"İmkansız ailələrin təhsil kreditlərinə ehtiyacı var" - Professor

Əjdər Ağayev: "Təhsil kreditləri bir çox ehtiyacı olan tələbələrə ehtiyaclarını ödəmək üçün şərait yaradır. Lakin təəssüf ki, geniş dairəni əhatə etmir"


"Tələbələrə ayrılan kreditlər onların həm sosial şəraitinə, həm də təhsil almasına kömək edir”.

Bunu "Sherg.az”a "Maarifçi” Tələbə Kredit Fondunun magistrant və doktorantlara tələbə kreditləri ayırmasına münasibət bildirərkən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. 

O bildirib ki, təhsil kreditlərinin verilməsi mexanizmi artıq formalaşıb:

"İndiyə qədər bakalavrlar bu xidmətdən istifadə edib. Tələbə kreditlərinin verilməsində ehtiyac meyarı nəzərə alınmalıdır. İmkanlı ailələr var ki, övladlarını oxuda bilir. Lakin imkansız və övladını oxuda bilməyən ailələrin kreditlərə ehtiyacı olur. Xüsusilə rayonlardan paytaxta gələn tələbələr həmin kreditlə özlərinin kirayə haqqını, ehtiyaclarını ödəyə bilir və dərs vəsaitlərini, gündəlik xərclərini təmin edir.

Təbii ki, o tələbə kadr olaraq yetişdikdən sonra aldığı krediti ödəməli olur. İşlədiyi müddətdə ayrılan vaxtda həmin krediti ödəməlidir. Kreditin verilməsi yalnız maliyyə baxımından deyil, kadr hazırlığı baxımından da əhəmiyyətlidir. Çünki həmin tələbə elə hazırlaşmalıdır ki, iş yeri tapsın krediti qaytara bilsin. Bu baxımdan məsuliyyət tələbənin üzərinə düşür.

Təhsil kreditləri bir çox ehtiyacı olan tələbələrə ehtiyaclarını ödəmək üçün şərait yaradır. Lakin təəssüf ki, geniş dairəni əhatə etmir. Gələcəkdə bu kreditlərin miqyasının artırılması daha əhəmiyyətli olacaq”.

Qeyd edək ki, kredit şərtlərinə görə, kredit alacaq tələbə, ilk növbədə, 25 yaşdan böyük olmamalıdır. İkincisi, mütləq Azərbaycan vətəndaşı olmalıdır. Fondun əməkdaşı olan universitetin tələbəsi olmalıdır. Aztəminatlı ailədən olmalıdır. Ailənin aztəminatlı olmasını müəyyən etmək üçün tələbə valideynlərinin gəlirləri barədə arayış verməlidir. Ailənin illik gəliri 10 min manatdan yuxarı olmamalıdır. Müraciət və qeydiyyat yalnız onlayn qaydada aparılır.

Aysel Aslan