İnformasiya mübadiləsi vacib şərtdir
Mediamızın qonşu ölkələrin KİV-ləri ilə əməkdaşlığı gücləndirilməlidir
(əvvəli ötən sayda)
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Mətbuat Şurasında ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalistlə görüş keçirilib. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, bu cür görüşlər Azərbaycan və Türkiyə mediası iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində müstəsna rol oynamaqla yanaşı, ümumilikdə türk dünyasının konsolidasiyası ilə bağlı proseslərə də mühüm töhfə verməkdədir: "İndiyədək Türkiyə və Azərbaycan jurnalistlərinin iştirakı ilə çoxsaylı iclaslar təşkil edilib. Qarşılıqlı media əməkdaşlığında mühüm həlqəni ortaq həqiqətlərimizin təbliği təşkil edir.
Biz, eyni zamanda, beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı məsələlərə də həssas yanaşmalıyıq. Çünki çox zaman bu istiqamətdə sui-istifadələrin şahidi oluruq. Türkiyə və Azərbaycana qarşı heç də birmənalı münasibət yoxdur. Hollandiyanın yol verdiyi qeyri-etik hərəkət, üstəlik ölkədə türklərə qarşı həyata keçirilmiş zorakılıq aktları bunu bir daha təsdiqlədi. Düşünürəm ki, media orqanlarımız bu reallıqdan çıxış etməlidirlər”. Sədr vurğulayıb ki, Mətbuat Şurası ümumilikdə İran, Rusiya və Gürcüstan daxil olmaqla, ümumilikdə bölgə jurnalistlərinin görüşünü təşkil etməyi planlaşdırır: "Bu görüşün reallışmasında Türkiyə mediası ilə qarşılıqlı təşəbbüskarlıq mühüm əhəmiyyət daşıyacaq”. Türkiyə Jurnalistlər Konfederasiyasının baş direktorunun sədr müavini Mövlud Yeni də bildirib ki, son dövrlər türk cəmiyyətinə qarşı beynəlxalq miqyasda ayrı-seçkilik siyasəti hökm sürür: "Media bu kimi xoşagəlməz fəaliyyətə qarşı əsaslı alternativ ortaya qoymalıdır. Bu baxımdan Azərbaycanın və Türkiyənin media qurumlarının reallaşdırmalı olduqları birgə təşəbbüslər kifayət qədərdir”.
Məlumat üçün deyək ki, hazırda ölkəmizdə dünyanın nüfuzlu xəbər istehsalçıları ilə əməkdaşlıq edən xeyli sayda KİV orqanı fəaliyyət göstərir. Azərbaycan media qurumlarının beynəlxalq əlaqələri nisbətən qənaətbəxşdir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin özünəməxsus rolu var. Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfərlər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir. Lakin media ekspertləri hesab edirlər ki, dünyanın aparıcı KİV-ləri və media qurumları ilə paralel olaraq region ölkələri ilə də yaxından əlaqə qurmaq olduqca vacibdir. Hazırda isə bu əlaqə daha çox bir istiqamətdə - Türkiyə ilə qurulub. Ancaq nəzərə alsaq ki, İran, Rusiya və Gürcüstan media orqanlarında zaman-zaman Azərbaycan əleyhinə yazılar dərc edilir, o halda qonşu jurnalistlərlə əlaqələrin inkişaf etməsinin zəruriliyi ortaya çıxar.
Məsələ ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib ki, son dövrlər Azərbaycan mediasının inkişafı ilə bağlı kifayət qədər müsbət təkliflər ortaya çıxıb:
"Xatırladım ki, bir müddət əvvəl birbaşa Azərbaycanın təşəbbüsü ilə islam ölkələrinin jurnalist təşkilatlarının birgə assosiasiyasının yaradılması təklifi irəli sürüldü. Təklif digər müsəlman ölkələri tərəfindən çox məmnunluqla qarşılandı və qısa zaman sonra assosiasiyanın təsis konfransı reallaşdı. Konfrans zamanı maraqlı çıxışlar edildi, vurğulandı ki, ötən illər ərzində islam ölkələrində demokratik və azad medianın inkişafı üçün kifayət qədər mühüm işlər görülüb. Amma çox təəssüflər ki, bir sıra ölkələrdə "azad media” adı ilə çıxış edən təşkilatlar, media nümayəndələri istər Azərbaycana, istərsə də digər islam ölkələrinə qarşı qərəzli, heç bir əsası olmayan informasiyalar yayır, düşünülmüş kampaniyalar aparırlar. Bu cür təxribatların qarşısını almaq üçün islam ölkələri arasında media qurumlarının əməkdaşlığı vacibdir. Bu baxımdan ölkəmiz tərəfindən irəli sürülən təklifin müsbət qarşılanması təqdirəlayiqdir. Əməkdaşlıq etdiyimiz ölkələrin rəsmi şəxsləri, rəhbərlikləri konfransa böyük həvəslə qatıldılar və prosesə sona qədər dəstək olacaqlarını ifadə etdilər”.
M.Ələsgərlinin sözlərinə görə, media təşkilatlarının əməkdaşlığı sadəcə islam ölkələri ilə məhdudlaşmamalıdır:
"Qonşu ölkələr bizim üçün çox əhəmiyyətlidir. Çünki Gürcüstan, Rusiya və Ukrayna mediasında zaman-zaman Azərbaycan əleyhinə qərəzli yazılar dərc olunur. Düşünürük ki, region ölkələrinə məxsus media qurumları güclərini birləşdirərsə, əlaqələri sıxlaşdırarsa, qərəzli qüvvələrə qarşı ümumi mübarizə apararsa nəticə daha yaxşı olar. Mətbuat Şurası bunu nəzərə alaraq təklif hazırladı. Hesab edirik ki, qonşu ölkələrə məxsus KİV-lər arasında mütəmadi toplantıların keçirilməsi, memorandumun imzalanması effekt verər. Onu da vurğulamaq istərdim ki, təklifimiz birbaşa hansısa KİV-ə, ölkəyə və ya xalqa qarşı deyil. Məqsədimiz qonşu xalqlar arasında informasiya mübadiləsi aparmaq və mədəni əlaqələri daha da inkişaf etdirməkdir. Bu əlaqələri media müstəvisinə daşımaq müsbət nəticələr verəcək. Çox güman ki, Mətbuat Şurası tərəfindən verilmiş təklif yaxın gələcəkdə reallaşacaq. Bunun ancaq faydası olar. Nəzərə alaq ki, media qurumları arasında əməkdaşlığın formalaşması, təcrübə mübadiləsinin aparılması, ölkələr barəsində qarşılıqlı məqalələrin, yazıların dərc edilməsi qonşu ölkələrin hərtərəfli əlaqələrini daha da sıxlaşdıracaq”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də xatırladıb ki, Mətbuat Şurası bir sıra xarici media təşkilatları ilə qarşılıqlı əməkdaşlıq və səfərlər barəsində müqavilələr imzalayıb:
"Bir müddət əvvəl İrana və digər ölkələrə bu cür səfərlər edildi. Məncə, belə səfərlərin əhəmiyyəti çox böyükdür. Xüsusən, jurnalist həmkarlarla birbaşa əlaqələrin qurulması önəmlidir. Ona görə ki, bir çox məsələlərdə, xüsusən informasiyanın alınıb-verilməsində və ötürülməsində şəxsi münasibətlər əsas rol oynayır. Nəzərə almaq lazımdır ki, qonşu İranda, Rusiyada, o cümlədən Türkiyədə baş verən proseslər bizim üçün əhəmiyyətlidir. Qonşu ölkələrdə cərəyan edən proseslər dolayı yox, birbaşa Azərbaycanın siyasətinə də təsir göstərir. Bu baxımdan mühüm məsələləri ölkə mediası da diqqətdə saxlamalıdır. Ən əsas yol isə jurnalist təşkilatlarla, nüfuzlu KİV-lərlə sıx əlaqələrin qurulmasıdır. Həmçinin, qarşılıqlı səfərlərin həyata keçirilməsi, informasiya mübadiləsinin aparılması olduqca vacibdir. Bütün bunlar medianın ümumi inkişafına ciddi təkan verər”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də vurğulayıb ki, qonşu ölkələrin media qurumları ilə əlaqələrin genişləndirilməsi ümumi işimizə xeyir gətirər:
"Bu istiqamətdə görülən işlər müxtəlif səviyyədə aparıla bilər. Birinci məsələ əlaqələrin dövlət səviyyəsində, müvafiq dövlət qurumları tərəfindən qurulması və əməkdaşlığın inkişaf etdirilməsidir. İkinci məsələ isə jurnalist təşkilatlarının xətti ilə qonşu ölkələrin media qurumları arasında münasibətlərin formalaşmasıdır. Yəni əlaqələr hansısa dövlət qurumu və ya Mətbuat Şurası vasitəsi ilə qurula bilər. Həmçinin, QHT kimi çalışan strukturlar da bu işə öz töhfəsini verə bilərlər. Digər tərəfdən ayrı-ayrı mətbuat orqanları da öz təşəbbüsləri ilə xarici dövlətlərin kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edə bilərlər. Xüsusən, Rusiya, Gürcüstan və İranın media qurumları ilə əlaqələrin qurulması bəzi hallarda zərurətə çevrilir. Bununla bağlı müəyyən addımlar atılıb. Məsələn, dövlət agentliyimiz olan "Azərtac” bir çox ölkələrin nüfuzlu xəbər agentlikləri ilə sıx əməkdaşlıq edir, sazişlər imzalayır. Digər bir neçə sayt və qəzetlər də bu istiqamətdə iş görürlər. Təbii ki, indiyə qədər bu sahədə görülən işləri qənaətbəxş hesab etmək olmaz. Hörmətli millət vəkili Əflatun Amaşovun qeyd etdiyi kimi işləri daha çoxaltmaq lazımdır”.
Ekspert bildirib ki, Türkiyə ilə əlaqələrimiz çox yaxşıdır. Amma bu əlaqələr media sahəsində də əməkdaşlığın yüksək olduğuna dəlalət etmir:
"Zaman-zaman qardaş ölkə mətbuatında yanlış informasiyaların şahidi oluruq. Bəzən hansısa qərəzli yazarın mövqeyi ümumilikdə Türkiyənin mövqeyi kimi xarakterizə olunur. Belə halların qarşısını almaq üçün Türkiyənin media qurumlarının təmsilçiləri ilə ikitərəfli əməkdaşlıq müstəvisində geniş iş aparılmalıdır. Gürcüstan KİV-ləri ilə əlaqələrin genişləndirilməsinə də ehtiyac böyükdür. Heç kimə sirr deyil ki, Gürcüstanın düşdüyü çətin vəziyyətdən çıxmasına yardım edən yeganə ölkə Azərbaycandır. Biz qonşu ölkənin ayaqda qalmasında bir nömrəli dayağıq. Amma buna baxmayaraq gürcü mediasında Azərbaycanla bağlı qeyri-obyektiv məlumatlar dərc olunur, qərəzli xəbərlərə rast gəlinir. Bu da haqlı olaraq ölkə ictimaiyyətində narazılıq doğurur. Əgər bunun səbəblərindən biri qərəzli münasibətdirsə, digəri məlumatsızlıq və bizim onlara xəbər çatdıra bilməməyimizdir. Rusiya ilə Azərbaycan eyni şineldən çıxmış ölkələrdir. Bu ölkə ilə tarix boyu yaxın münasibətləriz olub. Ölkəmizdə rusdilli mətbuat hər zaman populyarlığını qoruyub. Ona görə də media qurumları arasında əlaqələrimiz yüksək olub. Həmçinin, Rusiyanın tanınmış media qurumlarında xeyli azərbaycanlı çalışır. Bu imkanlardan maksimum istifadə edərək əlaqələri daha da inkişaf etdirmək lazımdır”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb