Aydın Quliyev: “İŞİD-lə bağlı informasiyalar çox rahat Azərbaycanın media mühitinə ötürülür”
İnformasiya təhlükəsizliyi peşəkarlığın əsas şərtlərindəndir
Yadigar Məmmədli: “Dövlətimizə, milli məsələlərimizə ziyan gətirən məlumatları yaymaq olmaz”
Aydın Quliyev: “İŞİD-lə bağlı informasiyalar çox rahat Azərbaycanın media mühitinə ötürülür”
Aydın Quliyev: “İŞİD-lə bağlı informasiyalar çox rahat Azərbaycanın media mühitinə ötürülür”
KİV-in əsas vəzifəsi cəmiyyətə obyektiv, qərəzsiz informasiyanı çatdırmaqla yanaşı, vətəndaşları hər cür təxribat və dezinformasiya ilə bağlı xəbərdar etmək, ictimai şüuru möhkəmləndirmək, milli mənafelərə xidmət etməkdir. Yaşadığımız dövr informasiya cəmiyyətinin bərqərar olduğu, xəbərlərin insan həyatının, eləcə də, dərinləşməkdə və genişlənməkdə olan qloballaşma prosesinin aparıcı qüvvəsi kimi çıxış etdiyi informasiya erası adlandırılır. Məhz informasiyanın insan həyatındakı rolunun artması ilə əlaqədar elmi ədəbiyyata "informasiya təhlükəsizliyi”, "informasiya müharibəsi” kimi anlayışlar daxil olub. İnformasiya təhlükəsizliyi anlayışı kibertəhlükəsizlik və dövlətin informasiya resurslarının, insanların şəxsi məlumatlarının qorunmasından cəmiyyətin ideoloji, mənəvi-psixoloji baxımdan təhlükəli, təxribat xarakterli məlumatlardan müdafiəsinədək geniş mənalara malikdir. İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişaf etdiyi və gündəlik həyatın ayrılmaz bir parçasına çevrildiyi bir vaxtda bu problem daha böyük aktuallıq kəsb etməkdədir.
Cəmiyyətin informasiyaya olan tələbatı indiki qədər aktual olmayıb. Elə bir dövrdə yaşayırıq ki, informasiya siyasəti hər bir dövlətin diqqət yetirdiyi əsas problemə çevrilib. İnformasiyalar çoxaldıqca problemlər yaranır və cəmiyyətə hansı informasiyanı vermək məsələsi gündəmə gəlir. İnsanlar hər şeylə maraqlanırlar. "Assoşieyteol Press” agentliyinin keçmiş rəhbəri Kent Kuperin dilə gətirdiyi "cəmiyyətin informasiya almaq hüququ var” ifadəsi jurnalistlərin yaddaşına möhkəm həkk olunub. Heç də təsadüfi deyil ki, mediaya dair qəbul olunmuş qərarlarda bu ifadə özünə möhkəm yer edib. Əlbəttə, jurnalistlər cəmiyyətin tamhüquqlu nümayəndəsi kimi informasiya toplayıb dərc etməyə borcludur. Lakin nəzərə almaq lazımdır ki, KİV-lərin informasiya siyasəti olduğu kimi, hər bir dövlətin də informasiya siyasəti var.
İngilis tədqiqatçısı Entoni Smitin belə bir fikrini yada salmaq yerinə düşər: "İnformasiya əsri bərqərar olduqca dövlət sərhədlərinin silinmə prosesi başlanacaq. Bir vaxtlar mətbuat ölkə hüdudlarında və hökumətlərin icazə verdiyi çərçivədə fəaliyyət göstərirdi. Bu gün isə belə demək olar: insan məkanı fəth edib, bütün dünya sanki onun ovcundadır”. Müstəqilliyə nail olduqdan, xüsusilə də 1993-cü ildən sonra vahid informasiya siyasətinin formalaşması və təhlükəsizliyinin təminatı, informasiya mühitinin yaradılması sahəsində xeyli iş görülüb. Amma buna baxmayaraq, sözügedən sahədə problemlər qalmaqdadır. Azərbaycan çox mürəkkəb, siyasi proseslərə həssas bir regionda yerləşir. Ölkəmizi bir sıra siyasi qruplaşmalara, təxribatlara cəlb etmək üçün cəhdlər edilir. Şübhəsiz ki, müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycan dövləti maksimum dərəcədə beynəlxalq intriqalardan uzaq durmağa çalışıb, özünəməxsus siyasət yürüdüb. Onsuz da Ermənistanın Azərbaycana qarşı təcavüzü bizim üçün əlavə problemə ehtiyac olmadığını aydın izah edir. Lakin Yaxın Şərqdə cərəyan edən son hadisələr, Rusiya-Ukrayna münaqişəsi göstərdi ki, qütblərarası mübarizədə bütün tərəflər Azərbaycanı yanında görmək istəyir. Bu isə bizim üçün həm siyasi dividend, həm də əlavə problem deməkdir. Ona görə də ölkə daxilində yayılan zərərli xəbərlərin, xarici dairələrdən Azərbaycanın informasiya mühitinə sızdırılan qərəzli məlumatların tirajlanmamasına xüsusi önəm vermək lazımdır. Üç-dörd gün əvvəl ölkə mediasında İŞİD-in Azərbaycana hücum edəcəyi ilə bağlı informasiyalar tirajlanmağa başladı. Əksər ekspertlər isə vurğuladılar ki, terror qruplaşmaları ilə bağlı bəzi xəbərlər xarici dairələr tərəfindən bilərəkdən yayılır. Azərbaycan mətbuatı isə fərqində olmadan və ya bilərəkdən bu cür dezinformasiyaların yayılmasına yardımçı olurlar. Problemlə bağlı danışan informasiya texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu bildirib ki, informasiya təhlükəsizliyi dedikdə zərərli məlumatlardan qorunmaq əsas götürülür. Onun sözlərinə görə, informasiyanın qorunması çox mühüm məsələdir: "Virtual informasiya mühiti mövcud olduğu müddət ərzində informasiya müharibəsi hər zaman aktual olacaq. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələsini ön plana çıxarır. Yeganə yol mühafizəni gücləndirmək, hər gün baş verən yenilikləri öyrənməkdir. Əsasən milli dəyərə sahib olan informasiyaların təhlükəsizliyinə diqqət yetirmək lazımdır. Azərbaycan dünya informasiya məkanında bu cür müdaxilələrdən sığortalanmayıb”.
Məsələ ilə bağlı "Şərq”ə danışan Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli deyib ki, informasiya təhlükəsizliyi sadəcə medianı əhatə etmir. Bu, ölkə əhəmiyyətli, böyük masştablı məsələdir: "Ölkəmizdə sırf bununla məşğul olan müvafiq qurumlar var. Dövlətimiz ictimai təhlükəsizliyinin qorunması və müəyyən təhdidlərlə bağlı önləmlər alır. Amma elə məsələlər var ki, onlar birbaşa mətbuata aiddir. Təəssüflər olsun ki, yerli mediamızda bəzən panika yaratmaq üçün müxtəlif informasiyalar yayılır. Əslində əsas məsələ onların qarşısını almaq deyil. İnformasiya əsrində bu heç mümkün də deyil. Bəzən informasiya çox adi formada bizə daxil olur və jurnalistlərimiz məsuliyyət hiss etmədən, ağına-bozuna baxmadan naməlum mənbələrdən aldıqları informasiyaları ictimaiyyətdə yayırlar. Hesab edirəm ki, jurnalistlər peşəkar və savadlı olsalar bu cür nöqsanlara yol verməzlər. Çünki bizim balaca səhv kimi baxdığımız bu şeylərin çox ciddi fəsadları var”. Ekspertin sözlərinə görə, dövlətimizə, milli məsələlərimizə ziyan gətirən məlumatları yaymaq olmaz: "Bu, birmənalıdır. Məsələn, İŞİD-lə bağlı xəbərlərin çoxunun mənbəyi bəlli deyil. Belə məlumatları araşdırmadan, götür-qoy etmədən yaymaq yelverilməzdir. Bu, qeyri-peşəkarlıqdır və fikrimcə, həmin jurnalistlərin vətəndaş mövqeyinin olmamasıdır. Hesab edirəm ki, bu istiqamətdə güclü maarifləndirmə işi aparmaq lazımdır. Yalnız təsdiqini tapan və milli maraqlarımıza zidd olmayan, cəmiyyətdə qorxu yaratmayan informasiyalara üstünlük verilməlidir”.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də "Şərq”ə deyib ki, mediada informasiya təhlükəsizliyinin qorunması bütün dövlətlər üçün ən mühüm məsələdir: "Bu problemin uğurla həll olunması təkcə ölkənin müvafiq dövlət orqanlarının işi deyil. Eyni zamanda mətbuatın, QHT-lərin və ayrı-ayrı vətəndaşların da borcudur ki, ölkədə yayılan informasiyanın təhlükəsizliyinə diqqət yetirsinlər. İnformasiya məkanının təhlükəsizliyinin qorunmasında iki amil nəzərdə tutulur. Birincisi, ölkədə dövlət orqanlarının informasiya sistemi düzgün qurulmalıdır. Yəni Azərbaycanın bütün nazirlikləri, dövlət təşkilatları, siyasi partiyaları, biznes strukturları, hüquqi və fiziki şəxsləri ilə cəmiyyət və media arasında mütəmadi olaraq informasiya təminatını həyata keçirən ayrıca struktur olmalıdır. Belə bir qurumun formalaşması qanunda da nəzərdə tutulub. Saydığım strukturların hər birinin həmin orqanın fəaliyyətini əks etdirən xüsusi mətbuat orqanları fəaliyyət göstərməli və mediaya açıq olmalıdırlar. Ölkədə informasiya təhlükəsizliyini təmin etmək üçün vurğuladığım məqam çox önəmlidir. Digər mühüm məsələ isə ölkənin informasiya mühitinə yad məkanlardan məqsədli və ziyanlı şəkildə informasiyaların sızdırılmasının qarşısının alınmasıdır. Məsələn, İŞİD-lə bağlı informasiyalar çox rahat Azərbaycanın media mühitinə ötürülür. Qeyd edim ki, indiki qloballaşma şəraitində informasiyaların istənilən bir məkana sızmasını tam şəkildə əngəlləmək mümkün deyil. Çünki saysız-hesabsız yayılma texnologiyaları mövcuddur. Əslində məsələni informasiyaların əngəllənməsi şəklində qoymaq da düzgün deyil. Sadəcə olaraq məqsədyönlü şəkildə xaricdən ölkəmizə sızdırılan informasiyaların qarşısının alınması üçün müəyyən mexanizmlər tətbiq edilməlidir”.
Baş redaktor bildirib ki, ziyanlı informasiyaların təsirinin azaldılması sahəsində ölkənin dövlət orqanları ilə bərabər mətbuatın və jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür: "Hazırda Azərbaycan mediası əvvəlki dövrlərlə müqayisədə daha peşəkar və dövlətçilik mövqeyindədir. Biz peşə prinsipləri ilə dövlətçilik arasında sərhədləri çox aydın müəyyən edə bilirik. Baxmayaraq ki, bir neçə il əvvəl fərqli vəziyyət mövcud idi. O zaman konkret situasiyalarda mediamız, xüsusən də internet mətbuatın yeni pionerləri sınaqdan yaxşı çıxa bilmirdilər. Dövlət maraqları ilə peşəkarlıq arasında sərhəddi müəyyən edə bilmirdilər. Amma bu gün ölkənin peşəkar mediası və jurnalistləri var. Düşünürəm ki, xarici mərkəzlərdən Azərbaycanın informasiya məkanına yeridilən məlumatları neytrallaşdırmaq üçün mediamızın kifayət qədər bacarığı və gücü var. Ümid edirik ki, bu istiqamətdə inkişafa nail olacağıq”.
Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət də deyib ki, müxtəlif dairələr məqsədyönlü şəkildə qərəzli informasiyaları yayırlar: "Onların hədəfində sadəcə Azərbaycan yox, digər ölkələr də var. Belə informasiyaların yayılması üçün həmin dairələr həvəsləndirici, təşviqedici addımlar atırlar. Təbii ki, bəzi KİV-lər və sosial şəbəkələr bu cür xəbərləri düşünmədən, fərqində olmadan yayırlar. Çox vaxt xəbərin sensasiyalı olması, diqqət çəkməsi media qurumlarını özünə cəlb edir. Təəssüflər olsun ki, belə məlumatları qərəzli şəkildə, yəni bilərəkdən yayan, tirajlayan media qurumları da mövcuddur. Şübhəsiz ki, onların arxasında böyük maliyyə dayaqları və konkret qüvvələr var. İŞİD, PKK və bənzəri terror təşkilatları haqqında informasiyaların yayılmasını təşviq edən beynəlxalq güclər mövcuddur. Həmin güclər belə informasiyaların yayılması qarşılığında jurnalistlərə, sosial şəbəkə fəallarına pul ödəyirlər. Digər bir kəsim isə təsadüfi olaraq bu cür təhlükəli işlərlə məşğul olur. Məncə, həmin dairəni maarifləndirmə yolu ilə prosesdən çəkindirmək mümkündür. Bu işi məqsədli şəkildə həyata keçirənləri isə maarifləndirmə yolu ilə deyil, sərt şəkildə cəzalandırmaqla bu işdən yayındırmaq lazımdır”. Ekspertə görə, bəzən ciddi hesab edilən media qurumları da bu cür oyunlara alət olurlar: "Son illər aparılan profilaktik tədbirlər, ümumi maarifləndirmə işləri ciddi media qurumlarının bu cür səhvlərə yol verməsinin qarşısını alıb. Amma mövcud problem hələ də qalmaqda və öz aktuallığını qorumaqdadır. Bütün bunların aradan qaldırılması üçün dövlətin üzərinə mühüm məsuliyyət düşür. Ancaq dövlətimiz ölkə mediasına hansısa senzura tətbiq etmək fikrindən uzaqdır. Ona görə də bu işdə məsuliyyət daha çox jurnalistlərin və bu işlə mütəmadi məşğul olanların üzərinə düşür, daha doğrusu, onların vicdanına qalır”.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb