İndiki pomidorlar xərçəng yaradır

Məşhur türk professorun açıqlaması Azərbaycan həkimlərini də narahat edir
“Gedib baxsaz, görərsiz ki, 20 Yanvar və Tibb Universitetinin yanındakı Milli Onkologiya şöbəsində insanlar necə növbəyə durublar. Bunların hamısı yararsız, ekoloji təmiz olmayan məhsulların bəlasıdır”

Türk professor Canan Karatay bu mövsüm pomidorlarla əlaqəli təəccüblü şərhlər verib. Daha çox iyun və iyul aylarında istehlak edilən pomidorların bədəndə turşluğu və şəkəri daha da artdığını açıqlayıb.

Professor Karatay eyni zamanda yaşıl paxlada da çox miqdarda şəkər tapıldığını ifadə edib. Canan Karatay bu mövsümdə istehlak edilən pomidorların dərmanlı bir şəkildə böyüdüldüyünü, əkinçilik dərmanlarının da günümüzdəki xəstəliklərdən xərçəngin ən əhəmiyyətli tətikləyicisi olduğunu bildirdi. Pomidorların tamamilə süni olduğunu söyləyən Karatay, hazırda pomidorun mövsümü olmadığını, əsl pomidor mövsümünün sentyabr ayında olduğunu söyləyib. O, sözlərinə bunları da əlavə edib; hər mövsüm bazara süni tərəvəzlərin çıxarılması çox təhlükəlidir. Mövsümündə yeyin deyirəm. İndi bir bağçanız varsa, pomidorların qızarmadığını görəcəksiniz, hələ də yaşıldı. Sentyabr ayında təbii pomidor alıb, qış üçün hazırlayın”.

May-iyul aylarında nəinki pomidor, həmçinin bir çox tərəvəzlərdə zəhərlənmə və digər təhlükəli halların müşahidə olunduğunu deyən Bakı şəhər Təcili yardım stansiyasının səyyar həkimi Şahvələd Məmmədov bu aylarda məhsulların əksəriyyətinin parniklərdə yetişdirildiyini deyib. Onun sözlərinə görə, zamanından tez yetişdirilən və tərkibində müxtəlif kimyəvi maddələr olan meyvə və tərəvəzlər insan orqanizmində bir sıra təhlükəli xəstəliklərin yaranmasına səbəb olur: 

"Parnikdə yetişdirilən tərəvəzlərə bəzi hormonal preparatlar vururlar, hətta məhsulun görünüşünə də baxın, elə bil ki, hamısı robotlaşmış tərəvəzlərdir. Bu aylarda əmələ gələn məhsullardan təkcə pomidoru deməzdim, həmçinin qarpız nitrat və digər kimyəvi preparatlarla əmələ gələn məhsul olduğu üçün çox təhlükəlidir.

Bugünkü statistikaya görə, onkoloji xəstəliklər kifayət qədər artıb epidemiya şəklini almaqdadı. Gedib baxsaz, görərsiz ki, 20 Yanvar və Tibb Universitetinin yanındakı Milli Onkologiya şöbəsində insanlar necə növbəyə durublar. Bunların hamısı yararsız, ekoloji təmiz olmayan məhsulların bəlasıdır. Mədə-bağırsaq və digər şişlərin hər biri zərərli kimyəvi qatqılar olan məhsullardan əmələ gəlir. İnsanlar çalışmalıdırlar ki, bu cür məhsullardan istifadə etməsinlər. Bu onunla izah olunur ki, erkən əkilib becərilən parnik məhsulları kimyəvi maddələrlə inkişaf etdirildiyi üçün ən təhlükəli xəstəlik riskini əmələ gətirir”.

Yeganə Bayramova