumətinə bu layihənin icrasında güclü dəstəyinə görə təşəkkür edirik. Səmimi desək, bu dəstək olmadan bu layihənin reallaşması daha uzun müddət və səy sərf etməli olardıq. Biz işləri davam etdirirk. 2 ildən sonra "Cənub" Qaz Dəhlizi istifadəyə veriləcək"
Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsinə toxunan prezident İlham Əliyev bildirib ki, münaqişə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyri şərtsiz geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll edilməlidir: "Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən münaqişənin həlli yollarının tapılmasındakı səylərinə görə ABŞ hökumətinə təşəkkür edirik. Ermənistan Azərbaycan arasında münaqişə, post-sovet ərazisindəki münaqişələr, eləcə də bütün dünyadakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Biz həmçinin regionda təhlükəsizlik istiqamətində də yaxın tərəfdaşıq. Azərbaycan Əfqanıstandakı əməliyyatlara logistik dəstək göstərir. Hava və quru nəqliyyatı, eləcə də bizim təxminən 100 hərbi qulluqçumuz NATO qoşunları ilə Əfqanıstanda çiyin çiyinə xidmət göstərir. Bizim münasibətlərimizin gündəliyi genişdir. Bu gün görüşümüz bu məsələləri, eləcə də regional problemləri əhatə edəcək. Əminəm ki, bu görüş bizim dost münasibətlərimizin inkişafında mühüm rol oynayacaq”.
«Enerji ehtiyatları marşrutlarını şaxələndirən "Cənub qaz dəhlizi" layihəsi Avropanın strateji maraqları üçün çox mühümdür». "Report" xəbər verir ki, bunu dа ABŞ-ın dövlət katibi Con Kerri çərşənbə günü Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib.
"Cənub qaz dəhlizi" Avropanın uzun müddətli strateji maraqlarının həyata keçirilməsi baxımından çox mühüm addımdır. O həm də, enerji ehtiyatlarının tədarük marşrutlarının şaxələndirilməsi baxımından vacibdir", - deyə RİA "Novosti" onun sözlərini sitat gətirib.