İmtahan bitdi, hər yer zibilliyə döndü

Bu mənzərəyə özümüz də günahkarıq...



Dünən I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları keçirildi. İmtahan keçirilən mərkəzlərdən biri də Bakı Dövlət Universitetinin binası idi. Göz lazım idi ki, oradakı mənzərəni müşahidə etsin; ali təhsil ocağının qarşısındakı səkilər, yol kənarları, yaşıllıqlar əsl zibilliyə çevrilmişdi. Su "butulka”ları, xaricdə təhsilin reklam olunduğu broşürlər, kağız parçaları, qələmlər...

Təəssüf ki, bu mənzərə hər il qəbul imtahanlarında təkrar olunur. Harada imtahan keçirilirsə, ora zibilliyə dönür. Hardandı bizdə əlində olanı yerə atmaq həvəsi? Kağız parçalarını, alıb oxuduğumuz broşürləri, içdiyimiz suyun qabını zibil qutusuna atmaq yəni bu qədər çətin, qeyri-mümkün işdi? Axı orada təkcə, fikri-zikri imtahanlara məşğul abituriyentlər olmur, həm də övladlarını gözləyən valideynlər dayanır. Və içəridə imtahan getdiyi halda həmin broşürlər adətən valideynlərin əlinə verilir. İmtahan keçirilən binaların önündə valideynlərin sayının abituriyentlərin sayından qat-qat artıq olması da, yaşlı-başlı kiişilərin dəmir məhəccərlərin üzərinə dırmaşmasını da (sanki onların bu hərəkəti övladlarına test tapşırıqlarını yerinə yetirməkdə yardımçı olacaq - red) hardasa anlamaq mümkündü. Valideyndir, övladından sarı narahatdır, həyəcan keçirir. Anlaşılmayan bu böyüklərin dayandıqları yeri zibilliyə çevirmələridir. Dünən yolum Bakı Dövlət Universitetinin qarşısından düşdü və gördüyüm mənzərəni mobil telefonumun yaddaşına köçürdüm. Ümumiyyətlə, təkcə qəbul imtahanları deyil, şəhərdə harda kütləvi tədbir keçirilsə, geriyə qalan ancaq zibilliklər olur.

Məsələyə münasibət bildirən Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd etdi ki, burada həm tədbiri keçirən təşkilatlar, həm də əhali olaraq özümüz günahkarıq:

- Birincisi, qəbul imtahanlarının təşkilatçısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olduğundan, imtahan keçirilən yerlərdə təmizliyə riayət edilməsinə də onlar məsuldur. TQDK uzun illərdir ki, fəaliyyət göstərir və bu məsələləri də bilməlidir. İmtahan günü ətrafda sakitliyin hökm sürməsi, abituriyentlərin təhlükəsizliyi TQDK tərəfindən təmin edilməlidir. Eləcə də ətrafda təmizliyə riayət edilməsinə də TQDK cavabdehdir. Buklet paylayanlar, şübhəsiz buna görə icazə alırlar. Heç kəs özbaşına küçədə dayanıb elan, buklet paylamaz. Bu iş reklam agentlikləri ilə birgə aparılır. Sadəcə, problem reklam işinin düzgün qurulub-qurulmamasındadır. Hansısa işə və ya kampaniyada iştiraka dəvət çağırışlarını əks etdirən kartlar kimə gəldi, hər yoldan ötənə verilməməlidir. Bizdə bu məsələ düzgün aparılmır. Gənclər metro keçidlərində dayanır, metroya daxil olana da, metrodan çıxana da kart uzadırlar. Bizim camaat da ürəyiyumşaqdır, ya da hədsiz maraq göstərəndir ki, o kartları alır, üzünə baxır və yerə atır. Şəhərin demək olar bütün küçələrində iş elanları, təhsil kursları ilə bağlı bukletlər yerlə doludur. Bu işlərə sifarişçilər cavabdehdir. Hansısa şirkət nəşriyyata elan və ya buklet çapı sifariş verirsə, onun hansı şəraitdə, harada, necə paylanacağına da diqqət etməlidir. Burada, əhalinin mədəni səviyyə göstəricisi də var. Birincisi, sənə lazım deyilsə, əlinə alma. Əgər maraqlanırsansa, iş axtarırsansa, daha niyə alıb yerə atırsan? Təəssüf ki, bəzi vətəndaşlarımızda ictimai rəyi nəzərə almaq meyli çox zəifdir. Bir də görürsən, biri küçənin ortasında yas çadırı qurub. 10 nəfər ölüsünə rəhmət oxuyur, 20 nəfər də söyür. Özü də söyüş yiyəsi olur, rəhmətə gedəni də urvatsızlaşır. Biz hamımız cəmiyyətin üzvü olduğumuz üçün hərəkətlərimizdə cəmiyyətin maraqlarını nəzərə almalıyıq. Şəhərdə təmizliyə riayət edilməsi, ictimai maraqların müdafiəsində sosial reklamların böyük əhəmiyyəti var. Amma sosial reklamlar da az-az verilir. Yerli bələdiyyələr də bu məsələdə maarifləndirici tədbirlər apara bilər, böyük miqyaslı tədbirlər zamanı ayrı-ayrı məkanlarda nəzarət funksiyasını həyata keçirə bilər. Bunlar öz yerində, ancaq əsas odur ki, küçəni zibilləmək artıq tərbiyə, əxlaq göstəricisidir. İnsan düşünməlidir ki, onun yerə atdığı zibili kimsə yığışdırmaq məcburiyyətində qalacaq. İnsan içdiyi suyun qabını yerə atırsa, tum qabıqlarını yerə səpələyirsə, deməli, onun əxlaq problemi var. Tərbiyəli insan yerə zibil atmaz.

Məlahət Rzayeva