İnsanlar virtual məkanda daha çox vaxt keçirirlər

Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır
Ekspertlərin internetin ailədaxili münaqişələrə mənfi təsiri ilə bağlı fikirləri haçalandı


Elçin Bayramlı: "Son vaxtlar bunun əyani nəticələri tam çılpaqlığı ilə görünür. Hər 3 ailədən biri boşanır"

Vəfa Rəşidova: "Ailəsinə dəyər verən bir insan heç vaxt sosial şəbəkələrdəki münasibətlərə görə ailəsinə xəyanət etmir, onlara qarşı laqeyd olmur"

Son vaxtlar ölkədə virtual ünsiyyətin, daha dəqiqi, sosial şəbəkələrin şəxsi münasibətlərə, ailədaxili münasibətlərə təsiri diskussiya mövzularından birinə çevrilib və bu da təsadüfi deyil. Çünki sosial şəbəkələrdən istifadə cəmiyyətdə xüsusilə ailədaxili münaqişələrin artmasında mühüm rol oynayır.
Virtual məkanın insanları bir-birindən uzaqlaşdırdığını deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ailə münasibətlərinin bərpasını mühüm amil hesab edir.
Onun sözlərinə görə, ailədaxili münasibətlərin pozulması zamanı erkən müdaxilə etmək və problemin vaxtında həll olunması üçün "Ailə Psixoloqu” İnstitutunun yaradılması da qarşıda dayanan məsələlərdəndir.

Komitə sədri deyib ki, ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür: "Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin görünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır.

Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu, böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır”.
Düzdür, ayrı-ayrı şəhərlərdə, ölkələrdə yaşayan yaxınlarımız, tanışlarımızla əlaqə yaratmaq, hal-əhval tutmaq üçün sosial şəbəkələr əvəzsizdir. Lakin sosial şəbəkələr, internetdən istifadə qanımıza elə hopub ki, yaxın ərazidə yaşayan insanlar bir-birinə baş çəkmək, görüşməkdənsə, virtual ünsiyyətə üstünlük veririk.

Artıq vəziyyət o həddə çatıb ki, bir evin içində ailə üzvləri bir-biri ilə vatsapla əlaqə qurur. Salonda oturan ər mətbəxdəki arvadından vatsap vasitəsilə çay istəyir. Qardaş bacısından vatsapda yazaraq yemək istəyir.

Qeyd edək ki, virtual aləmə daha çox aludəçiliyə əksər Avropa ölkələrində bir xəstəlik kimi baxılaraq, ona qarşı müalicə metodları seçilib və internet xəstəliklərinin müalicəsi üzrə xüsusi şöbələr fəaliyyət göstərir. İnsanın artıq real həyatdan qopması hiss olunanda bu vəziyyəti xəstəlik kimi qeyd edib müalicəsinə başlayırlar.

Sosioloq Elçin Bayramlının fikrincə, Azərbaycan xalqının mənəvi dəyərlərinə, əxlaq sisteminə, ailə institutuna sosial şəbəkələr, özəl televiziya və radiolar çox böyük zərbə vurur: 

"Son vaxtlar bunun əyani nəticələri tam çılpaqlığı ilə görünür. Hər 3 ailədən biri boşanır. Gənc nəslin çıxartmadığı hoqqa qalmayıb, əxlaqsızlıq halları artıb. Seriallar və şou verilişlərin burda rolu az qala 90 faizdir. Mənim fikrim odur ki, bu prosesin qarşısını nə dövlət ala bilir, nə cəmiyyət. Hər kəs öz ailəsini qorumalıdır. Evdəki televizordan kommersiya kanallarını silmək, internetə girişi məhdudlaşdırmaq, uşaqların internetdən yalnız valideynin nəzarəti altında bilik əldə etmək üçün istifadəsini təmin etmək. Uşaqların multfilm, bədii film və kitab seçiminə ciddi nəzarət etmək. Daha çox köhnələrə üstünlük vermək. Başqa yolu qalmayıb”.

Psixoloq Vəfa Rəşidova virtual ünsiyyətin ailə münasibətlərinə zərbə vurması kimi fikirlərlə razılaşmadığını deyib. Onun sözlərinə görə, əsl ailə və sevgi münasibətləri qarşısında sosial şəbəkələrin gücü heç nədir:

 "Günahkar insanlar hər zaman özünə müdafiə axtarır. Bizim cəmiyyət də özünü müdafiə etmək üşün internet bəhanəsindən istifadə edir. Siz heç işi- gücü, mütaliəsi yerində olan bir insanın sosial şəbəkələrə görə ailə münasibətlərini korlaması faktı ilə rastlaşmısınız? Ailəsinə dəyər verən bir insan heç vaxt sosial şəbəkələrdəki münasibətlərə görə ailəsinə xəyanət etmir, onlara qarşı laqeyd olmur. Ailə-məişət problemlərini yaradan, evlilikləri bitirən insanların sosial şəbəkələrdən asılılığı deyil. Virtual aləm münasibətlərində problem olan ailələrdəki çatışmazlıqları üzə çıxardır. Mənim fikrimcə, sosial şəbəkələr ailədaxili problemlərdən qaçış məkanıdır. 

Tənha, sevgidən kənar qalan insanlar bu boşluğu məhz virtual tanışlıqlar vasitəsilə doldurur. İnsanların stresə davamiyyəti və həyata baxış tərzi tamamilə fərqlidir. Adam var ki, stresə davamiyyəti zəifdir və həyata baxışı dar çərçivədədir. Feysbuk, instaqramda tanış olduğu insanlar onlara ailə üzvlərindən daha dogma gəlir. Çünki feysbukda tanış olduğu adam onu problemlərlə yükləmir, əksinə, onu hər şeydən uzaqlaşdırır. Xoşbəxt, bir-birinə sevgi ilə yanaşan ailələr üçün sosial şəbəkələr, virtual aləm heç bir problem yaratmır. Onlar üçün vatsap, feysbuk vaxt keçirmək üçün bir vasitədir.

 Bütün bunları praktikamdakı müşahidələrimə əsasən deyirəm. Əsassız olduğu halda insanlara virtual ünsiyyətin ailə münasibətlərinə zərbə olduğunu aşılamaq doğru deyil. Övladını sevən valideyn, həyat yoldaşını sevən qadın, kişi heç vaxt bir evin içində virtual ünsiyyət yaratmır. Nə də ki onların söhbətini əhəmiyyətsiz sayıb, başqaları ilə yazışmaz. 

Əgər bir masa arxasında oturan insanlar söhbət etməyə mövzu tapmırsa, burada sosial şəbəkələrin nə günahı var? Bir ailədə ki, hüzur, diqqət və qayğı yoxdursa, sosial şəbəkələr olmasa belə, onlar arasında mehribanlıq olmayacaq. Ailənin təməli möhkəm olanda virtual tanışlar onlar üçün cılız düşüncədir”.

Şəymən