İnternet media özüylə xeyli problemlər gətirib

“Kimi İP uğrunda yarışa çıxıb, kimi sensasiya axtarışındadır, kimi də elə sosial şəbəkələrdəki hazır statuslarla gündəmi yola verir”



(Əvvəli ötən sayda)

Azərbaycan internetlə 1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-97-ci illərdən sonra ilk internet media resursları yaranıb. Hazırda ölkədə yüzlərlə xəbər saytları, portallar, agentliklər fəaliyyət göstərir. Amma onlardan təxminən yarısının fəaliyyətini internet media üçün qəbul olunan parametrlərə uyğun hesab etmək olar. Müasir Azərbaycan mətbuatının yeni, sürətlə inkişaf edən bir qolu sayılan internet medianın özünəməxsus problemləri var.

Vurğuladığımız kimi Azərbaycanda elektron media özünün ciddi təşəkkül mərhələsindədir. Ona görə də keçilmiş mərhələlərlə yanaşı, həll olunmamış xeyli problemlər qalmaqdadır. Ekspertlərə görə, ən ciddi çatışmazlıq internet media ilə bağlı qanunvericilik bazasının tamamlanmamasıdır. Hazırda internet mediasının fəaliyyətinin kommersiya, yaradıcılıq təşkilatı, yoxsa KİV olduğu tam təsbit edilməyib. Onların fikrincə, bu məsələ həllini tapsa, internet mediası sahəsindəki pərakəndəlik və hüquqi boşluqlardan sui-istifadə halları da azalar. 

Digər problemlər isə internet mediası üçün uyğun kadrların hazırlığının ardıcıl şəkildə aparılmaması, internetlə təminat, tariflər, reklam təminatı və s.-dir. Araşdırmaçılara görə, digər ciddi problem saytların yarış bəhsəbəsinə qoşulmasıdır. Bu yarış 100 metrə qaçmaq təcrübəsi olan, bundan artığına gücü, nəfəsi çatmayan idmançının marafon yarışına qatılmasına bənzəyir. 

Aydındır ki, idmançı yarıyolda qalacaq, mənzil başına çatmayacaq. Azərbaycanın internet mediasına aid olan resursların çoxu da bu durumdadır. Başları yarışa qarışıb, lakin intellektual səviyyə unudulub, peşə etikası arxa plana keçib. Əksər saytlar hansısa xəbəri digərindən daha tez yaymağa çalışırlar. Ekspertlərin fikrincə, Azərbaycanda internetin texniki, iqtisadi şərtləri, infrastrukturu ilə bağlı da ciddi problemlər mövcuddur. Eyni zamanda bu sahədə mühüm problemlərdən biri də müəlliflik hüquqlarının qorunmamasıdır. Mətbuat etikasının gözlənilməsi internet mediada başqadır. Burada xəbəri asanlıqla oğurlamaq, xəbərin mənbəyinin dəyişilməsi, danmaq yolu xəbəri mənimsəmək olur. 

Bütövlükdə internet media yazılı KİV-dən fərqli olaraq, daha dəqiq və sürətli olmalıdır. 

Xatırladaq ki, Azərbaycanda internet medianın tənzimlənməsi ilə bağlı qanunvericilikdə ciddi problemin olmadığını düşünənlər də var. Onlar hesab edirlər ki, sözügedən sahənin məzmun baxımından tənzimlənməsi üçün hər hansı qanunvericilik təşəbbüsünə ehtiyac yoxdur. Sadəcə olaraq, mövcud olan qanunları müəyyən qədər inkişaf etdirmək lazımdır. Çünki ölkədə internet mediasının məzmun baxımından tənzimlənməsi ilə bağlı qanunvericilik bazasını yetərli hesab etmək olar. "KİV haqqında” qanunda medianın digər subyektlərinə aid edilən tənzimləmə internet mediasına da aiddir. 

Məsələn, hansısa özəl məlumatı yaymaq və ya kimisə təhqir etmək qəzet üçün hansı hüquqi məsuliyyətdirsə, internet saytı üçün də həmin məsuliyyəti yaradır. Hər şeyə rəğmən son illərdə Azərbaycanda internet medianın xeyli inkişaf etdiyini inkar etmək olmaz. Ötən müddət ərzində yüzlərlə xəbər saytları yaradılıb. Əldə edilən müəyyən nailiyyətlərlə yanaşı, çatışmazlıqların olması da danılmazdır. Tez-tez gündəmə gətirilən tənqidlərdən də görünür ki, nələrsə yolunda getmir.

Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən APA TV-nin xəbər müdiri Cavid İsmayıl deyib ki, Azərbaycanda internet medianın durumu barədə birmənalı fikir bildirmək mümkün deyil: 

"Yəni vəziyyətin nə tam yaxşı, nə də tam pis olduğunu iddia etmək olar. Amma 10 milyonluq ölkədə bu qədər xəbər və "xəbər” saytlarının olması normal göstərici deyil. İnternet medianın inkişafı çap medianı xeyli zəiflətdi. Bu zərbədən "reket” qəzetlərə də pay düşdü. Amma onlar dərhal şəraitə uyğunlaşaraq sayt variantına keçdilər və beləliklə, ölkədə "reket” saytlar yarandı. Amma pessimist də deyiləm. Bir zamanlar ölkədə siyasi partiyaların da sayı çox idi, zamanla ələnib getdilər. Yəqin ki, bu saytların da taleyi eyni olacaq. Xəbər saytlarının fəaliyyətinə gəlincə, jurnalistikanın dəyişməz prinsiplərini gözləsinlər, bəs edər - dəqiqlik, qərəzsizlik, etibarlılıq, vicdanlılıq”.


"Həftə içi” qəzetinin müxbiri Naibə Qurbanova bildirib ki, insanların böyük əksəriyyəti artıq informasiyanı internet və sosial mediadan əldə edirlər: 

"Amma təəssüflə qeyd etməliyik ki, Azərbaycanın internet mediası barədə tam əminliklə yüksək fikir söyləyə bilmirik. Çünki hazırda internet mediasının fəaliyyətinin kommersiya, yaradıcılıq təşkilatı, yoxsa kütləvi informasiya vasitəsi olduğu bilinmir. Hazırda bu sahə yerinə oturdulmayan "puzzle” parçasını xatırladır. Kimi İP uğrunda yarışa çıxıb, kimi sensasiya axtarışındadır, kimi də elə sosial şəbəkələrdəki hazır statuslarla gündəmi yola verir. Amma internet media bu olmamalıdır. Azərbaycanda internet media ilə sosial şəbəkə az qala eyni funksiyanı daşıyır. Yəni, internet media sosial şəbəkə səviyyəsində fəaliyyətdədir. İntellektual səviyyə, peşə etikası, dil qanunauyğunluğu deyilən vacib məqamlar ikinci dərəcəli olub. Hamı hansısa xəbəri digərindən daha tez sayta yerləşdirməyə çalışır, sonra ya növbəylə təkzib verir, ya əks arqument tapırlar, ya da yalan xəbəri tirajlamaqda davam edirlər. Ən pisi isə qeyri-ciddi saytların sayının gündən-günə çoxalması və reket jurnalistlərin internet mediaya asanlıqla ayaq açmasıdır. Nə qədər ki, bu sahəyə nəzarət olunmur, ciddi jurnalistika ilə məşğul olanlar izləmə və geri çəkilmə mövqeyindədir, bu cür də davam edəcək. Yeni dalğa daha təhlükəli görünür”.

"Azxeber.com” saytının baş redaktoru Əfsələddin Ağalarov bildirib ki, qəzetçilik ənənələri aşılanandan sonra internet media ortaya çıxmağa və zamanla püxtələşməyə başlayıb. Onun sözlərinə görə, internet medianın yeni dünya brendlərini özündə daşıması məhz bu sahəyə olan marağı birə-beş artırıb: 

"Zaman keçdikcə bir sıra qəzetlər fəaliyyətini dayandırdı. Həmin mətbu orqanlar artıq internet qəzetlər kimi fəaliyyət göstərirlər. Ancaq xəbər saytlarının sayının artmasına baxmayaraq, keyfiyyət demək olar ki, günü-gündən azalır. Bunun da müxtəlif səbəbləri var. Birinci səbəb peşəkarlığın olmamasıdır. Hazırda internet media sahəsində fəaliyyət göstərən saytların böyük əksəriyyəti oxucu rəğbətini qazana bilmir. Demək olar ki, onların heç biri brendə, markaya çevrilmir. Bu gün Azərbaycanda normal işləyən sadəcə10-15 xəbər saytlarının adını çəkmək mümkündür. Halbuki ölkədə 2000-dən artıq saytın olduğu deyilir. Problem ondadır ki, saytlar oxucu ilə görüşə bilmirlər. Onların heç birinin özünəməxsus oxucu kontingenti yoxdur. Məsələn, Rusiya saytlarına nəzər salsaq, çox maraqlı mənzərə ilə üzləşəcəyik. Rus saytlarında rəqabət aşağı-yuxarı demək olar ki, eynidir. Yəni bir xəbər saytı bu gün birinci yerdədirsə, heç vaxt ikinci günü onuncu sıraya düşmür. Amma Azərbaycandakı göstəricilər fərqlidir. Xəbər saytlarının reytinqinə baxsaq, görərik ki, dünən 200-cü sırada olan hansısa xəbər saytı birinci və yaxud ikinci sıraya yerləşib. Bir-iki gündən sonra isə yenidən 200-cü sıraya düşüb. Bunun əsas səbəblərindən biri həmin xəbər saytlarının oxucu auditoriyasının olmamasıdır. Bu da internet marketinqinin zəif olmasından və peşəkarlığın azalmasından irəli gəlir”. 

Baş redaktorun fikrincə, Azərbaycan oxucusu üçün təəssüflər olsun ki, xəbəri hansı saytdan oxuması maraqlı deyil: 

"Oxucular üçün yalnız informasiya önəmlidir. Çünki əksər insan xəbərləri "facebook” vasitəsi ilə əldə edir. Ona görə də, xəbərin linkinə, hansı saytdan paylaşıldığına o qədər də məhəl qoymur. Ancaq qonşu ölkələrə, dünya praktikasına nəzər yetirsək, görərik ki, özünü təsdiqləmiş hər bir informasiya saytının özünəməxsus oxucu kütləsi var. Həmin oxucular öz saytlarından başqa heç bir portaldan xəbər oxumurlar. Düşünürəm ki, bu tendensiya yaxın gələcəkdə dəyişəcək və Azərbaycandakı sözügedən 10-15 saytın sayı bir az artacaq. Ancaq sayları 2-3 minə yaxın olan, biri-birindən fərqlənməyən "xəbər” saytları zamanla sıradan çıxacaq. Çünki hazırda ciddi şəkildə intellektual oxucu auditoriyasının formalaşması prosesi gedir. Bir müddət sonra oxucular üçün önəm daşıyan əsas məsələlərdən biri də xəbəri hansı informasiya saytından oxuması olacaq. Belə davam edərsə, 3-4 il bundan qabaq müşahidə olunan arzuolunmaz tendensiya yox olacaq”.

Ə.Ağalarov deyib ki, ölkədə əksər xəbər saytları və onların texnologiyaları biri-birinə bənzəyir: 

"Elə sayt var ki, tamamilə başqa bir saytın "kopi-past”dir. Dizaynları belə eynidir. Nəticədə oxucularda çaşqınlıq yaranır. Bizim "azxeber.com” saytının adından istifadə edərək ona bənzər bir neçə sayt yaradıblar. Yəni bizim saytın adının önünə və ya arxasına müxtəlif hərflər əlavə edərək "xəbər portalı” düzəldiblər. Problemlər çoxdur, buraya qanunvericilikdə olan boşluqlar, nəzarət mexanizminin olmaması, bu sahəyə olan laqeyd münasibət və s. çatışmazlıqlar aiddir. Son illərdə müzakirə olunan əsas məsələlərdən biri internet media ilə bağlı qanunvericiliyin yaradılmasıdır. Bu qanundan sonra elektron media qurumları kütləvi informasiya vasitəsi qeydiyyata alınacaq. Məncə, buna çox ciddi ehtiyac var. "Kopi-past” saytları isə yavaş-yavaş sıradan çıxacaq. Onlar öz dövrlərini başa vurublar. Ümumiyyətlə, yaxın zamanlarda mühüm dəyişikliklərin şahidi olcağıq. Xəbər standartları və saytların rəqabət funksiyası zamanın tələblərinə uyğun dəyişəcək. O baxımdan bir qədər gözləmək lazımdır”.

(davamı var)
İsmayıl Qocayev

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb