“İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir” - Deputat

"Prezidentin son aylar imzaladığı müvafiq fərman və sərəncamlar, vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud problemlər barədə informasiyaları onların özlərindən alması təsdiq edir ki, ölkə vətəndaşlarının sosial problemlərinin həlli dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir".
Bu barədə "Sherg.az"a millət vəkili Aydın Hüseynov bildirib.
Parlamentarinin sözlərinə görə, ölkəmizdə əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir:
"Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyat dayanır. 
Bu mənada hesab edirəm ki, bütün istiqamətlərdə müavinətlərin artırılması, problemli kreditlərlə bağlı məsələnin həllinə dair göstəriş və s. addımlar ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə sağlamlaşdırıcı təsir göstərəcək ki, bu da vətəndaşların həyatında özünü büruzə verəcək. Bir sözlə, dövlət başçısı öz fəaliyyəti ilə hər dəfə təsdiqləyir ki, o, hər bir azərbaycanlının Prezidentidir”.
Bundan başqa millət vəkili qeyd edib ki, Prezidentin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında”  imzaladığı fərman da olduqca əhəmiyyətlidir:
" Ötən dövr ərzində bəzi çoxmənzilli yaşayış binalarının sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılmışdı ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdi. Lakin Prezident İlham Əliyev insanların bu narahatlığına da son qoydu. 
Həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə fərman imzaladı. Bu fərman çox böyük sevinclə və rəğbətlə qarşılandı. Artıq Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bir daha sənəd problemi ilə qarşılaşmayacaqlar". 
Ayyət Əhməd