"İndiki halda ordumuzun Ermənistana hücumu müsbət nəticə verməz" - Analitik

"Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların aparılmasından söhbət belə gedə bilməz”.
Bu barədə "Sherg.az”a Ermənistandakı xaotik vəziyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsirini izah edərkən analitik Arzu Nağıyev bildirib. 
O qeyd edib ki, düşmən ölkədə əsas gündəmdə olan problem hakimiyyətdə kimin olması məsələsidir:
"Bu gün, özünü müxalifət adlandıran Nikol Paşinyan və digər qüvvələr parlamentin yenidən formalaşmasını təklif edirlər. Hakimiyyətin başında kim olacaqsa, konkret onunla danışığa getmək lazımdır.
Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərbi üsul variant kimi qalır. Lakin belə vəziyyətdə ordumuzun Ermənistana hücumu müsbət nəticə verməz. ATƏT-in Minsk qrupunun həmsədrləri də buna görə, davamlı açıqlamalar verirlər. Hər formada gərginlik yarana bilər. Xaosdan istifadə edən müxtəlif qruplaşmalar, Serj Sarkisyana tabe olan qüvvələr hər cür təxribata əl ata bilərlər. Bu baxımdan, Azərbaycan Müdafiə Nazirliyi ayıq-sayıq davranır.
Hazırda Ermənistanda elə xaotik vəziyyət yaranıb ki, danışıqlara getmək çox çətindir. Ən əlverişli addım sərhədlərin qorunması, gözlənilən təxribatların qarşısının alınmasıdır. Bununla gələcək danışıqlar üçün normal vəziyyətin yaranmasını təmin edə bilərik”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın danışıqlara hazır olduğunu açıqlayıb. O deyib ki, Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvarıq: "Ermənistan xalqını əsarətdə və müharibə xofu altında saxlayan Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər irəliləyiş əldə etmək mümkün olmayıb”.
Aysel Aslan