Ona görə valideynlər peyvəndlə bağlı qərarsız olurlar
Dünyada suçiçəyi xəstəliyinə qarşı peyvənd tətbiq olunsa da, Azərbaycanda ona qarşı vaksin tətbiq olunmadığından suçiçəyinə yoluxma halları hələ də qeydə alınır.
"Trend”in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, suçiçəyi xəstəliyi daha çox soyuq aylarda, xüsusilə noyabr və dekabr aylarında qeydə alınır. Lakin əvvəlki illərlə müqayisədə ötən ilin noyabr, dekabr aylarında ölkədə yoluxma halları azalıb.
Mərkəz direktorunun müavini əlavə edib ki, Azərbaycanda vaksinlə idarə olunan xəstəliklərə yoluxma halları qeydə alınmır: "Azərbaycanda qızılcaya yoluxma halları yoxdur. Ukraynada isə peyvəndləmə səviyyəsi aşağı olduğundan, insanlar ondan imtina etdiklərindən qızılca xəstəliyi alovlanıb. Azərbaycanda peyvənddən kənarda qalan uşaqlar var. Buna görə də belə uşaqlar xaricə gedərkən onlar xəstəliyə yoluxa bilərlər. Bu səbəbdən valideynlər çox diqqətli olmalı, uşaqlarını peyvənd etdirməlidirlər”.
Uşaq infeksion xəstəliklərinin profilaktikasında ən önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Amma valideynləri daim narahat edən mövzulardan biri peyvəndlərin vurulması və sonradan fəsadlarının olub-olmamasıdır. Bəzi valideynlər uşaqda yaranan müəyyən narahatlıqları və xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul edirlər. Buna görə də əksər hallarda peyvənddən imtina edirlər.
Peyvəndlərdən tamamilə imtina edilməsini düzgün qiymətləndirməyən həkim-pediatr Vaqif Qarayev "Şərq”ə açıqlamasında hər bir ölkənin xüsusi peyvənd təqvimi olduğunu bildirib:
"Vərəm, Hepatit B, göy öskürək, tetanus, qızılca, məxmərək kimi xəstəliklər bütün ölkələrdə, həmçinin Azərbaycanda var. Bu xəstəliklər ölümcül infeksiyalar olduğu üçün onlara qarşı mütləq peyvənd olunmalıdır”.
Pediatr peyvəndlə bağlı valideynlərin qərarsız olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, buna səbəb olan amillərdən biri də internetdə olan yanlış məlumatlardır: "Ümumiyyətlə, internetin pis və yaxşı tərəfləri var. Bəziləri yazır ki, peyvəndin tərkibində civə var, ziyanlıdır və uşaqlarda autizm yaradır. Bütün bunlar təsdiq edilməmiş məlumatlardır. Avropa ölkələrində autizmdən əziyyət çəkən kifayət qədər uşaq var. Əgər peyvənd autizm yaradırsa, niyə valideynlər uşaqlarını peyvənd etdirir?
Sovet vaxtı yoluxucu xəstəliklərin profilaktikası kimi yoxlamalar həyata keçirilirdi və məcburi olsa da, uşaqlara peyvənd vurulurdu. Lakin indi bu məcburi deyil. Valideyn iltizam yazaraq imtina etdiyini bildirir. Təbii ki, bu, valideynlərin şəxsi işidir. Amma belə valideynlərə demək istəyirəm ki, "imtina etsəz belə, heç olmasa, peyvənddən vaz keçmək istəməyən valideynlərin uşaqlarını xəstəliklərə yoluxdurmayın”.
V.Qarayev suçiçəyi xəstəliyinin ciddi fəsadları olmadığını deyib:
"Suçiçəyi ölümlə nəticələnən ağırlaşmalar yaratmır. Amma bu xəstəlik başqa ölkələrdə varsa, bizdə də olmalıdır. Suçiçəyinə qarşı peyvənd o qədər də vacib deyil. Lakin bayaq dediyim xəstəliklərdə peyvəndlərin olunması mütləqdir.
Hazırda Ukraynada ölümlə nəticələnən qızılca epidemiyası gedir. Buna səbəblər var: Donbasda müharibə vəziyyəti olduğu üçün vaksin tətbiq olunmur, valideynlər peyvənddən imtina edirlər və hökumətin maddi vəziyyəti imkan vermir ki, vaxtında vaksin alsın. Ona görə də Ukraynada uşaq kontingentini nəzarətsiz qalıb və nəticədə qızılcanın epidemiyası gedir. Keçən il Rumıniyada qızılcadan 20-yə yaxın uşaq ölmüşdü. Ümumdünya Səhiyyə Təşkilatı Rumıniyaya yardım etməkdən imtina etmişdi. Səbəb isə bu idi ki, niyə hökumət yerli əhalisini peyvəndin vacibliyinə inandırmayıb? Ölkəmizdə də hansısa karantin infensiyası olsa, mütləq Ümumdünya Səhiyyə Təşkilatının məlumatı olmalıdır. Nəticədə təşkilat xəstəliyin yayılmaması üçün köməklik göstərməlidir. 1993-1994-cü illərdə, yəni müharibənin qızğın vaxtlarında tüğyan edirdi. Azərbaycanda difteriyadan kifayət qədər xəstələnmə halları vardı,ölüm halları da qeyd olunurdu. Onda bütün əhali iki dəfə vaksinasiya olundu. Müharibə ilə bağlı Qarabağ zonasının uşaqları peyvənd edilməmişdi deyə xəstələnmişdilər. Dünyada qəbul olunan qayda var -hansısa xəstəlik epidemiya halını alanda tur vaksinasiya aparılır, yəni 0-dan 14 yaşa qədər bütün uşaqlar peyvənd olunur”.
Yeganə Bayramova