Amma faizlər hələ də yüksək olaraq qalır
Mənzilsiz gənc ailələrə şad xəbər var. Yaxın zamanlarda ipoteka kreditinin həcminin ciddi şəkildə artırılması nəzərdə tutulur. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, ipoteka kreditinin həcminin hazırkı səviyyədən bir neçə dəfə çox artırılması barədə Maliyyə naziri Samir Şərifovla müzakirələr aparılıb və ümumi qərar verilib.
Mütəxəssislərin qənaətincə, ipoteka kreditlərinin həcminin artırılması ilə bərabər, dəyişiklik də nəzərdə tutulur. Belə ki, fonddan ipoteka krediti alan banklar vətəndaşlar üçün evlər tikir (və yaxud ala), həmin mənzilləri kirayə olaraq evsizlərə verir. Gənclər həmin mənzillərdə kirayə haqqı ödəməklə, razılaşdırılmış müddətdən sonra evin sahibinə çevrilirlər. Hazırda müzakirə olunan bu təcrübə dünyanın bir çox ölkələrində özünü doğruldub. Bu kreditin üstünlüyü odur ki, ilkin ödəniş yoxdur və əməkhaqqının yüksək olması da tələb edilmir. Azərbaycanda milli mentalitetin ev anlayışına xüsusi həssaslıqla yanaşdığını bildirən mütəxəssislər bu formanın özünü doğruldacağına və evsizlik probleminin həllinə ciddi töhfə verəcəyinə əminlik ifadə edirlər.
Məsələni şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında qeyd edib ki, ipotekaya ayrılacaq məbləğin artırılması müsbət haldır. Amma faizlər hələ də yüksək olaraq qalır: "Bu da bir çox gənc ailələrin mənzil arzusunu gözündə qoyur. Bu səbəbdən hesab edirəm ki, məbləğin artımı ilə yanaşı, faizlərin azaldılması məqsədilə də işlər görülməlidir. Belə olan halda gənc ailələrin mənzil təminatı yaxşılaşa bilər”.
Ekspert diqqətə çatdırıb ki, gənc ailələrin mənzil təminatını yaxşılaşdırmaq üçün sosial evlər layihəsindən faydalanmaq olar: "Baxın, bu praktika qardaş Türkiyədə də həyata keçirilir. Dövlətin nəzarətində olan müəyyən şirkətlər mövcuddur. Onlar müxtəlif şəhərlərdə sosial evlər layihəsinə start veriblər. Az kvadratlı, amma əsaslı təmir olunmuş evlər təklif edirlər. Həmin mənzillər həddən artıq aşağı faizlərlə, bəzən də faizsiz 20 il müddətinə verilir. Bundan yararlanan gənc ailə Azərbaycan manatı ilə götürsək, 150-200 manat ödəniş etməklə 20 ildən sonra o evin sahibinə çevrilir. Türkiyə dövləti sosial evlər layihəsi çərçivəsində təqribən 250 min ailəni mənzillə təmin edib. Avropa ölkələrinin əksəriyyətində buna bənzər proqramlar mövcuddur. Bəzi ölkələrdə sosial evlərin ödənişinin bir hissəsi gənc ailənin üzərinə düşür, bir hissəsini isə dövlət ödəyir. Bu istiqamətdə çoxsaylı modellər mövcuddur. Azərbaycan hökuməti də bunların üzərində düşünməli və problemin köklü həllinə nail olmaq məqsədilə ciddi addımlar atmalıdır. Zənnimcə, ipotekanın həcminin artması ilə yanaşı, faizlərin endirilməsinə ehtiyac duyulur. Bu olmayacağı halda məsələni tənzimləmək müşkülə çevriləcək”.
N.Cəfərli bəyan edib ki, sosial evlər layihəsi ayrı-ayrı rayonlarımız üçün də ciddi əhəmiyyət daşıya bilər: "Rayon əhalisinin paytaxta axınının qarşısını alardı. Gəncə, Şəki və Lənkəran kimi daha böyük şəhərlərdə sosial mənzillər layihəsinə start verilsə, Bakıda sıxlıq aradan qalxar. Problemin çözülməsini istəyirlərsə, müstəqil yerli və əcnəbi ekspertlərdən ibarət komissiya təşkil olunmalı, təkliflər hazırlanmalı və hökumətə təqdim olunmalıdır. Hökumət təkliflər üzərində işləyib müvafiq qərarlar qəbul edə bilər”.
Ayyət Əhməd