Zorla mənzilə daxil olan şəxslə qadınların arasında mütləq bir problem olub, ya şantaj, ya da fərqli bir məsələ
Bakıda 3 qadını intihara təhrik edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 3-də saat 5 radələrində DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Polis Taborunun 2 əməkdaşı - polis serjantları Rasim Şahgəldiyev və Rövşən Mirələkbərov xidmətdə olduqları vaxt Nəsimi rayonu Nizami küçəsindəki mənzillərdən birinin eyvanında (2-ci mərtəbə) olan 3 nəfər qadından birinin özünü atdığını görüblər.
Dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşları digər qadınların özlərini atmalarının qarşısını alıb və həmin mənzilə qalxaraq qapını dəmir boru ilə açmağa cəhd göstərən Şabran rayon sakini Yaşar Əsədovu saxlayaraq 22-ci Polis Bölməsinə təhvil veriblər.
Araşdırma zamanı özünü atan qadının həmin mənzildə kirayədə yaşayan Qəbələ rayon sakini Könül Əmiraslanova olması müəyyən edilib. Xəstəxanaya yerləşdirilən K.Əmiraslanovanın vəziyyəti ağırıdır.
Məsələ ilə bağlı "Şərq”ə danışan sosioloq-jurnalist Lalə Mehralının sözlərinə görə, qadınların intihara etməsinə birmənalı olaraq həmin şəxsin kilidi qırmağa çalışması ola bilməz:
" Hansı dövr, hansı zamandır? Telefonla polisə xəbər vermək 3 qadından birinin ağlına gəlməyib? Çox absurd fikirdir. Zorla mənzilə daxil olan şəxslə qadınların arasında mütləq bir problem olub, ya şantaj, ya da fərqli bir məsələ. İstintaq vaxtı üzə çıxacaq. Hələ sovet vaxtı tikilən mənzillərə qoyulan qapılarda belə ən azı 2 kilid sistemi vardı, yeni tikililərin qapılarındakı kilid sistemi isə ən azı 3 olur, içəri zorla daxil olmaq istəyən adam bu 3 kilidi sındırmaq üçün ya peşəkar quldur, ya da texniki təchizatı yüksək olan biri olmalıdır.
Mənim yaşadığım mənzilin qapısı ev tikilib təhvil veriləndə - 40-50 il əvvəl qoyulan qapıdır və 3 kilid sistemi var, əsas kilid - açarla, ikinci kilid-siyirmə dəmirlə, 3-cü kilid dəmir zəncirbəndlə. Evə girmək istəyən adamda evimin açarı olsa belə, nə dəmir siyirməni, nə də dəmir zəncirbəndi sındıra bilməz, çünki qapı içəridən bağlanıb. Əgər çöldən bağlayıb işə getmiş olsam, yalnız açar sistemini bağlamış olaram ki, bir çox peşəkar oğruda universal açarlar olur, asanlıqla girə bilər. İçəridən bağladığım təqdirdə açardan başqa olan iki kilidi sındırmaq üçün ona kəsici alətlər lazımdır, amma bayır tərəfdən içəriyə daxil ola bilmədiyinə görə bu kilidləri də kəsə bilməz”.
L.Mehralı bütün bunları qeyd etməklə qadınların içəri girmək istəyəndən qorxub özünü atmaq məsələsinin ona inandırıcı gəlmədiyini deyib:
"Qorxu anında adam özünü öldürmək fikrinə düşmür, xilas olmağı düşünür. Üstəlik, polislər özünü atan qadını görübsə, deməli, evdən də polislərin xidməti avtomobili görünür, onları köməyə çağırmaq olardı. Lap onlar da olmasa, 102-yə edilən müraciətdən ən geci 2 dəqiqə içində ünvana polis göndərilir. Üstəlik, binanın lap yaxınında polis olub, onların xüsusi naviqasiya sistemi var, mərkəz görür ki, hansı polis maşını şikayət daxil olan əraziyə yaxındır, şikayəti onlara yönləndirir və dərhal hadisə yerinə polis gəlir. Ümid edirəm ki, istintaq zamanı əsl səbəb üzə çıxacaq”.
Şəymən