Bəlkə həmin adam da uşaq vaxtı təcavüzə məruz qalıb, alçaldılıb
Bakıda uşaqlara qarşı təhqiramiz hərəkətlər edən manyakın peyda olması ilə bağlı məlumatlar yayılıb. Bir neçə ana 8-ci Polis Bölməsinə müraciət edərək uşaqlarına qarşı alçaldıcı hərəkət etdiyini bildiriblər. Orxan adlı şəxs (ad şərtidir) 13 yaşlı oğlanın 20 manat pulunu alıb. Daha sonra isə yeniyetmənin üzərinə təbii ehtiyacını yerinə yetirdikdən sonra pulu qaytarıb. 35 yaşlı həmin adam digər şikayətçinin sözlərinə görə, bir müddət sonra onun da 11 yaşlı oğluna qarşı alçaldıcı hərəkətlər edib.
Belə ki, Orxan adlı şəxs uşağı bıçaqla hədələyərək 80 manatını alıb və daha sonra onun üzərinə təbii ehtiyacını ödəyib. Artıq uşaqlara qarşı alçaldıcı hərəkətlər edən şəxsin kimliyi müəyyən edilib. Məsələ ilə bağlı araşdırmalar aparılır.
Məsələyə münasibət bildirən psixoloq Elnur Rüstəmov əvvəla, ondan başlayıb ki, bu cür xəbərlərin mediada verilməsində diqqətli olmaq lazımdır: "Manyaklar yüz il bundan qabaq da olub. Bizim kifayət qədər həssas valideynlərimiz var. Belə xəbərləri oxuduqdan sonra onlarda təşviş, həyəcan daha da arta bilər ki, bu da ailədaxili münaqişələrə, valideyn-övlad münasibətlərinə mənfi təsir göstərə bilər. Bu xəbəri oxuyan valideynlər uşaqlarını evdən çıxmağa qoymayacaqlar, onları daim nəzarət altında saxlayacaqlar, bu isə uşaqlar üçün xoş hal deyil. Bu məsələdə mənə maraqlı gələn azyaşlı uşaqlarda o qədər pulun hardan olmasıdır. İkinci məsələ isə odur ki, uşaqlar necə olur ki, tanımadığı adamlarla o cür kontakta girirlər. Çox yaxşı olar ki, jurnalist dostlarımız bu cür xəbərləri tirajlamaq əvəzinə, valideynlərə uşaqla davranmaq, onlarla ünsiyyət qurmaq, evdən tək çıxan uşağa veriləcək tövsiyələr istiqamətində valideynləri maarifləndirsinlər. Küçədə manyak ola bilər deyə, uşaqları bağlı qapılar arxasında saxlamaq doğru yanaşma deyil. Valideynlər mümkün qədər bu qorxularından azad olmalıdırlar”.
Konkret olaraq, həmin adamın uşaqlara qarşı bu cür təhqiramiz addımlar atma səbəblərinə gəldikdə isə psixoloq deyib ki, uşaqlıqda ailədə və ictimai həyatda psixoloji travma alan insanlar manyak kimi formalaşırlar: "Həmin şəxs həbs olunandan sonra məlum olar ki, həmin insanı bu cür olmağa nə vadar edib. Bəlkə, həmin şəxs uşaq vaxtdan bu cür təhqirlərə, təcavüzlərə məruz qalıb. Bütün bunlar istintaqın gedişində aydınlaşacaq. İnsan birdən-birə manyak olmur ki? Hər hansısa travmatik olaydan sonra onlarda şəxsiyyətin transformasiyası baş verir. Bu tip travmalara ailədaxili konfliktlər, atanın spirtli içki, narkotik aludəçisi olması, ananın pis yola düşməsi və s. kimi amillər o ailədə böyüyən uşağın gələcəkdə manyak kimi formalaşmasına gətirib çıxara bilər. Bundan əlavə uğursuz sevgi yaşayan insanlarda da bu kimi hallar özünü göstərir”.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə belə manyakların hər yerdə olduğunu deyib: "Xüsusən də, Rusiyada daha çoxdur. Yəqin ki, həmin adam xəstədir. Hesab edirəm ki, həmin adam həbs olunduqdan sonra bu məsələ ciddi olaraq araşdırılmalı və istintaqın nəticələri ictimaiyyətə açıqlanmalıdır. İndiki halda uşaqları nəzarətdə saxlamaq elə də mümkün deyil. Şəhərdə əmin- amanlığın təmini dövlətin borcudur. İctimai təhlükəsizlik qüvvələri bu sahədə son dərəcə diqqətli olmalı və bu cür cinayətkarlığın kökünü kəsməlidir. Uşaqlar məktəbə gedir, idmana gedir. Bəzən valideynlərin onların arxasınca gedib-gəlməyə vaxtı tapılmır. Hər uşağın bir cangüdəni olmalı deyil axı? Hesab edirəm ki, şəhərdə uşaqların təhlükəsizliyini şübhə altına salan insanlar məsuliyyətə cəlb olunmalı və digər manyaklara da görk olsun deyə ən ağır maddə ilə cəzalandırılmalıdır”.
Şəymən